Milli Məclisin yaz sessiyası başladı

 

Fevralın 1-də Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il yaz sessiyasının ilk plenar iclası keçirildi. Deputatları salamlayan Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Deputatlara qanunvericilik fəaliyyətində uğurlar arzulayan Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, sessiyalararası dövrdə Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçirilib. Bu sessiyada antiazərbaycançı qüvvələr tərəfindən Azərbaycanda "siyasi məhbuslarla" bağlı məruzə təqdim edilmişdi. Ancaq dövlət başçısı İlham Əliyevin qətiyyətli daxilixarici siyasəti həmin qüvvələri öz məqsədlərinə nail olmağa imkan vermədi və həmin məruzə AŞ PA tərəfindən rədd edildi. Spiker bu münasibətlə deputatlara təşəkkürünü bildirdi.

Oqtay Əsədov daha sonra dedi ki, Milli Məclisi yaz sessiyasında çox məhsuldar və gərgin gözləyir. Bu sessiya ərzində qanun və qərar layihələrinin müzakirəsi ilə yanaşı, hökumətin, ombudsmanın, Hesablama Palatasının, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzələri dinləniləcək. Milli Məclisin Sədri  əmin olduğunu bildirdi ki, parlament keçmiş sessiyalar kimi 2013-cü ilin yaz sessiyasını da uğurla başa vuracaq. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar bir sıra məsələlərlə bağlı çıxış etdilər, təkliflər irəli sürdülər. İlk çıxış edən deputat Çingiz Qənizadənin təklifi dini qurumların maliyyə məsələlərinin şəffaflaşdırılması barədə oldu. Onun sözlərinə görə, müəyyən dini təşkilatlar xaricdən qrant və ianələrlə maliyyələşirlər. Bəzən bu qrantların verilməsi saf niyyətli olur, bəzən isə radikal qrupların, terrorçuların məqsədlərinə xidmət edir. Bəzən də maliyyə nağd verildiyinə görə vergidən yayındırılır, hesabatı verilmir. Bununla bağlı Çingiz Qənizadə dini qurumların maliyyə məsələlərinin şəffaflaşdırılması üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilməsinə dair layihə hazırladığını diqqətə çatdırdı.

Deputat Musa Quliyevin çıxışı yazıçı Əkrəm Əylislinin "Daş yuxular" adlı əsəri barədə oldu. Bu əsərdə erməni separatizminə haqq qazandırıldığını, Azərbaycan xalqı barədə mənfi obraz yaradıldığını, xalqımızın milli mədəni dəyərlərinin təhqir edildiyini, Naxçıvan və Qarabağın "erməni torpağı" kimi təqdim olunduğunu deyən Musa Quliyevin sözlərinə görə, Ə.Əylislinin Azərbaycanın xalq yazıçısı adını daşımağa haqqı yoxdur. Əlavə etdi ki, artıq erməni mətbuatında Ə.Əylislinin adı "erməni soyqırımını" etiraf edən şəxs kimi çəkilir.

Deputat Əli Əhmədov bildirdi ki, Ə.Əylisli bu əsəri ilə Azərbaycan xalqına mənəvi zərbə vurub: "Əsərdə günahkar Azərbaycan xalqı obrazı yaradıb. Erməni separatizminə haqq qazandırıb. Bununla da, Ermənistanın Azərbaycan torpaqlarını işağl etməsinə ideoloji zəmin yaradır". Əli Əhmədov dedi ki, Azərbaycan xalqına mənəvi zərbə vurduğu üçün Ə.Əylislinin xalq yazıçısı adını və "İstiqlal" ordenini daşımağa haqqı yoxdur.

Deputat Zahid Oruc qeyd etdi ki, Ə.Əylislinin yazdıqları ermənilərin əlində bayraq olacaq. Bu əsər faşizmi təbliğ edir və ermənilərin qəsbkarlığına haqq qazandırır: "Biz Əkrəm Əylislinin çarmıxa çəkilməyini istəmirik. Amma ölüm mələyi bir gün çiyninə qonanda onun tabutu bu millətin çiynində ola bilməyəcək".

