Ermənistanın qeyri-konstruktiv
mövqeyi Dağlıq Qarabağ
münaqişəsinin
həlli istiqamətində sülh danışıqları
prosesinə ciddi xələl gətirir
Son
vaxtlar Ermənistan Respublikası Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində göstərilən
səylərə böyük zərbə vura biləcək
addımlar atmaqda davam edir. İyirmi ildir davam edən sülh
danışıqları prosesində böyük iradə
nümayiş etdirən Azərbaycan bu münaqişənin
sülh yolu ilə həll olunmasının tərəfdarı
kimi çıxış edir. Lakin Ermənistan tərəfinin
tutduğu qeyri-konstruktiv mövqe və apardığı təcavüzkar
siyasət sülh danışıqları prosesinə ciddi xələl
gətirir.
Bu
fikirlər "Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"
İctimai Birliyinin bəyanatında öz əksini
tapmışdır.
Bəyanatda deyilir: "Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən yaradılmış cinayətkar qurumdur. Məhz buna görə də beynəlxalq təşkilatlar və dünya dövlətləri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda müxtəlif vaxtlarda keçirdiyi qondarma seçkiləri heç vaxt tanımamışdır. Tanınmamış və faktiki mövcud olmayan bir "dövlət"də seçkilərin keçirilməsi və ya burada hər hansı bir fəaliyyətin görülməsi qeyri-mümkündür.
Dağlıq Qarabağda yaradılmış qondarma qurumun tanınmasının guya təbii proses olduğunu və artıq Ermənistan Respublikası tərəfindən tanındığını bəyan edən qondarma qurumun "rəsmiləri" unudurlar ki, bu, absurddur. Çünki Ermənistan Respublikasının parlamenti 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etmiş və bu qərar indi də qüvvədədir".
Bəyanatda bildirilir ki, Ermənistan mövcud status-kvonu imkan qədər uzatmaq və öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə müxtəlif vaxtlarda işğal etdiyi Azərbaycan ərazilərində bir sıra tədbirlər keçirməklə oradakı cinayətkar rejimin dünya birliyi tərəfindən tanınmasına cəhd göstərir. Lakin oradakı bir ovuc cinayətkar dəstənin Ermənistanın himayəsi altında hər hansı müvəqqəti fəaliyyəti heç vaxt Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına gətirib çıxara bilməz. Çünki dünya birliyi birmənalı şəkildə dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, zor tətbiq etməklə sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi qeyd olunmuş və erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbi irəli sürülmüşdür.
Bəyanatda qeyd edilir ki, bəzi xarici dairələr, təşkilatlar müxtəlif vaxtlarda Azərbaycan reallıqlarını təhrif edərək qeyri-obyektiv və qərəzli məlumatlar yayırlar. Subyektiv mülahizələri ilə "məşhurlaşan" qurumların, o cümlədən "Freedom House" təşkilatının mövqeyinə gəldikdə isə, bu, Azərbaycan haqqında qərəzli mövqedir. Əminliklə demək olar ki, bu hesabat müxtəlif beynəlxalq dairələrin, hətta Ermənistan tərəfindən idarə olunan, maliyyələşdirilən müxtəlif lobbi qruplarının fikirlərini əks etdirir. "Freedom House"un hesabatında ən çox ziddiyyət doğuran məqamlardan biri də Azərbaycanın "qeyri-azad", Ermənistanın isə "qismən azad" ölkə kimi göstərilməsidir. Görünür, bu gün insan hüquq və azadlıqlarının pozulması və məhz bu səbəbdən get-gedə daha çox insanın Ermənistanı tərk etməsi faktı hesabatı hazırlayanların nəzərindən qaçmışdır. Danışıqlar prosesinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəyi və birbaşa iştirakı ilə aparılması həm hüquqi, həm də mənəvi çərçivə normalarının zəruri daxili hissəsidir.
Bəyanatda
deyilir: "Qərəzli və obyektivlikdən çox uzaq
olan "Freedom House"u və subyektiv mövqe tutan digər
qurumları Azərbaycanın qaçqın və məcburi
köçkün vətəndaşlarının
düşdüyü duruma nəzər salmağa və
insanların yaşamaq hüquqlarını ciddi şəkildə
pozan, terrorçu bir rejim ilə idarə olunan, heç bir
beynəlxalq hüquq normasını tanımayan, ona hörmətlə
yanaşmayan bir ölkəni "qismən azad" göstərməsinə
real baxmağa dəvət edirik".
Azərbaycan.-2013.- 1 fevral.- S.4.