Prezident İlham Əliyev Tacikistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovun etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Diplomat  Zohir Saidov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğuladı. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsinə dair məsələlərin müzakirəsinin önəmini qeyd etdi həmin səfəri ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi. Dövlət başçısı Azərbaycan ilə Tacikistan arasında əməkdaşlığın ikitərəfli formatda eləcə beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Tacikistan Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Zohir Saidov Prezident Emoməli Rəhmonun salamlarını ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. İkitərəfli münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini vurğulayan səfir əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi. Tacikistanlı diplomat ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Dövlət başçısı Prezident Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistanın dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 2 fevral.- S.1.