Deputat Əhməd Vəliyev isə Ə.Əylislinin azərbaycanlı olub-olmamasının, genetik kodununpsixoloji durumunun araşdırılmasını təklif etdi. "Çünki inanmıram ki, kökü saf olan adam belə işlər görə bilər" - deyə o bildirdi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov dedi ki, Ə.Əylisli nə etdiyini bilən adamdır, etdikləri isə dəqiq nankorluqdur: "Əsərin ideyası məlumdur: Azərbaycan xalqını aşağılamaq. O, bu əsəri yazdığı vaxt deputat ididüzgün olardı ki, əsəri o vaxt ortaya çıxarardı. Təklif edirəm ki, Ə.Əylisli Azərbaycan vətəndaşlığından məhrum edilsin. Gedib İrəvanda hansısa kilsədə xidmətçilik etsin. Başqa yolu yoxdur."

Deputat Musa Qasımlının sözlərinə görə, Ə.Əylislinin əsəri Azərbaycan xalqına arxadan bıçaq zərbəsidir: "Ə.Əylisli bununla özünü Şaqanyan, BalayanKaputikyanla bir sıraya qoydu. Bu, Azərbaycan xalqına təhqir, tarixi həqiqətlərin saxtalaşdırılması deməkdir".

Milli Məclis Sədrinin müavini Bahar Muradova da dedi ki, Ə.Əylisli Azərbaycan xalqına xəyanət edib. Təkcə Ermənistandan didərgin düşmüş azərbaycanlılar və qarabağlılar deyil, xalq səsini qaldırmalıdır. Əsərdə Azərbaycan vətəndaşlarına ayamalar qoyulur: "Mətbuatda bu obrazların prototiplərini axtarırlar. Çox zəif, hər şeydən qorxan aktyor obrazı kimi əsərində göstərdiyi, elə onun özüdür. O, bu illər ərzində Azərbaycanda aktyor rolunu oynayıb. Bu, dırnaqarası həqiqətlər arasında yaşadığın xalqdan özünü üstün tutmaq üçün lazımdır. Ə.Əylislinin fəaliyyətində həmişə belə hallar olub, ancaq böyüklük göstərmişik".

Bahar Muradova daha sonra dedi: "Ə.Əylisli, səni əmin edirəm ki, istər Qarabağda, istərsə də Ermənistanda həlak olan azərbaycanlıların ruhu heç vaxt səni rahat buraxmayacaq". Əgər aldığı adlar Ə.Əylisliyə rahatlıq verəcəksə, o adları daşısın. Yoxsa, özü də bəyan etdiyi kimi, Bakıdan çıxıb getsin.

Bu məsələyə Milli Məclis Sədri Oqtay Əsədov da münasibət bildirərək dedi: "Mən onun müsahibələrinə qulaq asdım. Adam xəcalət çəkir. Qanı qanımızdan olan insan necə belə ola bilər? Əgər bu insan bunu 2007-ci ildə yazmışdısa, niyə indi üzə çıxarır?! Sadəcə, yiyələrindən tapşırıqlar alıb. Nobel mükafatı alsa belə, Azərbaycan xalqının nifrətindən qaça bilməyəcək. Niyə Sumqayıt hadisələrindən, Ermənistanda 90 uşağı borunun içərisinə doldurub qaynaq edilməsindən yazmır? Əgər onu dəstəkləyən varsa, o da şübhəli adamdır. Ə.Əylisliyə xalq, deputatlar qiymətini verdi. O, Azərbaycan dövlətinin fəxri adlarını alıb, amma sən demə, məqsədi başqa olub. Neçə il əvvəl yazdığı əsəri seçki ilində ortaya çıxarması da onun məqsədinin çirkin olmasından xəbər verir. Zaman bu əsərin məqsədinin nə olduğunu sübut edəcək".

