Azərbaycanda daha bir
internet televiziyasının təqdimatı olmuşdur
Fevralın
1-də Beynəlxalq Mətbuat Mərkəzində www.Oxu.tv
internet televiziyasının təqdimat mərasimi
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, "Kaspi" Təhsil Mərkəzinin rəhbərliyinin,
Milli Məclisin deputatlarının, Təhsil, Gənclər və
İdman nazirliklərinin nümayəndələrinin, KİV
təmsilçilərinin iştirak etdikləri tədbirdə
yeni yaradılmış internet televiziyasının məqsədləri
barədə ətraflı məlumat verilmişdir.
Layihənin
rəhbəri Azər Vəliyev www.Oxu.tv-nin milli təhsil layihəsi
olduğunu demişdir. Bildirilmişdir ki, layihənin
yaradılmasına təhsil sahəsində tanınmış
mütəxəssislər və pedaqoji kadrlar, eləcə də
peşəkar televiziya əməkdaşları dəstək
olmuşlar.
Bu layihənin
bir yenilik olduğunu bildirən "Kaspi" Təhsil
Şurasının sədri Sona Vəliyeva qeyd etmişdir ki,
yeni internet televiziyasının maddi və akademik dəstəkçisi
"Kaspi" Təhsil Mərkəzidir. O bildirmişdir ki,
layihənin məqsədi Azərbaycanda orta təhsil
bazasını möhkəmləndirmək, bütün orta
ümumtəhsil məktəblərində yüksək səviyyəli
tədris imkanlarını genişləndirmək, müəllimlər,
xüsusilə də, gənc pedaqoji kadrlar üçün
alternativ dərslərin keçirilməsi sahəsində təcrübə
toplamaq imkanı yaratmaqdır.
S.Vəliyeva
demişdir: "Şagirdlər arasında musiqinin, incəsənətin,
idmanın təbliği də bizim prioritetlərdən biridir.
Yeni yaranmış internet televiziyası fəaliyyətini Təhsil,
Gənclər və İdman nazirlikləri, müxtəlif
dövlət qurumları, uşaq, gənclər və
qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq
şəklində quracaqdır".
www.Oxu.tv
saytının əsas məqsədinin yüksək keyfiyyətlə
hazırlanmış videodərslərin geniş
tamaşaçı auditoriyası üçün
yayımlanması olduğunu bildirən S.Vəliyeva qeyd
etmişdir ki, bu videodərslər Azərbaycan Respublikası Təhsil
Nazirliyinin tədris planına əsasən
hazırlanmışdır. Onlar ölkəmizin orta ümumtəhsil
məktəblərində tədris olunan I-XI siniflər
üzrə bütün fənləri əhatə edir.
Tədbirdə
çıxış edən professor Yəhya Kərimov, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Aynur Sofiyeva, Mətbuat
Şurasının sədri Əflatun Amaşov, Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun icraçı direktoru Vüqar Səfərli və
başqaları "of line" internet televiziyası
formatında qurulmuş bu təhsil portalının Azərbaycanın
internet aləmində bir yenilik olduğunu bildirmişlər.
Çıxış edənlər qeyd etmişlər ki, yeni
internet televiziyası həm də gənc nəslin asudə
vaxtının səmərəli təşkil olunmasında
mühüm rol oynayacaqdır.
Mərasimdə
www.Oxu.tv-nin fəaliyyətini əks etdirən film
nümayiş olunmuşdur.
Azərbaycan.-2013.- 2 fevral.- S.7.