Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir

 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, bu sahədə nəzarət və hesabat sisteminin səmərəsinin artırılması, eləcə də elektron xidmətlərin tətbiqi dairəsinin genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın təmin edilməsi barədə bütün dövlət qurumlarına qəti tapşırıqlar vermişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, fevralın 1-də bununla əlaqədar nazir Fikrət Məmmədovun sədrliyi ilə kollegiya iclası keçirilmişdir. İclasda qeyd olunmuşdur ki, dövlət başçısının tapşırıqlarına əsasən ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində mükəmməl qanunvericilikinstitusional islahatlar aparılmış, Korrupsiyaya qarşı mübarizəyə və Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət planları təsdiq olunmuş, müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq edilməklə dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, habelə vətəndaşların rahatlığının təmini məqsədilə yeni şəffaf və innovativ xidmətlər, o cümlədən "ASAN xidmət" mərkəzləri yaradılmışdır.

Bildirilmişdir ki, korrupsiya ilə mübarizə tədbirləri daim diqqətdə saxlanılaraq ədliyyə orqanlarında və məhkəmələrdə korrupsiyaya şərait yaradan halların qarşısının qətiyyətlə alınması, ədliyyə və məhkəmə işçilərində antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın təşviqi üzrə məqsədyönlü addımlar atılmış, əhalinin ədliyyə orqanlarına və məhkəmələrə çatımlılığının asanlaşdırılması üçün müasir elektron xidmətlər yaradılmışdır. Belə ki, ədliyyə orqanlarında vətəndaşlara ədliyyə fəaliyyəti barədə zəruri məlumatları əldə etməyə, rüsumları birbaşa ödəməyə imkan yaradan elektron köşklərin, habelə nəzarətin gücləndirilməsi məqsədilə veb-kameraların tətbiqinə başlanılmışdır. Artıq belə köşklər ölkə üzrə fəaliyyət göstərən bütün notariat kontorlarının 1/3-ni əhatə etmiş, veb-kameralar isə 10-dək notariat kontorunda quraşdırılmışdır və bu proses hazırda davam etdirilir.

İşə qəbul prosedurları da xeyli sadələşdirilmişdir. Namizədlər yalnız ərizə verməklə test imtahanında iştirak etməyə buraxılırlar. Həmçinin imtahan prosesi internetdə canlı yayımlanır.

Eyni zamanda bütün məhkəmələr və hakimlər haqqında məlumatları, habelə məhkəmə sənədlərinin nümunələrini əks etdirən məhkəmə sisteminin vahid internet portalı fəaliyyət göstərir.

Nazirlikdə vətəndaşların şikayətlərinə operativ baxılması və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə yaradılmış "Qaynar xətt"lərin fəaliyyəti genişləndirilərək təkmilləşdirilmişdir.

Kollegiyada nazirlik tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı 2012-ci ildə ədliyyə orqanlarında aparılmış xidməti yoxlama və araşdırmaların nəticələrinə görə 447 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, korrupsiya hallarına yol verilməsi faktı ilə bağlı təkcə son iki il ərzində prokurorluğa 13 nəfər barəsində materialların göndərildiyi və onlardan 5 nəfərinin məhkum olunduğu qeyd edilmişdir. Eyni zamanda məhkəmə qərarlarının icrası vəziyyəti ötən ilin sonunda geniş müzakirə olunaraq bu sahədə süründürməçiliyin, korrupsiyaya şərait yaradan digər halların aradan qaldırılmasına dair ən qəti tədbirlərin müəyyən olunduğukobud qanun pozuntularına yol vermiş 30-dək əməkdaşın ciddi intizam məsuliyyətinə cəlb edildiyi diqqətə çatdırılmışdır.

Həmçinin qeyd olunmuşdur ki, Məhkəmə-Hüquq Şurasının qərarları əsasında son iki il ərzində korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə 8 hakim, ümumilikdə isə 22 hakim intizam məsuliyyətinə cəlb edilmişdir.

İclasda bildirilmişdir ki, korrupsiyaya qarşı mübarizə üzrə ədliyyə orqanlarında həyata keçirilən tədbirlərə baxmayaraq aparılmış təhlillər, keçirilmiş yoxlamalar, daxil olan şikayətlər və siqnallar narahatlıq doğurur. Qeyd olunmuşdur ki, yanvarın 26-da Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın təhsil məsələlərinə həsr olunmuş iclasında verilmiş tapşırıqlar digər qurumlara, o cümlədən ədliyyə orqanlarına da aiddir.

Bununla əlaqədar kollegiyada qarşıda duran vəzifələr müzakirə edilmiş, ədliyyə orqanlarında və məhkəmələrdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin yaradılması, süründürməçiliyin, vəzifədən sui-istifadə və korrupsiyaya şərait yaradan digər halların qətiyyətlə qarşısının alınması, şəffaflığın daha da artırılması üzrə konkret tədbirlər müəyyən olunmuşdur. Həmçinin müasir texnoloji yeniliklər nəzərə alınmaqla üsul və vasitələrinin, korrupsiya halları ilə bağlı şikayətlərə baxılması işinin, "Qaynar xətt"lərin fəaliyyətinin, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair göstərişlər verilmişdir.

Həmçinin iclasda Məhkəmə-Hüquq Şurası ilə birgə hakimlərin etik davranış qaydalarına riayət olunması vəziyyəti öyrənilməklə bu sahədə qəti tədbirlərin görülməsinin zəruriliyi vurğulanmış, dövlət başçısı tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmasını nəzərə alaraq, ədliyyə sahəsində elektron xidmətlərin daha geniş tətbiqi, habelə xidməti yoxlamaların səmərəliliyinin yüksəldilməsi, hüquqi maarifləndirmə və antikorrupsiya tədrisi üzrə tədbirlərin canlandırılması aidiyyəti qurumlardan tələb olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 2 fevral.- S.2.