Azərbaycan-Türkiyə diasporları əməkdaşlıq müstəvisində

 

Bakı türkdilli xalqların beyin mərkəzinə çevrilir

 

 Azərbaycan  türk diasporlarının son illərdəki coğrafiyasına və tərkibinə nəzər yetirsək, hər mənada böyük irəliləyişin şahidi olarıq. Türk-Azərbaycan diasporunun yaranması, iki qardaş xalqın vahid ideologiya ətrafında birləşməsi və türk birliyinin yaranması istiqamətində atılan ən güclü addımdır. Mənəvi-tarixi, siyasi-iqtisadi köklərə bağlanan xalqlarımız son illər ümumtürk diasporunun yaranmasına stimul verən çox önəmli addım atıblar. Məqsəd həqiqətlərimizin dünyaya bir mövqedən çatdırılmasıdır. Avropa dövlətlərində, beynəlxalq toplantılarda və ya Qərbin ikili standartlarına qarşı etiraz tədbirlərində qardaş xalqlar əl-ələ, çiyin-çiyinə addımlayır, bayraqları qoşa dalğalanır. Birlik və bərabərlik ruhunda çıxış edən toplum hər zaman qalib olur. Bu fikrin doğruluğuna söykənən Azərbaycan və türk diasporu təşkilatlanaraq son bir neçə ildə xarici ölkələrdə Xocalı soyqırımı ilə bağlı mitinqlər keçirir, Dağlıq Qarabağ problemini Avropa dövlətlərinin gündəminə gətirmək üçün birgə layihələr reallaşdırır, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə etinasız yanaşan dövlətlərə və siyasətçilərə qarşı haqq səslərini ucaldırlar. Avropada yaşayan azərbaycanlılar və türklər Ermənistanın Azərbaycan torpaqlarında törətdikləri vandalizm aktlarını, soyqırımıları, "qondarma erməni soyqırımı" yalanlarının qarşısının alınması və digər məsələlərdə etiraz tədbirləri keçirir, bir-birlərinin maraqlarını müdafiə edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə söylədiyi "Bir millətin iki diasporu olmaz" fikri bu prosesin daha da sürətlənməsinə təkan verdi.

Yaxın günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələləri üzrə cavabdeh dövlət qurumları rəhbərlərinin keçirdiyi ilk toplantıda bu məsələlər gündəmə gətirildi. Konfransda başlıca istiqamət türkdilli dövlətlərin diasporları arasında əməkdaşlığın gücləndirilməsi, türk dünyası birliyi ideyasının həyata keçirilməsi üçün səylərin birləşdirilməsi və gələcək fəaliyyət strategiyasının müəyyənləşdirilməsi idi. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirdi ki, bu sahədə türk dövlətlərinin fəaliyyətini əlaqələndirmək üçün sıx münasibətlər qurulmalı, digər türkdilli ölkələr də bu prosesə qoşulmalıdırlar. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunmasını, ortaq tarix və ədəbiyyat dərsliklərinin hazırlanmasını, universitetlərarası əlaqələrin inkişaf etdirilməsini, diplomların qarşılıqlı tanınması və ortaq təhsil telekanalının yaradılmasını zəruri hesab etdi: "Bundan başqa, xarici ölkələrdə yaradılan türk diaspor mərkəzləri digər türk diaspor təşkilatlarının ortaq problemlərini həll etməli, onların qaldırdığı məsələləri təmsil etdiyi ölkələrin dövlət rəhbərliyinə çatdırmalıdırlar". 

Müxtəlif türk dövlətlərindən gəlmiş nümayəndələr bildirdilər ki, sovet rejimi türk xalqları arasındakı mənəvi və tarixi bağlılıqların qırılması və dağıdılması üçün əlindən gələni etdi, dil və əlifba siyasətindən sədlər ucaltdı. Ona görə də SSRİ ərazisində yaşayan qardaş xalqlar on illiklər ərzində bir-birlərindən tədricən aralandılar.

"İndi isə başqa zamandır, bizim artıq hər mənada bir-birimizi anlamağımızın vaxtıdır. Bunun üçün ilk növbədə, türkdilli ölkələrin əlifbalarının uyğunlaşdırılması və vahid yazı qrafikasına keçilməsi gündəmə gətirilməlidir. Onsuz da nə qədər tez başlasaq, yenə də gecikmişik"  deyə fikirlər səsləndi. O da vurğulandı ki, latın qrafikasına keçilməsində Azərbaycan örnək göstərdi.

