Azərbaycan iqtisadi inkişafı, siyasi sabitliyigeosiyasi mövqeyi ilə əcnəbilərin diqqətini cəlb etmişdir

 

İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak fevralın 1-də Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevlə görüşmüşdür.

DMX-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Firudin Nəbiyev ölkələrimiz arasında mövcud olan əlaqələrdən danışmış, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara məlumat vermiş, son illərdə Azərbaycan Respublikasının əldə etdiyi iqtisadi nailiyyətləri, siyasi sabitliyi və geosiyasi mövqeyi ilə əcnəbilər üçün cəlbedici olduğunu, bu səbəbdən də ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayının hər il artdığını bildirmişdir.

Səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak ətraflı məlumata görə  xidmət rəisinə minnətdarlığını bildirmiş, ölkələrimiz arasında əlaqələrin  mövcud vəziyyətindən söhbət açmışdır. Səfir Azərbaycandan İraqa səfər edən və İraq iqtisadiyyatına investisiya qoymaq istəyən şəxslərin sayının ilbəil artdığını nəzərə çatdırmışdır. O, hələ sovet vaxtlarından İraq tələbələrinin Azərbaycanda təhsil aldığını məmnunluqla xatırlamışdır.

Xidmət rəisi son dövrlər Azərbaycanda tibb sahəsində təhsil alan iraqlı tələbələrin sayının artdığını diqqətə çatdırmış və bunun İraq Respublikasında həmin sahədə kadrlara ehtiyacın olması ilə əlaqələndirmişdir.

Görüşdə həmçinin Dövlət Miqrasiya Xidməti ilə İraq Respublikasının müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 2 fevral.- S.6.