Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci
Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası
olmuşdur
Fevralın
2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək
birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk
iclası olmuşdur.
Dövlət
başçısı iclası giriş nitqi ilə
açdı.
Prezident İlham Əliyevin giriş
nitqi
- Bu
gün biz Avropa Oyunlarının Təşkilat Komitəsinin
birinci iclasını keçiririk. Bildiyiniz kimi, keçən
ilin sonunda - dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Məclisində
2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi haqqında qərar qəbul edilmişdir.
Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini
böyük səs çoxluğu ilə dəstəkləmişdir.
Bu,
böyük tarixi hadisədir. Çünki ilk dəfədir
ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya
Oyunları Avropa qitəsində yaranmışdır və
ondan sonra Avropa qitəsində də bərpa edilmişdir.
Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir.
İlk oyunların Bakıda keçirilməsi əlbəttə
ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur.
Yanvarın 17-də Avropa Oyunlarını yüksək səviyyədə
keçirmək üçün Təşkilat Komitəsi
yaradılmışdır və bu gün biz Təşkilat
Komitəsinin birinci toplantısını keçiririk.
Bu
tarixi qərarın qəbul edilməsində əlbəttə
ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol
oynamışdır. Son illər ərzində Azərbaycan
dünya miqyasında özünü dinamik inkişaf edən
müasir güclü ölkə kimi təqdim edə
bilmişdir. Baxmayaraq ki, biz cəmi 21 ildir müstəqil
dövlət kimi yaşayırıq, bu gün Azərbaycan
dünya miqyasında çox etibarlı tərəfdaş və
etibarlı dost kimi tanınır. Bizim beynəlxalq
nüfuzumuzun yüksək səviyyədə olmasını,
eyni zamanda, BMT Təhlükəsizlik Şurasına üzv
seçilməyimiz də təsdiqləyir. Bu da tarixi bir qərar
idi. Müstəqilliyimizin 20-ci ildönümünə təsadüf
edən bu tarixi qərar əslində 20 il ərzində
görülən işlərin təzahürü idi. Bu
gün Azərbaycan dünya birliyinin bir nömrəli qurumunun
üzvüdür və keçən ilin may ayında BMT Təhlükəsizlik
Şurasına sədrlik etmişdir.
Əlbəttə
ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi
və təsir imkanlarımızın genişləndirilməsi
sayəsində ölkəmizin gələcək maraqları
daha dolğun şəkildə təmin ediləcəkdir.
Şübhəsiz ki, Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi haqqında verilmiş qərarın əsasında
məhz bu amil dayanmışdır. Bununla bərabər,
ölkəmizin dinamik iqtisadi inkişafı əlbəttə
ki, öz rolunu oynamışdır. Hətta böhranlı illərdə
Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və
bütün beynəlxalq mötəbər qurumlar bunu təsdiqləyir.
Keçən il dünyanın aparıcı "Fitch",
"Moody's" və "Standard & Poor's" reytinq agentlikləri
ölkəmizin kredit reytinqini artırmışlar. Baxmayaraq
ki, bəzi inkişaf etmiş ölkələrin reytinqi
aşağı salınmış, bizim reytinqimiz
qaldırılmışdır.
Bu
yaxınlarda mən Davosda Ümumdünya İqtisadi Forumunda
iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan
və ölkəmizdə gedən proseslər orada diqqət mərkəzində
idi. Bu forum, bildiyiniz kimi, dünyanın siyasi və iqtisadi
elitasını cəmləşdirir. Çox sevindirici hal
ondan ibarətdir ki, Azərbaycan haqqında dünya ictimaiyyətində,
dünya siyasi və iqtisadi elita nümayəndələri
arasında çox müsbət imic, müsbət rəy
vardır. Təsadüfi deyil ki, Davos Ümumdünya
İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan
iqtisadiyyatı MDB məkanında rəqabət qabiliyyətliliyinə
görə birinci, dünya miqyasında isə 46-cı yerdədir.
