Fransa senatorları Xocalı aeroportuna Ermənistanın uçuşlar təşkil etmək niyyətinə etiraz etmişlər

 

Biz - fransalı senatorlar Xocalı aeroportunun açılmasından çox narahatıq. Bu sözlər fransalı senatorların məxsusi olaraq AzərTAc-a ünvanladıqları məktubda qeyd edilmişdir.

Məktubda bildirilir ki, Ermənistan prezidenti Serj Sarkisyan Xocalı aeroportunun açılmasını məhz seçki kampaniyası çərçivəsində elan etməsi heç də təsadüfi deyildir.

Senatorlar yazırlar: "1992-ci il müharibəsinin iztirablarına məruz qalmış Xocalı şəhəri beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınır. Bu xəbər Azərbaycan xalqını ədavətə sövq etmək məqsədi daşıyır və həmçinin, beynəlxalq hüququn pozulması deməkdir. Belə xəbərlər ATƏT-in Minsk qrupunun fəaliyyətinə mane olur və sülh prosesini gecikdirir".

Məktubun sonunda qeyd edilir ki, biz - Fransa Senatının bir çox üzvləri, Azərbaycan və Ermənistan arasında onsuz da gərgin olan münasibətləri daha da  kəskinləşdirən  belə məlumatlara çox təəssüflənirik. Məktubu Fransa-Cənubi Qafqaz qrupunun sədr müavini, Orn senatoru Natali Qule, Yuxarı Rendən senator, keçmiş nazir Jan-Mari Bokel, Aşağı Rendən senator Andrey Rixard, Luar və Şerdən senator Janni Lorjua imzalamışlar.

 

 

Azərbaycan.-2013.- 1 fevral.- S.5.