Yüksəlişin Səbail nümunəsi

 

2012-ci il sosial-iqtisadi vəzifələrin icra edilməsi, nəzərdə tutulmuş plan və proqramların reallaşması, ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsi, dövlətin beynəlxalq nüfuzunun artması baxımından Azərbaycan üçün uğurlu oldu. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev dühasından qaynaqlanan, elmi əsaslara və liberal iqtisadiyyat prinsiplərinə söykənən, insan amilini əsas götürən çevik siyasəti sayəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu, mürəkkəb beynəlxalq iqtisadi mühitdə baş verən kataklizmlərə rəğmən yeni uğurlar əldə edildi.

Yanvarın 16-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin  ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının giriş və yekun nitqlərində respublikamızdakı iqtisadi və siyasi vəziyyət dərindən təhlil edildi, əldə edilmiş uğurlar qiymətləndirildi, qarşıda duran vəzifələr və onların həlli yolları dəqiq müəyyən olundu. Dövlət başçısının vurğuladığı kimi, ötən il qarşıya qoyulmuş bütün iqtisadi və sosial vəzifələr öz həllini tapıb, ölkəmizin uğurlu inkişafı davam edib.

2012-ci ilin yekunlarına nəzər saldıqda inamla deyə bilərik ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sürətli inkişaf, nəhəng quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, ölkəmizin iqtisadi qüdrəti, siyasi çəkisi və beynəlxalq nüfuzu günbəgün artır, hüquqi, demokratik proseslər daha da inkişaf edir.

Bu uğurların qazanılmasında Səbail rayonunun da payı var. Başqa sözlə, Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Səbail rayonunda da yüksələn templə davam edir, bu, inkişaf prosesinə öz layiqli töhfələrini verir. Səbail rayonunun inkişafından danışarkən qeyd etməliyik ki, bu tərəqqinin əsas müəllifi Prezident İlham Əliyevdir. Qazanılan hər bir nailiyyətə dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Səbail rayonunda mühüm obyektlərin tikintisinin təməli qoyularaq inşası uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri, yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, yeni inzibati binalar istifadəyə verilmiş, tarixi memarlıq abidələri, dini-mənəvi dəyərləri yaşadan obyektlərin bərpası ilə bağlı önəmli işlər görülüb.  Görülmüş bütün işlər Səbail rayon sakinlərində dövlətə inamı, Prezidentə etimadı daha da möhkəmləndirib, ümummilli lider Heydər Əliyevin siyasi kursunun alternativsizliyini bir daha təsdiq edib.

 

Hər sahədə inkişaf var

 

 Bu gün rayonda hansı ünvana baş çəksən, dinamik inkişafın şahidi olarsan. Səbail rayonunun sosial-iqtisadi həyatında son illər müşahidə olunan sürətli inkişaf 2012-ci ildə də saxlanılıb, həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılıb. Statistik rəqəmlər də 2012-ci il Səbail rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş verdiyini təsdiq edir. Belə ki ötən ilin yekunlarına əsasən Səbail rayonunda:

- sənaye müəssisələri üzrə 23 milyard 949,1 milyon manatlıq məhsul istehsal edilib;

- nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 633,4 milyon manatlıq nəqliyyat xidmətləri göstərilib;  

- rabitə müəssisələri tərəfindən 913,5 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 13,4 faiz çox rabitə xidmətləri qeydə alınıb;

- bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşu 4,3039 milyon manat olmuşdur ki bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,4 faiz çoxdur;

- tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.229,3 milyon manat olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz  çoxdur;

- pərakəndə ticarət şəbəkəsindən əhaliyə ötən ilin eyni dövründən 74,2 faiz çox istehlak malları satılıb;

- pullu xidmətlərin həcmi 2011-ci ilin eyni dövrünə nisbətən 3,8 faiz artaraq 273,3 milyon manat təşkil edib;

- rayonda çalışan işçilərin sayı 100074 nəfər olmuş, orta aylıq əməkhaqqının məbləği isə 950,5 manata çatmışdır. Bu da əvvəlki illə müqayisədə 5,6 faiz çoxdur;

- hamısı daimi olmaqla 2697 yeni iş yeri açılıb. Ümumiyyətlə, 2003-cü ildən 2013-cü ilin yanvar ayının 1-dək 40070 yeni iş yeri yaradılıb.