Ümumdünya Qazaxlar Assosiasiyası idarə heyətinin sədr müavini Talqat Mamaşev latın qrafikasına keçərkən Azərbaycanın təcrübəsindən yararlanmağı üstün hesab etdi: "Ortaq əlifbamız olarsa, biz qardaş türk xalqları bir-birimizin dilini anlayar, mətbuatını oxuyar, internet əlaqələri qurarıq".

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda  keçirilən elmi şuranın toplantısında Türkiyə tarixçilərinin və millət vəkillərinin iştirakı ilə sözügedən mövzu ətrafında geniş müzakirələr aparıldı, ortaq türk tarixinin yazılması üzərində dayanıldı. Tarix İnstitutunun direktoru, professor, Milli Məclisin deputatı Y.Mahmudov ortaq Azərbaycan-Türkiyə tarixinin yazılmasından danışdı və bu sahədə işlərin davam etdirildiyini bildirdi: "Bir neçə ildir ki, ortaali məktəblərdə türk xalqlarının tarixi geniş tətbiq olunur. Azərbaycan tarixinə dair elmi əsərlərin Türkiyə türkcəsinə çevrilməsi və arxiv sənədlərinin mübadiləsi sahəsində də əməkdaşlıq edilir. Planlarımıza görə ortaq türk tarixinin tədrisinə ümumtəhsil məktəblərindən başlanılacaq. Dərsliklər hazır olduqdan sonra ortaq türk tarixinin ilk növbədə Azərbaycan və Türkiyədə tədrisi nəzərdə tutulur, sonra Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi qardaş xalqların orta məktəblərində tədrisi üçün müraciət olunacaq. Hazırda ən vacib məsələ türk dünyasının orta əsrlər dövrünü hazırlamaqdır. Bundan sonra qədim və müasir dövrü yazmaq çox vaxt aparmayacaq". Türkiyə Böyük Millət Məclisinin üzvləri Tülay Selamoğlu, Şuay Alpay və azərbaycanlı mütəxəssislər həmin toplantıda qərara aldılar ki, ümumtürk əlifbasının yaradılması üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır.

Qırğızıstanın Xarici İşlər Nazirliyinin məşğulluq və miqrasiya məsələləri departamentinin direktoru Keştakbek Aytmatov da jurnalistlərlə görüşündə hər bir türkdilli insanın bir-birini anlaya və danışa biləcəyi dilə və əlifbaya böyük ehtiyac olduğundan danışdı: "Bu türkdilli xalqların əlaqələrinin genişlənməsində və dünyada bir-birinə dəstək olmasında böyük rol oynayar, diaspor fəaliyyətinin inkişafına təkan verər".    

Son illər Azərbaycan türkdilli dövlətlərin bir araya gəlməsi ilə bağlı keçirilən bir neçə beynəlxalq konfranslara ev sahibliyi edib. Belə demək mümkünsə, Azərbaycan türkdilli xalqların əməkdaşlıq və beyin mərkəzinə çevrilib. Toplantıda bir fikir də xüsusilə vurğulandı ki, dünyada gedən proseslər milli-etnik kökü yaxın olan dövlətlərin bir-birilə yaxınlaşmasını vacib şərtə çevirib. Bu baxımdan Orta Asiyada və Rusiyanın tərkibində yaşayan türkdilli xalqların da türk birliyinə inteqrasiyası vacib amillərdən biridir. Bu dövlətlərdə türklər bir çox prinsipial məsələlərdə hələ də öz mövqelərini sərbəst şəkildə sərgiləyə bilmir. Lakin ümidlər və imkanlar tükənməyib. Qazaxıstan və Qırğızıstan bu addımı ataraq türk dövlətlərinin birləşməsinə böyük töhfə verib. Azərbaycan isə bu birliyin təmin edilməsində sanki katalizator rolunu oynayır. Unutmaq olmaz ki, bu istiqamətdə yaradılmış bir çox qurumların mərkəzi ofisləri Azərbaycanda yerləşir. Bunlar Azərbaycanın dövlət səviyyəsində türk dövlətləri arasında inteqrasiyaya nə qədər ciddi önəm verməsinə sübutdur.  

Müzakirələrin sonunda yekun sənəd qəbul olundu. Sənəddə TDƏŞ-yə üzv dövlətlərin diaspor təşkilatlarının ortaq strategiyasının müəyyən edilməsi üçün mütəxəssislərdən ibarət təmas qrupunun yaradılmasına dair müddəa öz əksini tapdı. Həmçinin sənəddə türk dövlətlərinin diaspor təşkilatlarının rəhbərlərinin I forumunun Azərbaycanda keçirilməsi qərara alındı.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 2 fevral.- S.3.