Azərbaycan
Respublikasının Maliyyə Nazirliyində geniş tərkibli kollegiya iclası
keçirilmişdir
Fevralın
1-də Maliyyə Nazirliyində 2012-ci ilin yekunları və
2013-cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
maliyyə naziri Samir Şərifov çıxış edərək
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilən, keyfiyyətcə yeni inkişaf mərhələsinə
daxil olan və sürətlə dünya iqtisadiyyatına inteqrasiya
edən çoxşaxəli iqtisadiyyatımızda ötən
ildə də makroiqtisadi sabitliyə, qeyri-neft sektorunda yüksək
artım sürətinə, dövlət büdcəsinin
stabil icrasına nail olunduğunu, əhalinin yaşayış
səviyyəsinin və pul gəlirlərinin, ölkənin
valyuta ehtiyatlarının artdığını
bildirmişdir.
Azərbaycanın ötən il qazandığı nailiyyətlərdən söz açan S.Şərifov bildirmişdir ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2012-ci ildə ölkəmiz ciddi uğurlara imza atmış, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlayaraq may ayı ərzində Şuraya sədrlik etmişdir. Bir sıra mötəbər beynəlxalq tədbirlərə və yarışlara, o cümlədən "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycan London Yay Olimpiya Oyunlarında tarixi qələbələr qazanmış və nəhayət, birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsinə nail olmuşdur.
Nazir 2012-ci ilin digər böyük sosial hadisəsindən - sovet dövründən qalan əmanətlərin qaytarılması prosesindən danışaraq bildirmişdir ki, Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icrası müvəffəqiyyətlə təmin edilmişdir. Ötən il iyunun 1-dən 2013-cü il yanvarın 1-dək "Kapital Bank" ASC-nin struktur bölmələri tərəfindən 1 milyon 448 min 941 əmanət hesabı üzrə 554 milyon 711 min manatdan çox vəsait fərdi birdəfəlik ödəmələr şəklində əmanətçilərə qaytarılmışdır.
Keçən büdcə ilinin uğurla icra edildiyini bildirən nazir qeyd etmişdir ki, ilkin məlumatlara əsasən 2012-ci il icmal büdcəsinin gəlirləri 22.1 milyard manat və ya 101 faiz, icmal büdcənin xərcləri 19,7 milyard manat və ya 94,4 faiz icra olmuşdur. Dövlət büdcəsinin mədaxili 17.3 milyard manat və ya 101,4 faiz, xərcləri isə 17.1 milyard manat və ya 96,7 faiz təşkil etmişdir. 2012-ci ildə dövlət büdcəsi xərclərinin 55,3 faizi cari xərclərə, 43,4 faizi əsaslı xərclərə, 1,3 faizi isə dövlət borclarına xidmətlə bağlı xərclərə sərf edilmişdir. 2011-ci ilə nisbətən 2012-ci ildə dövlət büdcəsindən təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, kənd təsərrüfatı xərclərinə orta hesabla 8,7 faizədək çox vəsait yönəldilmişdir. Dövlət büdcəsindən sosialyönümlü xərclərə 4.7 milyard manat və ya 27,4 faiz sərf edilmişdir ki, bu da 2011-ci illə müqayisədə 7,9 faiz çoxdur.
Ötən
il dövlət büdcəsinin icrası ilə bağlı
maliyyə orqanlarının qarşısında duran vəzifələrin
ümumən yerinə yetirildiyini deyən nazir qeyd etmişdir
ki, əmək haqlarının, müavinətlərin,
pensiyaların, dövlət borcu üzrə öhtəliklərin
yerinə yetirilməsi, bütün zəruri xərclərin
maliyyələşdirilməsi təmin edilmişdir.
Bildirilmişdir
ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri barədə" 2011-ci il 28 dekabr tarixli fərmanı
ilə yaradılmış Komissiya tərəfindən
müvafiq meyarlara uyğun olan və Azərbaycan Silahlı
Qüvvələrində 20 təqvim ili və daha çox
xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti
hesabına mənzillə təmin olunmasına
başlanılmışdır.
Nazir
dövlət büdcəsi layihəsinin tərtibi prosesinin və
xərclərinin strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin
və ünvanlılığının təmin edilməsi
istiqamətində işlərin 2012-ci ildə də davam
etdirildiyini kollegiya iştirakçılarının diqqətinə
çatdırmışdır.