 

Nəhəng quruculuq meydanı

 

 Səbail Bakının ən qədim rayonlarından biridir. Bu rayonu tarix və memarlıq abidələrinin əsl xəzinəsi də adlandırmaq olar. İçərişəhər UNESCO tərəfindən dünya mədəniyyət irsinin inciləri sırasına daxil edilmiş möhtəşəm tarixi abidədir. Qız qalası isə Bakının rəmzidir. Azərbyacan Respublikasının əsas dövlət orqanları bu rayonda yerləşir. Heydər Əliyev Fondu, Azadlıq meydanı,  Şəhidlər xiyabani, Fəxri xiyaban, habelə bir çox istirahət və gəzinti parkları, Fəvvarələr meydani, Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı da Səbail rayonundadır. Paytaxtın mərkəz hissəsi ilə yanaşı, Badamdar və Bibiheybət qəsəbələrindən, Bayıl və 20-ci sahə adlanan yaşayış massivlərindən ibarət olan Səbail rayonu son illərdə böyük inkişaf yolu keçib

Xüsusilə qeyd etməliyik ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illərdə ölkədə aparılıan geniş miqyaslı abadlıq-quruculuq işləri Səbail rayonunda da öz əksini tapıb. Ölkə başçısı rayonda aparılan işlərə xüsusi əhəmiyyət verib, mütəmadi olaraq aparılan işlərin gedişi ilə maraqlanıb, açılış mərasimlərində şəxsən iştirak edib. Məhz dövlət başçısının təşəbbüsü ilə Heydər Əliyev Fondu, "Üns" teatrı, Beynəlxalq Muğam Mərkəzi üçün inzibati binalar və bir çox yeni obyektlər inşa olunub, demək olar ki, bütün elm, təhsil, mədəniyyət mərkəzləri, istirahət yerləri əsaslı təmir olunaraq abadlaşdırılıb. Təkcə son illər ərzində şahmat məktəbi, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası, Milli Məclisin yeni korpusu, Hesablama Palatasının yeni binası, Bakı Biznes Mərkəzi, "Park Bulvar" ticarət və istirahət mərkəzi, "Dalğa Plaza" iş mərkəzi, yeraltı piyada keçidləri, Qərb Universitetinin biznes mərkəzinin yeni korpusu, "Hilton Baku", "Crown Hotel", "Park İNN" və "Ramada" mehmanxana kompleksləri, "Teleqüllə" kompleksi inşa olunub, İstiqlal abidəsi qoyulub. Rayon ərazisində həyata keçirilən əzəmətli və irimiqyaslı layihələrdən biri hər birimizin fəxr etdiyi möhtəşəm Dövlət Bayrağı Meydanıdır.

Ölkə rəhbərinin tapşırıqlarına əsasən Dövlət Filarmoniyası, Şirvanşahlar sarayı, Dövlət Kukla, Dövlət Gənc Tamaşaçılar, Rus Dram  teatrları, Muzey Mərkəzi,  Azərbaycan Tarixi, Dövlət İncəsənət, Azərbaycan Ədəbiyyatı muzeyləri, Yaşıl Teatr Konsert Kompleksi, MTN Mədəniyyət Mərkəzinin binası, metronun "İçərişəhər" stansiyasının binası, şəhər sakinləri və paytaxtımızın çoxsaylı qonaqlarının əsas gəzinti və istirahət yerləri, o cümlədən Dənizkənarı Milli Park, Yazıçılar Birliyi, Rəssamlar və Bəstəkarlar ittifaqlarının binaları, respublika Klinik Uroloji Xəstəxanası, "Respublika" mehmanxanası, 132-134 saylı Təhsil Kompleksi, Mərkəzi Poçtamtın binası, Şəhidlər xiyabanı, Fəxri xiyaban, Bəhram Gur abidəsi, Milli Kitabxana, Hökumət Evi və bir çox digər obyektlər tamamilə yenidən qurulub.

Milli-mənəvi dəyərlərimizə böyük hörmət və ehtiramla yanaşan Prezident İlham Əliyevin təşəbbüsü ilə Bibiheybət məscidi genişləndirilərək möhtəşəm ziyarətgaha çevrilib, İçəri şəhərdə "Cümə", "Gileyli" və "Həzrət Məhəmməd" məscidləri əsaslı təmir olunub. Hazırda dünya mədəniyyət incilərindən olan XII əsr memarlıq abidəsi olan Qız qalasında bərpa-konservasiya işləri aparılır.

