Azərbaycanla təzyiq dilində
danışmaq mərhələsi çoxdan
keçib
"Human Rights Watsh",
"Sərhədsiz Reportyorlar" və
digər antimilli təşkilatların
"demokratiya bayrağı" altında ənənəvi spekulyasiyaları
fiaskoya uğradı
Dövlət müstəqilliyinin bərpasından
ötən 21 ildə Azərbaycan bir çox keçmiş
sovet respublikalarından fərqli olaraq, daha böyük
uğurlara imza atmışdır. İqtisadi, siyasi, mədəni
sahələrdə əldə edilən nailiyyətlər
ölkəmizin beynəlxaq aləmdə nüfuzunu gücləndirmişdir.
Azərbaycanın qüdrətli dövlət kimi dünya
siyasi arenasında öz layiqli yerini tutması antiazərbaycan
şəbəkə və onların daxildəki
"beşinci kolon" missiyasını yerinə yetirən
destruktiv qüvvələrdə böyük narahatlıq
yaradıb. Buna görə də həmin qüvvələr
respublikada baş verən hər hansı bir hadisəni qərəzli
şəkildə qabardaraq beynəlxalq təşkilatların
və xarici medianın diqqətini buna cəlb etmək və
ağı qara göstərmək üçün çirkin
üsullara əl atırlar.
Müasir
dövrdə "demokratiya çətiri" altında hələ
də özünün imperialist siyasətini yürüdən,
geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən
bəzi aparıcı dövlətlərin, eləcə də
müəyyən təşkilatların "ikili
standartları" demokratik
ideallara kölgə salır. Müstəqil Azərbaycan da
ötən illərdə bu təsirləri öz üzərində
hiss edərək onları uğurla neytrallaşdırmış,
demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi
islahatların paralelliyi şəraitində
mümkünlüyünü öz təcrübəsində sübuta yetirmişdir.
Bununla
belə, aşkar görünür ki, regionda müstəqil
siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf
edən respublikamıza təzyiq
"rıçaqlarını" itirmələri ilə qətiyyən
barışa bilməyən müəyyən əcnəbi
qurum və təşkilatlar "demokratiya bayrağı"
altında ənənəvi spekulyasiyalarından əl çəkmək
istəmirlər. Ən müxtəlif vaxtlarda "Amnesty
İnternational", "Fredoom House", "Article-19",
"Human Rights Watch", "Norveç İnsan Haqları
Evi" kimi təşkilatların hesabatları ifrat qərəzli
olmaları ilə diqqəti cəlb edib. Bu çirkin
kampaniyaya qoşulan təşkilatların "demokratiya
çətiri" altında pərdələnmələri
sadəcə, təəssüf hissi doğurur.
Antiazərbaycan
mövqeyi ilə tanınan "Human Rights Watsh", eləcə
də "Sərhədsiz Reportyorlar" bu dəfə də ənənəvi
ampluada çıxış ediblər. Məlum olduğu kimi,
İsmayıllıda dağıdıcı qüvvələrin
hüquqazidd hərəkətləri zamanı əhalinin
dincliyi, hüquq və azadlıqları, bütövlükdə,
ictimai qayda kobud şəkildə pozulmuşdur. Cəmiyyətə
açıq hörmətsizlik ifadə edən belə aqressiv
və qərəzli hərəkətlər dinc sakinlərin
narahatlığına səbəb olmuşdur. İnsidentin
qarşısı alınarkən üçü polis əməkdaşı
olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən
xəsarəti almışdır. Asayişi mühafizə
qüvvələrinin gördüyü qətiyyətli tədbirlər
nəticəsində ictimai qaydanı pozan hərəkətlərin
genişlənməsinə yol verilmişdir.
