Antiazərbaycançı şəbəkənin növbəti məkri

 

Amerikada və Avropada keçirilən kütləvi aksiyalarda polis zorakılıqlarına və jurnalistlərin təqibinə göz yuman "Human Rights Watch", eləcə də "Sərhədsiz reportyorlar" ölkəmizi hədəf seçməklə qərəzli mövqelərini bir daha ortaya qoydular

 

 Azərbaycanın davamlı inkişafı, bütün sahələrdə uğurlar qazanması antiazərbaycançı şəbəkəni ciddi narahat edir. Seçki öncəsi antiazərbaycançı qüvvələr və onların ölkəmizdəki "beşinci kolon"u fəaliyyətlərini aqressivlik üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə cəhd edirlər. Bəzi "hüquq müdafiə təşkilatları", xüsusilə də  "Human Rights Watch", eləcə də "Sərhədsiz reportyorlar" Azərbaycanın imicinə zərbə vurmağa çalışaraq həqiqətdən tamamilə uzaq olan bəyanatlar səsləndirməkdədirlər.

Ölkədə həyata keçirilən kompleks tədbirlərə qara eynəklə baxan bu antimilli dairələr uğurlarımıza qısqanclıqla yanaşırlar. Azərbaycanın inkişafı, güclənməsi, bir dövlət olaraq beynəlxalq aləmdə nüfuzunun artması bu dairələrə öldürücü zərbədir. Yanvarın 23-də İsmayıllı şəhərində məişət zəminində baş verən kütləvi münaqişədən siyasi məqsədlər üçün istifadə etməyə çalışan bu destruktiv qüvvələr öz məkrli planlarını həyata keçirmək üçün bütün vasitələrə əl atırlar.

Fəaliyyətlərinin bütün dövrlərində antimilli, antiazərbaycançı mövqeyi ilə tanınan "Human Rights Watch", eləcə də "Sərhədsiz reportyorlar" bu dəfə də baş verən olaya özlərinə məxsus tərzdə münasibət bildiriblər. İsmayıllıda bəzi təxribatçı qüvvələrin qeyri-qanuni əməllər törətməsinə haqq qazandıran bu təşkilatlar dağıdıcılıq törədən şəxslərin istintaqa cəlb edilməsini "demokratiyaya" zidd hərəkət kimi qələmə veriblər. "Jurnalist" adı ilə təxribatçı qüvvələrə dəstək verən və  ictimai asayişin pozulmasında xüsusi "fəallıq" göstərmiş şəxslərin azadlığa buraxılmasını tələb kimi qoyan bu "hüquq təşkilatları"nın konkret məqsədlərinin nədən ibarət olduğu bir daha aydınlaşır. Onlar faktiki olaraq Azərbaycan dövlətçiliyinə qarşı mübarizə apardıqlarını sübuta yetirmiş olurlar.

Məlum olduğu kimi, İsmayıllıda dağıdıcı qüvvələrin hüquqazidd hərəkətləri zamanı əhalinin dincliyi, hüquq və azadlıqları, bütövlükdə ictimai qayda kobud şəkildə pozulmuşdur. Cəmiyyətə açıq hörmətsizlik ifadə edən belə aqressiv və qərəzli hərəkətlər dinc sakinlərin narahatlığına səbəb olmuşdur. İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlər nəticəsində ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınmışdır.

"Beşinci kolon" isə Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edir. Antiazərbaycan mövqeyi ilə tanınan "Human Rights Watch", eləcə də "Sərhədsiz reportyorlar" bəyanatlarında guya ölkəmizdə insan hüquqlarının pozulduğunu, vicdan azadlığına təhlükə olduğunu iddia etsələr də, nədənsə Amerikada və Avropa ölkələrinin böyük əksəriyyətində baş verənlər barədə səssiz qalırlar. "Demokratiya ixracatçısı" olan Avropa ölkələrində insan haqlarının ən kobud şəkildə pozulduğu dünyanın gözü qarşısında baş verir.

Belə ki, Azərbaycanda guya insan hüquqlarının pozulduğunu, vicdan azadlığına təhlükə olduğunu iddia edən Qərb dövlətlərinin özündə dini dözümsüzlük qabarıq formada özünü göstərir. Norveçdə 77 insanın qətli ilə nəticələnən terror aktı, Danimarkada, ABŞ-da Qurani-Kərimin yandırılması, Hollandiyada Vilders adlı rejissorun islam dini əleyhinə "Fitnə" adlı film çəkməsi, İsveçrədə minarələrin referendumla ləğv olunması, eləcə də hicab qadağaları, müsəlman mühacirlərin diskriminasiyaya məruz qalması, qaraçıların Avropa ölkələrindən qovulması qloballaşma prosesinin lokomotivi kimi çıxış edən Avropa dövlətlərinin özündə milli-etnik və dini tolerantlıqla bağlı ciddi problemlərin mövcudluğunu təsdiqləyir. Özünü Avropanın "demokratiya beşiyi" sayan Almaniya və Fransa kimi dövlətlərdə islamofobiyanın genişlənməsi xüsusilə narahatlıq doğurur.