2012-ci ildə isə Səbail rayonunda "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi "Baku Krystal Hall" Kompleksi, beşulduzlu "JW Mariott Abşeron", "Four Seasons" mehmanxanaları, Badamdar qəsəbəsində Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının binası, Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsi, "Hilton-Baku" hotelinin qarşısındakı park, Azneft döngəsində, Mikayıl Useynov küçəsində inşa olunmuş yeraltı piyada keçidi, SSRİ xalq artisti Bülbülün və  iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun abidələri, Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və yeni uşaq bağçasının binaları, əsaslı təmir-yenidənqurma işləri aparılmış Bakı Funikulyoru, Səadət sarayı, "Kiçik Venesiya şəhərciyi", 49 nömrəli "İntellekt" məktəb-liseyin binası və onun yeni tədris korpusu, Badamdar qəsəbəsində ümummilli lider Heydər Əliyevin əzəmətli büstünün qoyulduğu Heydər Əliyev parkı, "Bakıelektrikşəbəkə" ASC-nin  "İçərişəhər" yarımstansiyası istifadəyə verilib.

Bu obyektlərin açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı Səbail rayonuna olan diqqət və qayğının bir nümunəsidir.

Bunlardan başqa, keçən il   rayon ərazisində İncəsənət Muzeyi üçün keçid korpusu,  Bayraq Meydanına uzanan magistral yolda yeni yeraltı keçidlərin, Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon şöbəsinin yeni inzibati binasının və deponun, Ü.Hacıbəyli küçəsində 6 mərtəbəli, 200 maşın yerlik yeni parkinqin, 20-ci yaşayış sahəsində 3200 yerlik yeni "Bayıl" stadionu və inzibati binanın, "Bakıelektrikşəbəkə" ASC-nin "Yeni Bayıl" və "Bayraq Meydanı" yarımstansiyalarının inşası, mərkəzdə Səməd Vurğunun ev-muzeyinin əsaslı və Dövlət Filarmoniyasının binasının cari təmiri,   paytaxtın əsas magistrallarından olan Neftçilər prospektinin təmiri və yenidən asfaltlaşdırılması  başa çatdırılıb.

Hazırda rayon ərazisində  Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Parlament prospektində artıq paytaxtımızın simvollarından birinə çevrilən,  unikal "Alov qüllələri" kompleksinin, Badamdar qəsəbəsində Bakı-Oksford məktəbi üçün yeni tədris korpusunun Azadlıq meydanında 2 mərtəbəli, 2000 avtomobil yerlik yeraltı və Fəvvarələr meydanında 7 mərtəbəli, 500 avtomobil yerlik  yerüstü qarajların, Ə.Yaqubov küçəsində Müasir İstedadlar Məktəbinin, kütləvi informasiya vasitələri işçiləri üçün 16 mərtəbəli, 146  mənzilli yeni binanın tikintisi, Dövlət Musiqili komediya Teatrının  binasının əsaslı təmiri, "Şəhidlər xiyabanı" Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri və "İstiqlal" muzeyinin tikintisi aparılır, 20-ci sahədə "Bakıelektrikşəbəkə" ASC-nin 2 yeni yarımstansiyasında isə işlər başa çatmaq üzrədir.

 

"Eurovision" mahnı müsabiqəsi Səbail rayonu üçün uğurlu sınaq oldu

 

2012-ci ildə ölkəmizin mədəni həyatında, onun dünyada imicinin möhkəmlənməsi istiqamətində çox böyük və yaddaqalan bir hadisə baş verdi. Azərbaycanın paytaxtı Bakı şəhərində ilk dəfə sayca 57-ci olan "Eurovision"  mahnı müsabiqəsi keçirildi. İnsanları sülhə və həmrəyliyə çağıran "Öz məşəlini alovlandır!" devizi ilə Bakı şəhərində keçirilən müsabiqənin rəmzi odlu çiçək oldu. On beş gün ərzində Avropanın qəlbi Bakı ilə döyündü. Müsabiqə ilə bağlı Bakı şəhərinə gələn 42 ölkənin təmsilçiləri, çoxsaylı qonaqlar hərtərəfli diqqət və qayğı ilə əhatə olundular.

Müsabiqəyə hazırlıq məsələləri, bu istiqamətdə həyata keçirilən işlər ölkə başçısı İlham Əliyev və ölkəmizin birinci xanımı, müsabiqənin keçirilməsi üzrə təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanın nəzarəti altında aparılırdı.