İsmayıllıda
bəzi təxribatçı qüvvələrin qeyri-qanuni əməllər
törətməsinə haqq qazandıran həmin təşkilatlar
dağıdıcılıq törədən şəxslərin
istintaqa cəlb edilməsini "demokratiyaya" zidd hərəkət
kimi qələmə veriblər. İctimai asayişin
pozulmasında xüsusi "fəallıq" göstərmiş
şəxslərin azadlığa buraxılmasını tələb
kimi qoyan "hüquq təşkilat"larının
konkret məqsədlərinin nədən ibarət olduğu bəllidir.
Onlar faktiki olaraq Azərbaycan dövlətçiliyinə
qarşı mübarizə apardıqlarını sübuta
yetirirlər.
"Human
Rights Watsh", eləcə də "Sərhədsiz
Reportyorlar" bəyanatlarında guya ölkəmizdə insan
hüquqlarının pozulduğunu, vicdan azadlığına
təhlükənin olduğunu iddia etsələr də, nədənsə,
Amerika və Avropa ölkələrinin böyük əksəriyyətində
baş verənlər barədə susurlar. Söhbət əgər
qeyri-qanuni kütləvi aksiyaların qarşısının
alınmasından gedirsə, bu gün həm ABŞ-da, həm
də Avropada bunun üçün kifayət qədər sərt
üsullardan istifadə olunur. Məsələn, NATO-nun
Çikaqo sammitində antiqlobalistlərin toplantıları
güc tətbiq edilməklə dağıdılmış,
mitinq iştirakçılarına çoxsaylı xəsarətlər
yetirilmiş, 60 nəfər saxlanılmışdı.
Son
günlər Yunanıstanda hökumətin vergiləri
artırmasına və büdcə xərclərini
azaltmasına etiraz olaraq keçirilən kütləvi
aksiyalarda hakimiyyət qüvvələri aksiya
iştirakçılarına qarşı ən amansız
metodlardan istifadə edib. Eləcə də İtaliya,
İspaniya, Portuqaliyada keçirilən irimiqyaslı aksiyalarda
insanların dəyənəklərlə döyülməsi,
gözyaşardıcı qaz və s. vasitələrdən
istifadə edilməsi, xüsusi təlim keçmiş itlərlə
qovulması, atların ayaqları altına salınması
dünyanın gözü qarşısında baş verir.
"Human Rights Watsh", eləcə də "Sərhədsiz
Reportyorlar" həmin ölkələrdə baş verənlərin
üzərindən sadəcə sükutla keçirlər. Bu
isə ölkəmizə qarşı açıq "ikili
standart"ların olduğunu bir daha təsdiqləyir.
Bir
sıra Avropa ölkələrindən fərqli olaraq
respublikamızda ictimai-siyasi və iqtisadi sabitlik hökm
sürür, korrupsiyaya və digər neqativ hallara
qarşı kəskin mübarizə aparılır, vətəndaş
hüquq və azadlıqları yüksək səviyyədə
təmin olunur. Azərbaycan hazırda elə yüksək
inkişaf mərhələsinə qədəm qoymuşdur ki,
bu gün iqtidar-müxalifət münasibətləri, hakimiyyət
uğrunda mübarizə yalnız sivil, demokratik forma və
metodlarla aparıla bilər. Bu isə dialoq, real
şüarların və daha cəlbedici sosial-iqtisadi
proqramların irəli sürülməsi yoludur. Dövlətin
uzunmüddətli inkişaf məqsədlərinə etinasızlıq
göstərən məsuliyyətsiz, ifrat radikalizm və
"inqilabi" ritorika yeniləşən ictimai prioritetlərə
yad olmaqla onlarla uyuşmur. Azərbaycana qarşı
aparılan qərəzli kampaniya da ölkəmizin beynəlxalq
nüfuzuna xələl gətirmək məqsədi
güdür. Ancaq destruktiv qüvvələrin növbəti
qara piar kampaniyaları əvvəllərdə olduğu kimi,
bu dəfə də fiaskoya uğrayacaq.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 2 fevral.- S.3.