Yəni, bu amillər də əlbəttə ki, oyunların
Bakıda keçirilməsi haqqında qərarın qəbul
edilməsində öz rolunu oynamışdır.
İqtisadiyyatımız
son doqquz il ərzində üç dəfə artmış
və bu gün iqtisadiyyat şaxələndirilmiş,
dayanıqlı iqtisadiyyatdır. İqtisadi inkişafın
genişləndirilməsi üçün çox gözəl
imkanlar vardır. Eyni zamanda, əlbəttə ki, maliyyə
resurslarımız da kifayət qədər
böyükdür, çoxdur və bu amil də oyunların
Bakıda keçirilməsini şərtləndirdi.
Digər
səbəblər də vardır. Ölkəmizdə son illər
ərzində yaradılmış idman infrastrukturu dünya səviyyəsinə,
dünya standartlarına cavab verir. Hazırda tikilmiş və
tikilməkdə olan obyektlər, idman qurğuları bizə
imkan verəcəkdir ki, oyunları yüksək səviyyədə
keçirək. Çünki hesab edirəm ki, əsas idman
qurğuları oyunların keçirilməsinə imkan
yaradacaqdır. Əgər əlavə bir idman obyektinin tikilməsinə
ehtiyac yaranarsa, biz bunu 2015-ci ilə qədər həll edəcəyik.
Bu
oyunların Bakıda keçirilməsi əhali tərəfindən
çox yüksək səviyyədə dəstəklənir.
Biz bu dəstəyi əvvəlki dövrdə də hiss
etmişik. Çünki bildiyiniz kimi, Azərbaycan iki dəfə
öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi
üçün vermişdir. O zaman rəy sorğuları
keçirilmiş və müəyyən edilmişdir ki, Azərbaycan
əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini
arzulayır, dəstəkləyir və bu amil də çox
mühüm rol oynayır.
Şəhər
infrastrukturu müasirləşir. Bu gün Bakı
dünyanın ən gözəl şəhərlərindən
biridir. Həm gözəlliyi, həm tarixi siması, həm də
müasirliyi ilə fərqlənir. Şəhər
infrastrukturunun inkişafı ilə bağlı əlavə tədbirlər
görüləcək və biz Bakını bundan sonra da
inkişaf etdirəcəyik, daha da gözəlləşdirəcəyik.
Bizim
artıq mötəbər beynəlxalq tədbirlərin
keçirilməsində gözəl təcrübəmiz
vardır. Azərbaycanda mütəmadi qaydada dünya, Avropa
çempionatları keçirilmişdir. Keçən il ilk dəfə
olaraq futbol üzrə qızlar arasında dünya
çempionatı yüksək səviyyədə
keçirilmişdir. İki həftədən çox bir
müddətdə bütün idmançılar və şəhərimizin
qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini
hiss etmiş və ölkəmizdə gedən sürətli
inkişaf prosesini izləmişlər. FİFA və UEFA rəhbərliyi
tərəfindən bu çempionatın keçirilməsinə
və bizim təşkilatçılıq qabiliyyətimizə
çox yüksək qiymət verilmişdir.
Yəni,
biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq
qabiliyyətimizi göstərməklə bir növ yeni
standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan
standartlarıdır. Çünki istənilən beynəlxalq
tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə
keçirilir və hesab edirəm ki, Avropa Oyunları da
yüksək səviyyədə keçiriləcəkdir.
Hesab
edirəm ki, Avropa idman ailəsinin bizə göstərdiyi
etimadın təməlində, eyni zamanda,
idmançılarımızın uğurları da
böyük rol oynamışdır. Çünki Azərbaycan
bu gün dünyada və Avropada idman dövləti kimi
tanınır. İdmançılarımızın uğurları
həm Avropa, həm dünya çempionatlarında, həm də
Olimpiya Oyunlarında özünü göstərir. London Yay
Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10
medal qazanmışdır və Avropa ölkələri
arasında 15-ci yerə layiq görülmüşdür. Əlbəttə
ki, idmançıların uğurlu
çıxışları bu oyunların Bakıda
keçirilməsinə müsbət təsir göstərmişdir.