Qeyd etdiyimiz kimi, müsabiqənin keçirildiyi "Baku Crystal Hall" kompleksi Səbail rayonu ərazisində inşa olunub. Dövlət Bayrağı Meydanı yaxınlığında həyata keçirilən bu möhtəşəm layihənin qısa müddətdə başa çatdırılması, o cümlədən mahnı müsabiqəsinin təşkili ilə bağlı digər məsələlərdə Səbail rayonu rəhbərliyinin də qarşısında mühüm vəzifələr qoyulmuşdu.  Həm "Baku Crystal Hall"ın qısa müddətdə inşası, həm də bütövlükdə mahnı müsabiqəsinin uğurlu təşkili göstərdi ki, bütün qurumlar, o cümlədən rayonun aidiyyəti orqanları öz vəzifələrini uğurla yerinə yetiriblər.

Müsabiqəyə  hazırlıqla bağlı genişmiqyaslı işlər əsasən Səbail rayonunda həyata keçirildi. 23 min tamaşaçı yerlik "Baku Crystal Hall"ın  ətrafında sürətlə abadlıq-quruculuq işləri aparıldı, yol ətrafları abadlaşdırıldı, yeni infrastruktur yaradıldı. Hazırda bu ərazidən keçən Bakı-Ələt avtomobil yolunun tikintisi davam etdirilərək yolun Bibiheybət məscidi istiqamətində uzanan hissəsinə birləşdirilməsi üzrədir.

Yolun genişlənməsi ilə bağlı ərazidə olan fərdi yaşayış evlərində yaşayan sakinlər,  yataqxana və digər binalarda məskunlaşmış  məcburi köçkün ailələri dövlət tərəfindən ayrılmış müvafiq kompensasiya  və ya hər cür şəraiti olan mənzillərlə təmin olunaraq köçürüldülər. Beynəlxalq mahnı müsabiqəsi ərəfəsində Bakı bulvarı genişləndirildi, şəhərimizin simvollarından olan Funikulyor əsaslı təmir-yenidənqurmadan sonra istifadəyə verildi, Bayraq Meydanına kimi yeni yol çəkildi. Rayon ərazisindəki Botanika bağının hasarları yenidən tikilib üzləndi, Badamdar şosesi boyunca yeni istinad divarı çəkildi. 

Rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun təsərrüfat və digər xidmətlərinin işçiləri müsabiqənin keçirilməsi dövründə xüsusi iş rejimində çalışdılar. Bölgü əsasında əməkdaşlar bütün gün ərzində ərazidə xidmət apardılar, yaranan hər bir problem operativ şəkildə aradan qaldırıldı. Müsabiqənin təşkilat komitəsinin fəaliyyəti, ölkə rəhbərliyi tərəfindən göstərilən böyük dəstək nəticəsində ilk dəfə olaraq Azərbaycanda keçirilən bu beynəlxalq mahnı müsabiqəsi müvəffəqiyyətlə başa çatdı, iştirakçı dövlətlərin nümayəndə heyətləri, çoxsaylı qonaqlar ölkəmizdən xoş təəssüratla ayrıldılar və  bu müsabiqə Azərbaycanın dünyadakı nüfuzunun daha da artmasında mühüm rol oynadı. Ümumiyyətlə isə, "Eurovision" mahnı müsabiqəsinin layiqli təşkili Səbail rayonu üçün də uğurlu sınaq oldu.

 

Dövlət proqramı qrafikə uyğun uğurla icra edilir

 

Məlumdur ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı məsələlərini Prezident İlham Əliyev daim diqqət mərkəzində saxlayır. Bunun bariz nümunəsidir ki, paytaxtda və onun qəsəbələrində aparılan abadlıq-quruculuq işlərinin sürətləndirilməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2011-ci ilin mart ayında  Bakı Şəhər İcra Hakimiyyətində keçirilən geniş toplantıdan sonra Prezidentin may ayının 5-də imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam hamı tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. Dövlət proqramında Səbail rayonuna geniş yer ayrılmış, 11 bənd üzrə 44 tədbirin həyata keçirilməsi planlaşdırılıb. Hesabat ili ərzində proqrama daxil edilmiş işlərin böyük hissəsi həyata keçirilib.

