Azərbaycan Respublikası Ali
Məhkəməsinin növbəti Plenumu
keçirilmişdir
Fevralın 1-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.
AzərTAc xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenum iclasını açaraq bildirmişdir ki, 2012-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Ötən il Azərbaycan xalqının və dövlətinin tarixinə möhtəşəm zəfərlərlə həkk olunmuşdur. Dünyanın 155 dövlətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın may ayında bu mötəbər qurumun iclasına sədrliyini həyata keçirməsi, Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) çəkilişinə qərar verilməsi, ölkəmizin iqtisadiyyatının rəqabətədavamlılığına görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerə çıxması dövlətimizin beynəlxalq imicinin yüksəlməsinə xidmət etmişdir.
R.Rzayev bildirmişdir ki, ötən ildə Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılmış, Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilmiş, aparatda yeni texnologiyalar tətbiq edilmiş, hakimlərin və məhkəmə aparatı işçilərinin sosial təminatı yaxşılaşdırılmış, maddi-texniki baza möhkəmləndirilmişdir. Eyni zamanda, əvvəlki illərlə müqayisədə 2012-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir. Respublikamızın bir sıra rayonlarında yeni məhkəmə binaları tikilib istifadəyə verilmişdir.
Ali Məhkəmənin sədri vurğulamışdır ki, Azərbaycan Respublikası "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim hüquq sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətin Avropa Məhkəməsinin yurisdiksiyasını tanımasından ilk növbədə Azərbaycan vətəndaşları faydalanırlar. Vətəndaşlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çıxış əldə etmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedent hüququ öyrənilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə "dəyirmi masa"lar keçirilir, Avropa dövlətləri məhkəmələrinin təcrübəsinin öyrənilməsinə kömək edən xarici ölkələrə tanışlıq səfərləri təşkil edilir.
Plenumda Ali
Məhkəmənin kollegiya sədrlərinin
2012-ci ildə ədalət mühakiməsinin həyata
keçirilməsi vəziyyətinə dair
məlumatları dinlənilmişdir.
Qeyd
edilən məlumatlarla əlaqədar Plenumda geniş
müzakirələr və təhlillər
aparılmışdır.
Məruzə
edən kollegiya sədrləri 2012-ci ildə
kollegiyaların fəaliyyətində
nəzərəçarpacaq irəliləyiş olduğunu
qeyd etmişlər.
Ali Məhkəmənin
bütün kollegiyalarında - mülki, inzibati-iqtisadi, cinayət
və hərbi kollegiyalarında 2012-ci ildə
baxılmış işlər 2011-ci ilin müvafiq
dövrü ilə müqayisədə artmışdır.
Mülki kollegiyada 6 faiz, inzibati-iqtisadi kollegiyada 58,3 faiz, cinayət
kollegiyasında 59 faiz, hərbi kollegiyada isə 5,6 faiz artma müşahidə
olunmuşdur. Mülki kollegiyada ailə, əmək, bank krediti
ilə bağlı baxılan işlərin sayı nəzərəçarpacaq
dərəcədə artmışdır.
Ümumiyyətlə,
Ali Məhkəməyə daxil olmuş işlərin sayı
20,5 faiz çoxalmışdır.
Baxılan
işlərin sayının artmasına baxmayaraq, ləğv
olunan məhkəmə qərarlarının sayı
azalmışdır. Bu isə aşağı instansiya məhkəmələri
tərəfindən qəbul edilən qərarların keyfiyyətinin
əvvəlki illərə nisbətən yüksək
olmasını göstərir.
2012-ci
ildə Ali Məhkəmədə vətəndaşların ərizə
və şikayətlərinə, digər müraciətlərinə
baxılmasına, onların hüquqi cəhətdən əsaslı
və düzgün cavablandırılmasına diqqət
artırılmışdır.
Ali Məhkəməyə
edilən müraciətlərdə artım müşahidə
olunmuşdur. Bu isə vətəndaşların məhkəmələrə
olan inamının artması kimi qiymətləndirilməlidir.
Ali Məhkəmənin
Plenumunun 2012-ci ildə 5 iclası keçirilmiş, 14 qərar
çıxarılmışdır.
Plenumda
Ali Məhkəmənin 2013-cü ilin birinci yarısına dair
iş planı təsdiq edilmişdir.
Plenumda
konkret işlərə baxılmışdır.
Plenum
müzakirə olunan məsələlər və
baxılmış işlər barədə müvafiq qərarlar
qəbul etmişdir.
Azərbaycan.-2013.- 2 fevral.- S.6.