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Azərbaycan Respublikası Milli Məclisinin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında məsələlər müzakirəyə çıxarıldı və təsdiq olundu.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planının layihəsi müzakirə edildi. Qeyd edək ki, qanunvericilik işləri planına əsasən yaz sessiyası dövründə Milli Məclisdə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin, "İctimai iştirakçılıq haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Reklam haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi" haqqında, "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Elm siyasəti haqqında", "Memarlıq fəaliyyəti haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Uşaqların sağlamlaşdırılması və istirahətinin təşkili haqqında", habelə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Sessiya ərzində qanunvericilik işləri planında nəzərdə tutulmuş layihələrdən başqa, Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə daxil olacaq məsələlər də müzakirə ediləcək.

Müzakirələr zamanı deputatlardan Elmira Axundova, Fəzail Ağamalı, Əli Məsimli, Zahid Oruc, Bəxtiyar Əliyev, Siyavuş Novruzov, Novruzəli Aslanov və digərləri planı ilə bağlı təkliflərini bildirdilər. Qanunvericilik işləri planı təsdiq olundu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə AŞ PA-nın qış sessiyası ilə bağlı məlumat verdi. Onun sözlərinə görə, müxtəlif Avropa ölkələrinin deputatlarının Azərbaycanın əldə etdiyi uğurlarla bağlı kifayət qədər məlumatları varbu mənada onlar K.Ştrasserin hazırladığı məruzənin ikili standatlara xidmət etdiyini görürdülər. Həmin məruzənin qəbul edilməməsi Azərbaycan dövlətinin gücünü göstərdi. Bu, Azərbaycan Prezidentinin xarici siyasətinin təntənəsidir.

Əli Hüseynlinin sözlərinə görə, bu məsələ eyni zamanda, ölkəmizdəki radikal müxalifətin və bəzi hüquq müdafiəçilərinin Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərdiklərini ortaya qoydu. Amma indi Azərbaycan dövlətinin elə vaxtı deyil ki, bu cür təhdidlərlə nəyəsə nail olasan. "Ə.Əylisli, R.İbrahimbəyov, İ.Qəmbər, Ə.Kərimli və İctimai Palatanın digər üzvləri bütövlükdə Azərbaycan əleyhinə fəaliyyət göstərirlər" - deyən Əli Hüseynlinin sözlərinə görə, onların Azərbaycan əleyhinə birgə fəaliyyət göstərdikləri AŞ PA-da "siyasi məhbuslar" məsələsi müzakirə olunanda da aydın göründü. Adları sadalananların mövqeyiPA-da Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin mövqeyi ilə üst-üstə düşür.

 

*  *  *

 

Günün ikinci yarısında Milli Məclis öz işini davam etdirdi. İclasda bir sıra qanun layihələrinə əlavə və dəyişikliklər olundu.

"Azərbaycan Respublikası hökuməti və Uruqvay Şərq Respublikası hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında Beynəlxalq munasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva məlumat verdi. Deputat bildirdi ki, bu saziş Azərbaycanın növbəti bir ölkə ilə əlaqələrinin möhkəmləndirməsinə xidmət edir. Hər iki ölkənin parlamentləri arasında dostluq qruplarının da fəaliyyət göstərdiyini bildirən deputat diqqətə çatdırdı ki, saziş qarşılıqlı səfərlərin intensivləşməsinə şərait yaradacaq.  Sənəd səsə qoyularaq qəbul edildi.

"Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Komitə sədri dedi ki, Azərbaycan dövləti korrupsiyaya qarşı mübarizə ilə bağlı bir çox konvensiyalara qoşulub.  Eyni zamanda, ölkədə bu istiqamətdə müsbət işlər həyata keçirilir. Hökumət isə beynəlxalq əməkdaşlığa çox önəm verir. Ona görə də bu protokola qoşulmaq məqsədəuyğun hesab olunur.