Maliyyə
naziri bu istiqamətdə gedən işlərlə
bağlı bildirmişdir ki, əhalinin ətraflı məlumatlandırılması
üçün 2013-cü ilin dövlət və icmal
büdcələrinin layihələri Azərbaycan
Respublikası Milli Məclisinə təqdim olunmamışdan
qabaq Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində
yerləşdirilmişdir.
Hesabat
ilinin II rübündən başlayaraq dövlət büdcəsinin
icrasına dair rüblük hesabata icmal büdcənin göstəriciləri
də daxil edildiyi, yerli xərclərdən maliyyələşən
və maliyyə yardımı alan təşkilatların,
maliyyə orqanlarının aidiyyəti işçilərinə
büdcə layihəsinin tərtibi ilə bağlı praktiki
kömək göstərilməsi üçün Maliyyə
Nazirliyinin İşçi qrupu tərəfindən
bütün rayon və şəhərləri əhatə edən
zonalar üzrə seminar-müşavirələrin
keçirildiyi diqqətə
çatdırılmışdır.
İclasda
2013-cü il dövlət büdcəsinin bütün parametrləri
üzrə icrasının təmin olunması, vəsaitlərdən
daha da səmərəli istifadə edilməsi və nəzarətin
gücləndirilməsi, 2012-ci il dövlət büdcəsinin
icrasına dair müvafiq qanun layihəsinin və
yardımçı materialların hazırlanıb aidiyyəti
üzrə təqdim olunması, 2014-cü il və sonrakı
üç il üçün dövlət və icmal
büdcə layihəsinin vaxtında və daha da keyfiyyətlə
hazırlanması üçün qanunvericiliklə
qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə
yetirilməsinə dair tapşırıqlar verilmişdir.
Kollegiya
iclasında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5
sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş
"Açıq Hökumətin təşviqinə və
Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planlarının
icrası üzrə Maliyyə Nazirliyinin 2013-cü il
üçün Tədbirlər Planları barədə"
məsələ də müzakirə olunmuşdur. "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya" çərçivəsində
həyata keçirilən tədbirlərin
davamlılığının təmin edilməsi, bu sahədə
normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi,
dövlət və yerli özünüidarə
orqanlarının fəaliyyətinin açıq hökumət
prinsiplərinə uyğunlaşdırılması, qərarların
qəbulu prosesində ictimaiyyətin iştirakının
genişləndirilməsi və şəffaflığın
artırılması, vətəndaş müraciətlərinə
baxılması, vətəndaşların qəbul edilməsi,
onların ərizə və şikayətlərinə
baxılması, onları hərtərəfli təhlil edərək
əsaslı şikayətlərin aradan qaldırılması
üçün operativ şəkildə tədbirlərin həyata
keçirilməsi ilə bağlı konkret
tapşırıqlar verilmişdir.
Çıxışlarda
bəzi rayon, şəhər üzrə maliyyə
orqanları tərəfindən dövlət büdcəsinin
yerli gəlir və xərclərinin tərtibi və icrası
prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının
aparılmasında nöqsanlara yol verildiyi, hesabat və məlumatların
vaxtında və keyfiyyətli nazirliyə təqdim
olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd
olunmuşdur. Bəzi rayon, şəhər maliyyə
orqanlarının rəhbərlərinə işlərində
dönüş yaradılması üçün müvafiq
tapşırıqlar verilmişdir.
İclasda
Maliyyə Nazirliyinin tabeliyindəki qurumların, rayon, şəhər
maliyyə orqanlarının maddi-texniki bazasının və
iş şəraitinin yaxşılaşdırılması
istiqamətində işlərin davam etdirildiyi qeyd
olunmuşdur.
Kollegiya
iclasının yekununda müzakirə edilən məsələlərə
dair müvafiq qərarlar qəbul edilmişdir.
Sonra
uzun müddət dövlət qulluğunda səmərəli
fəaliyyət göstərdiklərinə görə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
"Dövlət qulluğunda fərqlənməyə görə"
medalı ilə təltif olunmuş 4 əməkdaşa medal təqdim
olunmuşdur. Tədbirdə həmçinin Maliyyə Nazirliyi
sistemində uzunmüddətli səmərəli fəaliyyətləri
və peşəkarlıqlarına görə nazirliyin
müvafiq əmrlərinə əsasən "Azərbaycan
Respublikası maliyyə nazirinin Təşəkkürnaməsi"
ilə 7 nəfər əməkdaş təltif olunmuşdur.
Azərbaycan.-2013.- 2 fevral.- S.7.