Gənc nəsil dövlət qayğısı ilə tam əhatə olunub

 

2 fevral Gənclər Günüdür

 

Gənclik hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Bu reallığı nəzərə alan xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış etmiş, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşmışdır.

Məlum olduğu kimi, 1990-1993-cü illərdə cəmiyyəti təhlükələrə sürükləyən siyasi, iqtisadi, mənəvi-ideoloji problemlər üzündən ölkədə gənclər və idman siyasəti tam diqqətdən kənarda qalmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin yarıtmaz siyasəti Azərbaycan gəncliyinin nizamsız, pərakəndə topluma çevrilməsinə gətirib çıxarmışdı. Öz siyasi ambisiyaları naminə Azərbaycanı böhranlara sürükləyən möhtəkir qüvvələr məqsədlərinə çatmaq üçün ilk növbədə gənclərdən bir vasitə kimi istifadə edir, ölkənin gələcəyinə qəsd yolu tuturdular.

Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan xaosanarxiya girdabından çıxdı və digər mühüm məsələlərlə yanaşı, gənc nəslin üzləşdiyi problemlərin həlli, mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi də dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Azərbaycan gənclərinin təşkilatlanması tam ciddiliyi ilə əsas məqsədlərdən biri kimi qarşıya qoyuldu. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə sahəsindəki fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının, gənclik enerjisinin bir mərkəzdən koordinasiya olunması məqsədilə 1994-cü ildə yaradılmış Gənclərİdman Nazirliyi qısa bir zamanda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirilməsinə start verdi.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başladı. Forumlarda Heydər Əliyevin proqram xarakterli çıxışlarının nəticəsi olaraq hər bir gəncin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevrılan 2-də keçirilən I Forumda iştirak edən ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci... hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir". Heydər Əliyev I Forumdan sonra respublikanın hər yerində gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq, 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni "Azərbaycan Gənclər Günü" elan etdi.

Ölkəmizdə gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmək və bu sahədə yaranan münasibətləri tənzimləmək üçün 2002-ci ildə "Gənclər siyasəti haqqında" qanun qəbul edilib. Qanuna əsasən, Azərbaycanda gənclər siyasətinin əsas prinsipləri gənc nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyət həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunmasıdır.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu siyasətin həm də mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib. Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də Heydər Əliyev adına sarayda keçirilən Azərbaycan gənclərinin IV Forumunun yekun toplantısındakı çıxışı göstərdi ki, ulu öndərin gənclərlə bağlı siyasi kursu layiqincə yaşadılacaq və Azərbaycan cəmiyyətində gənclərin hərtərəfli inkişafı, özlərini həyatda təsdiq etmələri üçün bütün imkanlar var: "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar". Prezident İlham Əliyevin forumdakı çıxışı dövlət başçısının ulu öndərin ideallarına sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, Azərbaycan hakimiyyətinin gənclərlə bağlı dövrün tələblərinə uyğun olaraq siyasət həyata keçirdiyini göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci ilin avqustunda təsdiq etdiyi "Azərbaycan gəncliyi Dövlət Proqramı" gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət etdi. 2005-2009-cu illəri əhatə edən bu proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli ruhda təhsil və tərbiyəsi, onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, sağlam həyat tərzinin təbliği və sair istiqamətlərdə kompleks tədbirlər həyata keçirildi.

2007-ci ilin "Gənclər ili" elan edilməsi də gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. "Gənclər ili"ndə həyata keçirilən bütün tədbirlər gənclərimizin cəmiyyət həyatında fəallığının artırılmasına mühüm töhfələr verdi. Gənclər siyasətinin ən vacib istiqamətlərindən birielm və təhsillə bağlıdır. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara tam cavab verən məktəblər tikilib istifadəyə verilib, ortaali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Hər il ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr Prezident təqaüdü ilə mükafatlandırılır. Ölkə başçısının fərmanı ilə təsdiqlənən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" isə gənclərin xaricdə təhsili üçün geniş imkanlar açıb. Bu baxımdan Azərbaycanın təbii resursları içərisində ən böyük resursun insan biliyi olduğunu qeyd edən Prezident İlham Əliyevin maddi kapitalın insan kapitalına çevrilməsi çağırışı real həyata uğurla vəsiqə qazanmaqdadır.

Son illərdə gənclərə dövlət qayğısının güclənməsinin təzahürlərindən biriipoteka krediti şərtlərinin yumşaldılmasıdır. Dövlət başçısının "Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli fərmanı ilə ipoteka şərtləri yumşaldılıb və beləliklə, gənclərin mənzil probleminin həlli istiqamətində çox ciddi addım atılıb.

Prezident İlham Əliyevin 2011-ci ilin aprel ayında gənclərlə görüşü də Azərbaycan gəncliyinə dövlət tərəfindən diqqətin bariz təcəssümüdür. Gənclərin təhsili, məşğulluğunun artırılması, bir sözlə, gənclərin mənafeyi baxımından aktual məsələlərin müzakirə edildiyi bu görüş dünyada az rast gəlinəcək gözəl bir nümunədir.

Həmin görüş Azərbaycan gəncliyinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Prezident İlham Əliyev 2011-ci il iyulun 7-də "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını təsdiq edib. Proqramda qarşıya qoyulmuş vəzifələr gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, təhsil almaları üçün bərabər imkanların təmin edilməsi, məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının tələblərinə cavab verən gənc kadrların hazırlanması, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması, gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, gənc ailə institutunun möhkəmləndirilməsi, gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi, gənclərin sosial müdafiəsinin gücləndirilməsi və digər vacib məsələlərdir. Prezident İlham Əliyevin Azərbaycan gənclərinin VI Forumunun iştirakçılarına məktubunda bu barədə deyilir: "Belə bir proqramın mövcudluğu dövlətin gənclərlə bağlı siyasətinin parlaq təzahürüdür. Proqramda əsas vəzifələr sırasında gənclərin ictimai həyatın ən müxtəlif sahələrində yaxından iştirakına, onların cəmiyyətimizdə layiqli yer tutması və beynəlxalq aləmdə tanınması məsələlərinə xüsusi diqqət yetirilir. Ümidvaram ki, bu forum proqramın uğurla həyata keçirilməsi və yeni-yeni çalarlarla zənginləşməsinə zəmin yaradacaqdır".

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimaisosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək fondun əsas məqsədidir. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyir, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artırır, ideyaların yaradılması və idarəedilməsində bacarığını stimullaşdırır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2012-ci il tarixli qərarı ilə "Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə" təsdiq olunub. Bu əsasnamə gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması, formalaşdırılması mexanizmini, zənginləşdirilməsi, idarə olunması və ondan istifadə qaydalarını müəyyən edir.  Məlumat Bankının məqsədi ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahələrində gənc kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsidir.

Bu gün Azərbaycanda gənc nəsil dövlət qayğısı ilə əhatə olunub. Gənclərin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə respublikanın bütün bölgələrində genişmiqyaslı məqsədyönlü aparılır, gənclər mərkəzləri yaradılır. Bütün bunlar isə bir daha təsdiq edir ki, Azərbaycanda gənclər siyasəti uğurla həyata keçirilir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 2 fevral.- S.4.