Müzakirələrdə çıxış edən deputatlar Astan Şahverdiyev və Sədaqət Vəliyeva sənədlə bağlı bəzi təkliflərini bildirdilər. Qanun layihəsi səsə qoyularaq qəbul olundu.

Sonra iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi. Komitə sədri Əli Hüseynli dedi ki, dəyişiklik İnzibati Xətalar Məcəlləsinə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulması ilə bağlı maddə əlavə edilməsini nəzərdə tutur. Bu maddəyə görə Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin areallarında başqa növ bitki nümunələrinin istehsalçılarına dövlət vəsaiti hesabına yardımın göstərilməsinə, mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının mühafizəsi qaydalarının pozulmasına, Azərbaycan Respublikasının Milli Genbankının davamlılığına mane olan hərəkətlərə, yəni, soyuducu kameraların motorlarının, quruducu aparatların elektrik təchizatının dayandırılmasına (kəsilməsinə), yanğın törədə biləcək tezalışan maddələrin Milli Genbankın ərazisinə gətirilməsinə, toxumların saxlanma rejiminin pozulmasına, Azərbaycan Respublikasında aqroekosistemlər üçün potensial əhəmiyyətə malik nadir və nəsli kəsilməkdə olan bitki növlərinin (populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsinə ziyan vuran fəaliyyətə, yəni, arealları təyin edilmiş və mühafizəyə cəlb edilən nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qanunsuz toplanmasına, onların yerləşdiyi ərazilərdə mal-qaranın otarılmasına, həmin ərazilərin yandırılmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.

Elmi-tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər on min manat miqdarında, hüquqi şəxslər əlli min manat miqdarında cərimə olunur.

Dəyişiklik deputatlar tərəfindən müsbət qiymətləndirildi.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layhəsi ilə bağlı deputatları məlumatlandırdı. Komitə sədri dedi ki, dəyişiklik Azərbaycana məxsus ənənəvi mədəni brend bitkilərin mühafizəsi ilə bağlıdır. Belə ki, Azərbaycana məxsus mədəni bitki brendləri kənd təsərrüfatı, dərman və bəzək bitki formaları üzrə müəyyən edilir, Azərbaycan xalqının milli sərvəti hesab olunur və qanunla qorunur. Hamıya məlumdur ki, bu gün ölkədə xalq seleksiyasının yaratdığı qiymətli bitki nümunələri və alimlərin müasir seleksiya sortları, xaricdən gətirilən rayonlaşmamış müxtəlif sortlar və hibridlər tərəfindən sıxışdırılaraq sıradan çıxarılır. Eyni zamanda, sırf Azərbaycan xalqına məxsus bəzi bitki sortları üzdəniraq qonşularımız tərəfindən özününküləşdirilir. Sənəddə göstərilir ki, məhz bu səbəblərdən bu əlavə ilə "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunda Azərbaycan xalqına məxsus bitki sortlarının qorunması məsələsi ciddiləşdirilir.

Komitə sədrinin çıxışından sonra dəyişiklik səsə qoyularaq qəbul edildi.

İclasda həmçinin "Seleksiya nailiyyətləri haqqında", "Ekoloji təhlükəsizlik haqqında" və "Ətraf mühitin mühafizəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layhələri təsdiq olundu. Müzakirələr zamanı çıxış edən deputat Aytən Mustafayeva bildirdi ki, bu dəyişikliklər Azərbaycan dövləti, xalqı üçün vacibdir. Deputat eyni zamanda, təklif etdi ki, bu dəyişikliklər sırasına başqa bir bənd də əlavə edərək genetik motifikasiya olunmuş bitkilərdən hazırlanmış məhsulların Azərbaycana gətirilməsinin qarşısının alınması təmin edilsin. Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olundu.

"Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri də müzakirə olunaraq təsdiq edildi.

Bununla da, Milli Məclisin yaz sessiyasının ilk iclası başa çatdı.

 

 

Rəşad CƏFƏRLİ,

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 2 fevral.- S.2.