Əlbəttə
ki, digər amillər də öz rolunu oynamışdır. Ancaq əsas amillər bunlardan ibarətdir. İndi isə
hazırlıq dövrü
başlayır. Bu, çox məsuliyyətli
bir dövr olacaqdır. Çünki
Yay Olimpiya Oyunlarından fərqli olaraq bizim hazırlıq
üçün cəmi
iki il
vaxtımız vardır.
Çünki bildiyiniz
kimi, Yay Olimpiya Oyunlarının hazırlığı üçün
6-7 il vaxt
verilir. Yəni, bu ilin sentyabr ayında 2020-ci ildə keçiriləcək
Olimpiya Oyunlarının
şəhəri müəyyən
ediləcəkdir.
Yəni,
o oyunları keçirəcək
ölkə təqribən
6-7 il ərzində
hazırlıq işləri
görəcəkdir. Bizim
isə hazırlıq
işlərinin görülməsi
üçün cəmi
2 il vaxtımız
vardır. Bu, çox böyük məsuliyyətdir. Eyni zamanda,
böyük inamdır,
böyük şərəfdir.
Mən əminəm ki, bütün müvafiq qurumlar bu oyunların
yüksək səviyyədə
keçirilməsi üçün
səylərini əsirgəməyəcəklər
və həmişə
olduğu kimi, biz bu dəfə də ölkəmizin qüdrətini, xalqımızın
qonaqpərvərliyini, Azərbaycanın
dinamik inkişafını
Avropaya və beləliklə, bütün
dünyaya nümayiş
etdirəcəyik.
Bayaq qeyd etdiyim kimi, oyunları
yüksək səviyyədə
keçirmək üçün
Təşkilat Komitəsi
yaradılmışdır. Təşkilat Komitəsində həm dövlət qurumlarının
nümayəndələri, Milli Olimpiya Komitəsinin üzvləri,
idmançılar, ictimai
sahədə fəaliyyət
göstərən insanlar
cəmləşib. Təşkilat Komitəsinə isə Mehriban Əliyeva sədrlik edir. Deyə bilərəm ki, Mehriban Əliyeva,
eyni zamanda, keçən il
"Eurovision" mahnı müsabiqəsinin
Təşkilat Komitəsinə
rəhbərlik etmişdir.
Ümumi
rəyə görə,
"Eurovision" mahnı müsabiqəsi
Bakıda ən yüksək səviyyədə
keçirilmişdir və
bəlkə də
"Eurovision" müsabiqəsinin tarixində belə gözəl müsabiqə
keçirilməmişdir. Bütün təşkilati
məsələlər öz
həllini tapmışdır,
qonaqlar həm şəhərimizin gözəlliyi
ilə tanış
olmuşlar, eyni zamanda, özlərini çox rahat hiss etmişlər. Çünki həm insanların
qonaqpərvərliyi, eyni
zamanda, şəhərimizdə
hökm sürən asayiş, sabitlik öz rolunu oynamışdır. Əminəm
ki, Avropa Olimpiya Komitəsinin bizə göstərdiyi etimadı Mehriban Əliyevanın rəhbərliyi
altında Təşkilat
Komitəsi yüksək
səviyyədə doğruldacaq
və bu oyunlar Olimpiya Oyunlarının tarixində
sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni
zamanda, ən gözəl oyunlar kimi qalacaqdır.
Bu
gün isə biz artıq Təşkilat Komitəsinin görəcəyi
işlərlə tanış olacağıq və məruzə
etmək üçün söz verilir Təşkilat Komitəsinin
sədri Mehriban Əliyevaya.
Azərbaycan.-2013.- 3 fevral.- S.1.