Almaniyanın deputatı Katerina
REYÇ: «Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan
çıxarılmasının vaxtı çoxdan
çatmışdır»
Ermənistan
silahlı qüvvələrinin Dağlıq Qarabağdan
çıxarılmasının vaxtı çoxdan
çatmışdır. AzərTAc xəbər verir ki, bu
sözləri Almaniya Bundestaqının üzvü, Xristian
Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı
fraksiyasından deputatı, Ətraf Mühit, Təbiətin
Mühafizəsi və Nüvə Təhlükəsizliyi
Nazirliyində dövlət katibi Katerina Reyç Ermənistanın
Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan
Cəmiyyətinin sualına cavab verərək demişdir.
Deputat
bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası bunu qətnamələrində
dəfələrlə tələb etmişdir: "Almaniya və
Avropa İttifaqı (Aİ) bu məsələdə həmfikirdir.
Ötən il iyulun 19-da Dağlıq Qarabağda keçirilmiş
qondarma prezident seçkilərinə münasibət bildirən
Aİ-nin təhlükəsizlik məsələləri
üzrə ali nümayəndəsi Ketrin Eşton
açıq şəkildə bəyan etmişdir ki, bu
seçkiləri Aİ tanımır. Almaniyanın da
mövqeyi aydındır: Dağlıq Qarabağ Azərbaycan
Respublikasının ayrılmaz bir hissəsidir və
işğala son qoyulmalıdır. İşğala son
qoyulması ilə regiondakı qaçqın və məcburi
köçkünlərin çoxu üçün yeni
perspektivlər yaranacaqdır. Cənubi Qafqazda sabitliyi və təhlükəsizliyi
təmin etmək üçün biz Azərbaycan ilə
yaxından əməkdaşlıq edirik. Dağlıq
Qarabağ münaqişəsi ölkənin ən
böyük problemidir. Münaqişənin sülh yolu ilə
həlli bütövlükdə regionun iqtisadiyyatı və cəmiyyəti
üçün müsbət təkan yarada bilər. Bu,
regionun bütün dövlətlərinin
marağındadır".
Bundestaqın
üzvü qeyd etmişdir ki, sülh prosesi ilə
bağlı beynəlxalq ictimaiyyətlə əməkdaşlıq
Almaniya üçün xüsusilə vacibdir. BMT, Aİ və
ATƏT uzun müddətdir ki, münaqişənin sülh
yolu ilə həlli yollarını birlikdə axtarır.
Sülhə gedən yolda geriyə addım
atılmamalıdır. Lakin işğal olunmuş
Dağlıq Qarabağın ərazisində Xocalı
aeroportunu yenidən açmaqla, Ermənistan hökuməti
bunun əksini edir. Bu, Azərbaycanın
hava məkanının pozulmasıdır.
Azərbaycan.-2013.- 1 fevral.- S.5.