Bakıda Gənclər günü
qeyd edilmişdir
2 fevral Gənclər
Günüdür
Fevralın 1-də Gənclər Evində ("Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi" Gənclik Sosial İnkişaf Proqramı) 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir "Dünya Türk Gəncləri Birliyi" İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və "Azərbaycan İnkişaf Mərkəzi" İctimai Birliyi ilə birlikdə təşkil edilmişdir. AzərTAc xəbər verir ki, "Gənclər Evində - Gənclər Günü" adlı tədbirdə ofisin rəhbəri Nurcan Səmədova iştirakçıları təbrik edərək gələcək planlar haqqında danışmışdır. Qeyd olunmuşdur ki, gənclərin iş həyatına hazırlığı, rəqabətəsaslı iqtisadi sistemdə peşə və sənət sahibi olmaları, təlim və tədris imkanlarından istifadə edərək peşəkar vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin məşğulluq problemlərinin həllinə yardım etməkdir.
Sonra Gənclər Evinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nərmin Kərimli ötən ilin noyabrından fəaliyyətə başlayan qurumun reallaşdırdığı layihələr barədə danışmış, üzv gənclər arasında keçirilən "Azərbaycan və Azərbaycan gəncliyi" sorğusu haqqında ətraflı məlumat vermişdir. Hazırda Gənclər Evinə 7 min gəncin üzv olmaq üçün müraciət etdiyini deyən N.Kərimli artıq 2 min nəfərin üzvlüyünün təsdiqləndiyini vurğulamışdır.
Bildirilmişdir ki, Gənclər Evi layihəsinin əsas məqsədlərindən biri də müxtəlif istiqamətlərdə ödənişsiz kursların təşkili və gənclərin bu kurslara cəlb olunmasıdır. Bu gün ilk dəfə olaraq media, vəsait ayırma, liderlik, ingilis dili kurslarını müvəffəqiyyətlə başa vuran gənclərə sertifikatlar təqdim ediləcəkdir.
Tədbirdə ARGTMŞ-nin sədr müavini Mirhəsən Seyidov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı və digərləri təmsil etdikləri təşkilatların gənclərlə bağlı gələcək planlarını diqqətə çatdırmış, Gənclər Evi ilə bu istiqamətdə sıx əməkdaşlıq edəcəklərini bildirmişlər.
Sonra kursları müvəffəqiyyətlə başa vuran gənclərə sertifikatlar təqdim edilmişdir. Tədbir Gənclər Evinin üzvlərinin ifasında milli və dünya musiqiləri ilə davam etmişdir.
* * *
Suraxanı Rayon Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Gənclərlə görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak etmişlər.
Rayon gənclər və idman idarəsinin rəisi Amil Bağırov suraxanılı gənclərin ötən il əldə etdikləri uğurlar barədə məlumat vermişdir.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri 2 fevral - Gənclər Günü münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyev daim gənclərə qayğı göstərmiş, onların şəxsiyyət kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına müsbət təsir göstərir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Tədbirdə çıxış edən Raqif Abbasov, Seymur Orucov qeyd etmişlər ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Tədbirdə xüsusi vurğulanmışdır ki, bu yüksək münasibətə cavab olaraq Azərbaycan gəncləri bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını doğrultmalıdırlar.
Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup gəncə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının, YAP Suraxanı rayon təşkilatının fəxri fərmanları və hədiyyələr təqdim olunmuş, YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiya vəsiqələri verilmişdir.
Sonda
Səttar Bəhlulzadə adına mədəniyyət
sarayının bədii kollektivi konsert proqramı ilə
çıxış etmişdir.
Azərbaycan.-2013.- 2 fevral.- S.5.