Dövlət proqramına əsasən 900 şagirdin təhsil aldığı 7 nömrəli pilot məktəbi üçün dörd mərtəbəli yeni tədris korpusu inşa olunub. 1937-ci ildə tikilmiş Bibiheybət qəsəbəsindəki 50 nömrəli orta məktəbin təmirinə 2012-ci ilin may ayında başlanılıb və əsaslı yenidənqurma işləri görülüb. Bayıldakı 203 nömrəli orta məktəb 2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələ nəticəsində müəyyən qədər ziyan çəkmişdi. Ötən ilin may ayından etibarən  məktəbin daxilində əsaslı təmir işlərinə başlayıb, bütün sinif otaqları, akt və idman zalı, yeməkxana, köməkçi otaqlar təmir olunub. Qeyd olunan tədris müəssisələri ilə yanaşı tam qəzalı vəziyyətdə olan Bayıl qəsəbəsindəki C.Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbinin binası 2011-ci ilin əvvəlində sökülüb və burada ikimərtəbəli binanın tikintisi başa çatıb. Ötən il Badamdar qəsəbəsindəki "Könül" körpələr evinin və 44 nömrəli uşaq bağçasının əsaslı təmiri də başa çatıb, həmçinin "Ahu" uşaq bağçası fəaliyyətə başlayıb.

Dövlət proqramının icrası ilə bağlı rayondakı 1 nömrəli şəhər poliklinikasında və 3 nömrəli Vərəm Əleyhinə Dispanserdə də əsaslı təmir işləri başa çatıb. Bibiheybət qəsəbəsindəki mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri davam edir, burada əlavə tikili inşa olunur.

Genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayon mərkəzində bir sıra yaşayış binaları üzlənib təmir olunur. Artıq bu istiqamətdə xeyli iş görülmüş, mərkəzi küçələrdə yerləşən bir çox tarixi və memarlıq binalarının fasadları, eyvanları, dam örtükləri təmir edilib. Bu işlərlə əlaqədar Hökumət evinin arxa hissəsində, F.Əmirov küçəsi 1 və 2 ünvanlarında yerləşən onaltımərtəbəli yaşayış binalarının da təmir olunaraq üzlənməsi və bura yeni, müasir görkəm verilməsi zərurəti yaranıb. RİH tərəfindən bununla bağlı hazırlanan layihə üzrə işlər davam etdirilir.

Həmçinin Səbail Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Prokurorluğunun binalarının da müasir şəkildə üzlənərək yenidən qurulması, RİH-nin iclas zalının genişləndirilməsi ilə bağlı layihə hazırlanmış və onlar da icra olunur.

Binaların üzlənməsi işləri Bayıl ərazisində də aparılır. 2012-ci ildə Bayıl dairəsindəki 16 mərtəbəli yaşayış binası yeni layihə əsasında üzlənmiş və burada müasir işıqlandırma sistemi qurulmuşdur. Hazırda Qurban Abbasov küçəsində yerləşən daha 3 binanın fasadının üzlənməsi, binalarda təmir-möhkəmləndirilmə işləri davam edir.

RİH tərəfindən rayonun qəsəbələrində  həyata keçirilən "Abad həyət" layihəsi əsasında Badamdar qəsəbəsi, Sahib İbrahimxəlilov  küçəsi 1 ünvanında, Neftçilər döngəsi 7 ünvanında "Abad həyətlər" sakinlərin  istifadəsinə verilib.

İl ərzində əsas kuçə və prospektlərlə yanaşı, qəsəbədaxili və məhəllədaxili küçə və yolların da təmiri aparılmış, ümumilikdə, isə 2012-ci ildə  rayonda aparılan irimiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində 275.500 kvadratmetr sahəyə yeni asfalt örtüyü salınıb. 2011-ci ildə bu rəqəm 153.500 kvadratmetr olmuşdu.

 2012-ci il iyun ayının 20-də Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdan sonra ölkə başçısı cənab İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı təsdiq olundu. Bu plana uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6, əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd dövlət proqramına salınıb. Belə ki təhsil sahəsi üzrə rayondakı 7, 163 nömrəli orta məktəblərin binalarının, 190 nömrəli orta məktəbin akt və idman zalının, 157 nömrəli uşaq bağçasının, "Turac" uşaq bağçasının binalarının əsaslı təmiri, 70 nömrəli uşaq bağçasının əsaslı təmiri və əlavə musiqi zalı və 3 otağın tikintisi, əhalinin təhlükəsizlik tədbirləri üzrə isə 2012-2013-cü illər ərzində Bibiheybət qəsəbəsində və Badamdar qəsəbəsində yanğından mühafizə bölməsinin tikintisi, həmçinin Badamdar qəsəbəsi 1-ci, 2-ci və 3-cü yaşayış massivlərində hər birinin həcmi 100 kubmetr olan yanğına qarşı 3 su hovuzunun tikintisi proqrama salındı. Artıq bu işlərin həyata keçirilməsinə başlanılıb və işlər qrafikə uyğun uğurla davam edir.