Qloballaşma meyilləri gücləndikcə, xüsusən də bəzi Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət olunur. Bu meyillər daha dəhşətli faciələrə - terrora, qətllərə və digər amansız cinayətlərə yol açır. Faciə bundadır ki, dini-etnik və milli ayrı-seçkiliyə yol verərək islamı gözdən salmağa çalışan Avropa bu gün tolerantlığın yüksək səviyyədə olduğu Azərbaycanı qərəzli ittihamlara məruz qoyur. Hələ 2012-ci il mayın 24-də Avropa İttifaqı parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə bunun əyani təsdiqidir. Bu, həm də Avropa ölkələrinin "insan hüquqları", "demokratiya" kimi dəyərlərdən sui-istifadə etdiyini, açıq-aşkar ikili standartlara yol verdiklərini bir daha təsdiqləyir.

Bu gün Avropada özünü qabarıq göstərən dözümsüzlük meyillərinin əsas səbəblərindən biri də iqtisadi böhranın dərinləşməsidir. Məhz bu səbəbdən son illərdə müxtəlif Avropa ölkələrində hakimiyyətə qarşı sərt etiraz aksiyaları keçirilir. Məsələn, 2012-ci il mayın 1-də Almaniyada nümayişlər zamanı polislə vətəndaşlar arasında ciddi toqquşmalar yaşanmış, dinc insanlara qarşı zorakılıq tətbiq olunmuşdur. Berlində keçirilən 1 may nümayişinə 100 mindən artıq insan toplaşmışdır. Mərasim başlayandan bir neçə saat sonra isə alman polisinin xüsusi təyinatlıları nümayişçilərə zor tətbiq etmişlər. Nümayişçilərin qarşısını kəsmək üçün 7 mindən çox polis səfərbər olunmuşdur.

Avropa Birliyinin Əsas Hüquqlar üzrə Agentliyinin sorğusuna görə, son bir ildə Avropada yaşayan hər üç müsəlmandan biri diskriminasiyaya məruz qalıb. Polis, gömrük və sərhəd xidməti orqanlarında diskriminasiyanın daha sərt şəkildə həyata keçirilməsi, təhlükəsizlik qüvvələri tərəfindən şübhəli şəxslər müəyyən edilərkən insanların geyiminə görə saxlanılıb yoxlanılmasına üstünlük verilməsi, bu vəziyyətdən ən çox gənclərin əziyyət çəkməsi və s. sorğuda müəyyən edilmiş və bu da hesabatda öz əksini tapmışdır.

Avropada fəaliyyət göstərən QHT-lərin məlumatları və şikayətlər əsasında tərtib edilən həmin hesabatda xüsusilə vurğulanmışdır ki, Avropada populist sağçı qüvvələr üçün islam dini əsas müzakirə və təbliğat mövzusuna çevrilmişdir. Belə ki, Almaniya, Danimarka, Norveç və digər ölkələrdə siyasi qüvvələr hakimiyyətə gəlmək üçün müsəlmanlara "hücum" kampaniyasından istifadə ediblər. 11 sentyabr hadisələrindən sonra müsəlmanlar barədə ictimai rəydə terrorçu imici formalaşdırılıb. Almaniyada irqi zəmində törədilən qətllər və Norveçdə Anders Breyvikin törətdiyi qanlı olay sübut etdi ki, ifrat sağçılar heç bir ideologiyası olmayan  terrorçulardan daha təhlükəlidirlər.

Qərbin "demokratiya carçıları" Azərbaycandakı xırda çatışmazlıqları süni şəkildə şişirdir, təcavüzkar Ermənistanın torpaqlarımızı işğal altında saxlaması faktına isə göz yumurlar. Qərbin demokratiya "təəssübkeşləri" baş verənləri tez bir zamanda unutmağa və unutdurmağa çalışırlar. Azərbaycan torpaqlarının 20 faizdən çoxunun Ermənistan tərəfindən işğalını rəsmən etiraf edən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi isə Avropada nədənsə "yada düşmür". 

Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı "təzyiq rıçaqları" tapmağa çalışırlar. "İkili standartlar"ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkədə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamır və hələ də sadəlövhcəsinə ümid edirlər ki, hansısa süni problemlər uydurmaqla ölkə rəhbərliyinə "təsir imkanı" qazana bilərlər. Belə uğursuz cəhdlər isə ancaq bumeranq effekti verə bilər.

Avropada müəyyən dövlətlərin və təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri kifayət qədər üzdədir: son illərdə respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün ilk növbədə iqtisadiyyatın sürətli inkişafını təmin etmişdir. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkənin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.

Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə qarşı yönələn bəzi məlum qüvvələrin bütün təxribatçılıq hərəkətlərinin qarşısı alınır və bundan sonra da alınacaqdır. Erməni lobbisinin dəstəyi və maliyyə köməyi ilə Azərbaycanın imicinə zərbə vurmaq istiqamətində fəaliyyət göstərən bütün destruktiv dairələr tam fiaskoya düçar olacaqlar.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 1 fevral.- S.4.