Yeni kitab: «Dövlət
siyasətinin informasiya təminatı»
"Dövlət
siyasətinin informasiya təminatı". Müasir Azərbaycan
jurnalistikasında özünəməxsus yeri olan
tanınmış jurnalist Aslan Aslanovun yenicə çapdan
çıxmış kitabı belə adlanır. Kitab Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar
xatirəsinə ithaf olunmuşdur.
AzərTAc-ın baş direktorunun yeni kitabında
müəllifin 1991-2012-ci illərdə dövri mətbuatda dərc
olunmuş publisistik məqalələri, xarici ölkələrdə
və respublikada keçirilmiş tədbirlərdə
çıxışları, KİV-lərə müsahibələri,
müxtəlif nəşrlərə rəy və ön
sözləri, xatirələri toplanmışdır.
Kitab
"Ön söz", "Publisistik məqalələr",
"Çıxışlar", "Müsahibələr",
"Rəylər, xatirələr" bölmələrindən
ibarətdir.
"Dövlət
siyasətinin informasiya təminatı" kitabı ulu öndər
Heydər Əliyevin və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinə
dair qiymətli kəlamları ilə başlanır. Kitaba
ön sözü tanınmış ədəbiyyatşünas
alim, Milli Məclisin Mədəniyyət komitəsinin sədri,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü Nizami Cəfərov yazmışdır.
Kitabda
müəllifin müxtəlif illərdə qələmə
aldığı analitik məqalələrin əksəriyyəti
ulu öndər Heydər Əliyevin mətbuatla bağlı həyata
keçirdiyi tədbirlərə, o cümlədən AzərTAc-a
göstərdiyi diqqət və qayğıya həsr
olunmuşdur.
Yeni
kitabda toplanmış yazıları tarix baxımından iki
qrupa bölmək olar. Onların böyük əksəriyyəti
Azərbaycanın müstəqilliyi illərində, digər
qismi isə sovet dövrünün son onilliyində qələmə
alınmışdır. Fərqli tarixi dövrlərdə,
çox müxtəlif mövzularda və hərəsi bir
ovqatın təsiri altında yazılsa da, təcrübəli
jurnalistin bu qələm məhsulları bütün zamanlar
üçün əhəmiyyətlidir. Bu da müəllifin
mövzunu dəqiq seçmək, faktı görmək və
düzgün qiymətləndirmək bacarığından irəli
gəlir. Kitabdakı yazıları analitikanın və
publisistikanın ən yaxşı nümunələri hesab
etmək olar. Belə nümunələr isə universal
dünyagörüşü ilə peşəkarlığın
vəhdətindən yaranır.
Kitabda yer
almış materialların bir qismi AzərTAc-ın beynəlxalq
əlaqələrinə, Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın əldə etdiyi uğurların
dünya informasiya məkanında daha geniş coğrafiyada
yayılması ilə bağlı görülən işlərə,
dövlət siyasətinin informasiya təminatında agentliyin
roluna həsr olunmuşdur. Müəllifin bu mövzuda
yazıları və mötəbər beynəlxalq tədbirlərdə
ənənəvi və yeni medianın aktual problemlərinə
həsr olunmuş çıxışları müasir
dünyanın informasiya məkanında baş verən proseslərin,
sosial jurnalistikanın müsbət və mənfi cəhətlərinin geniş panoramını oxucunun
gözləri önündə canlandırır.
"Şərq-Qərb"
mətbəəsində nəfis tərtibatda çap
olunmuş 620 səhifədən ibarət yeni kitab jurnalistlər,
bu sahədə çalışan mütəxəssislər,
tələbələr və geniş oxucu kütləsi
üçün maraqlı mənbədir.
Azərbaycan.-2013.- 1 fevral.- S.7.