Nyu-Meksiko ştatının Nümayəndələr Palatası da Xocalı faciəsini tanımışdır

 

Yanvarın 31-də Nyu-Meksiko ştatının Nümayəndələr Palatası da Xocalı faciəsini tanımaq barədə qətnamə qəbul etmişdir. Ştatın qanunvericilik orqanının aşağı palatasında qəbul olunan qətnamənin müəllifi Nümayəndələr Palatasının üzvü xanım Debbi Rodelladır.

Qətnamədə deyilir ki, 1992-ci il fevralın 25-26-da Azərbaycanın Xocalı şəhərinin işğalı zamanı erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox insan həyatını itirmiş, mindən artıq azərbaycanlı yaralanmış, 1200-dən çox adam girov götürülmüşdür.

Sənəddə qeyd edilir ki, meyitlərin təhqir olunması, eybəcər hala salınması qırğının vəhşiliklə törədildiyini təsdiq edir. Bu qırğına beynəlxalq təşkilatlar da münasibət bildirmişlər.

Xəbər verdiyimiz kimi, yanvarın 28-də Nyu-Meksiko ştatının Senatı da Xocalı faciəsini tanımışdır. Beləliklə, Nyu-Meksiko ilk ştatdır ki, parlamentinin hər iki palatası Xocalı faciəsini tanımışdır.

Xatırladırıq ki, Xocalı faciəsi Texasın, Nyu-Cersinin, Corcianın, Meynin qanunvericilik orqanları tərəfindən tanınmışdır.

 

 

Yusif BABANLI, 

AzərTAc

Vaşinqton

 

Azərbaycan.-2013.- 2 fevral.- S.7.