 

Rayonun mədəni-ictimai həyatı da mühüm nailiyyətlərlə əlamətdar oldu

 

 Sosial-iqtisadi uğurlarla yanaşı, 2012-ci il Səbail rayonunun mədəni-ictimai həyatında da mühüm hadisələrlə əlamətdar olub. 2011-2012-ci təhsil ilinin yekununa görə "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində 189 nömrəli orta məktəb, "İlin ən yaxşı müəllimi" müsabiqəsində isə rayonun orta məktəblərinin 11 müəllimi qalib olub. 5 oktyabr - Beynəlxalq Müəllim Günü ərəfəsində ölkə başçısının fərmanına əsasən Səbail rayonunun təhsil işçilərindən 5 nəfəri əməkdar müəllim fəxri adına layiq görülüb.

2011-2012-ci tədris ilində rayonun orta məktəblərini 1448 nəfər bitirib,   onlardan 915 nəfər tələbə adını qazanıb. 11  məzun qızıl medala layiq görülüb.  Məzunlardan 87 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub. 3 nəfər Prezident təqaüdünə layiq görülüb.

İl ərzində Səbail RİH tərəfindən mühüm tədbirlər təşkil edilib. Bunlardan ənənəvi "Gül bayramı"nı, Gənclər günü ilə əlaqədar valideyn himəyəsindən məhrum olmuş 2 gəncin Heydər Əliyev Fondu tərəfindən toy mərasimini,  alman tədqiqatçı-alimi Rolf Kunşun alman dilində yazdığı "Xocalı" kitabının təqdimatını, "İdman ili" ilə bağlı Əl Oyunları sarayında böyük idman tədbirini, Avropa Şurası tərəfindən "Uşaqlara qarşı zorakılıq" proqramı çərçivəsində "Biz zorakılığa yox deyirik!" mövzusunda tədbiri, "Zərifə Əliyeva - Ana, Qadın və Alim" mövzusunda inşa yazı müsabiqəsini, "Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər" mövzusunda seminar-treninqi, "Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı" mövzusunda konfransı, "Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist  yazıları müsabiqəsini, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbiri, rus şairi A.S.Puşkinin anadan olmasının 213-ci ildönümünün qeyd edilməsini, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bakı və  Bərdə şəhərlərindəki hərbi hissələrindəki görüş-tədbirləri, Quba şəhərində hərbi-vətənpərvərlik təmayüllü  "Şahinlər" yay istirahət düşərgəsinin yaradılmasını, rayonun hamilik etdiyi cəbhə bölgəsindəki "N" saylı hərbi hissənin və Badamdar qəsəbəsindəki "N" saylı hərbi hissənin şəxsi heyətləri ilə Novruz bayramı və Silahlı Qüvvələr günündəki  görüşləri, Azərbaycan Milli Mətbuatının 137 illik yubileyinə həsr olunmuş tədbiri qeyd etmək olar.

2012-ci ilin noyabr ayında Türkiyənin Qaziantəp şəhərində 35 ölkədən 250 nümayəndənin təmsil olunduğu Beynəlxalq "7-ci İpək yolu Bələdiyyə Sədrləri Forumu"nda Azərbaycan nümayəndə heyətinin tərkibində Səbail RİH-nin rəhbərliyi də iştirak edib və bu, rayonun beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində görülən işlər çərçivəsində növbəti addım olub.

Azərbaycanın ümumi inkişaf dinamikasına uyğun olaraq paytaxt Bakının siması büsbütün dəyişib. İncə zövqlə, müasirliklə tarixiliyin sintezi və həmahəngliliyi təmin edilməklə aparılan yenidənqurma və abadlıq işləri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Sürətlə inkişaf edən, gözəlləşən paytaxtımız Səbail rayounda daha yaxından hiss olunur. Çünki əsas mərkəzi rayon olduğundan həyata keçirilən işlərin böyük qismi Səbail rayonunu əhatə edir. Təbii ki, qarşıdakı dövrdə Bakı şəhəri daha da inkişaf edəcək, gözəlləşəcək. Sözsüz ki, bu inkişafdan böyük pay alacaq Səbail rayonu yenə bu yüksəlişə özünün dəyərli töhfələrini verəcək.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 1 fevral.- S.3.