Azərbaycan Prezidenti
İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək
birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk
iclası olmuşdur
Prezident
İlham ƏLİYEV: İndi isə söz verilir gənclər
və idman naziri Azad Rəhimova.
Nazir Azad RƏHİMOV
çıxış edərək dedi:
-
Möhtərəm cənab Prezident!
Hörmətli
müşavirə iştirakçıları!
Azərbaycan gəncinin potensial gücü çox
böyükdür. Həm fiziki gücü
böyükdür, həm də mənəvi iradəsi
böyükdür. Əgər biz
hamımız idmanın inkişafına şərait yaratsaq,
idmanı kütləvi etsək və bütün insanlar
üçün bədən tərbiyəsini onların həyatının
bir hissəsinə çevirsək, xalqımızın fiziki,
mənəvi sağlamlığını təmin edəcəyik.
Ulu öndər Heydər Əliyevin bu tövsiyəsi və
qarşımızda qoyduğu vəzifələr, Sizin rəhbərliyiniz
altında aparılan düşünülmüş siyasət,
ardıcıl və məqsədyönlü fəaliyyət
Azərbaycanda idmanın kütləviliyini təmin etmiş,
ölkəmizin idman şöhrətini yüksəklərə
qaldırmışdır.
Müstəqillik dövründə Azərbaycan
idmançılarının Olimpiya oyunlarında
qazandığı nəticələrin artan dinamikası bu
sözləri sübut edir. Eyni zamanda, Azərbaycanda
keçirilən yarışların sayı və keyfiyyəti
ilbəil artmaqdadır.
Son on il ərzində Azərbaycanda 300-ə yaxın
beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə
keçirilmişdir.
Bu tədbirlərin,
o cümlədən bir çox
idman növləri üzrə dünya və Avropa
çempionatlarının Bakı şəhərində təşkilinin
ənənəvi hal alması, ölkəmizdə yüksək
səviyyədə yarışların keçirilməsi
Olimpiya ailəsində inam yaratmışdır.
Ölkəmizdə
aparılan böyük tikinti-quruculuq işləri, həyata
keçirilən infrastruktur layihələri Bakını
dünyanın ən gözəl şəhərlərindən
birinə çevirmiş, bütövlükdə Azərbaycanda
müasir idman infrastrukturunun yaradılması sahəsində
böyük işlər görülmüş və bu
işlər yüksək templə davam etdirilməkdədir.
2016-cı
ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya
Oyunlarının, 2017-ci ildə
IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi
üçün Bakının namizədliyinin irəli
sürülməsi, FİDE-nin qərarına əsasən
ölkəmizin Dünya Kuboku-2015 və Şahmat
Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi
hüququnu əldə etməsi dünya idman və Olimpiya aləminin
Azərbaycana olan marağını daha da
artırmışdır. Odur ki, ilk Avropa Oyunlarının
Bakı şəhərində keçirilməsi ilə
bağlı qərarın qəbul edilməsi təsadüfi
deyil.
Bakıda
keçiriləcək birinci Avropa Oyunlarının təşkili
prosesində bir sıra məsələlərin həll
olunması da zəruridir. Təşkilat Komitəsinin sədri
Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, bəzi idman
növləri üçün müvəqqəti idman
qurğularının inşa edilməsi vacibdir. Mart
ayının ikinci yarısında Avropa idman federasiyaları ilə
müvafiq sənədlər imzalanandan sonra bir sıra idman
qurğularının, o cümlədən atıcılıq
üçün müvafiq stendin, vaterpol üçün
müvəqqəti arenanın, çimərlik voleybolu
üçün müvəqqəti meydançanın və
s. obyektlərin müvafiq beynəlxalq standartlara uyğun
inşasına ehtiyac yaranacaqdır.
Eyni
zamanda, bir sıra idman obyektləri beynəlxalq standartlara
uyğunlaşdırılmalıdır. Həmin idman obyektləri
həm müasir, həm də beynəlxalq federasiyaların
texniki tələblərinə uyğun vəziyyətə gətirilməlidir.
Bu tələblər, eyni zamanda, məşq prosesinin təşkil
edilməsinə də aid olmalıdır. Təcrübə
göstərir ki, iştirak edən idmançılar məşq
zallarının yarış keçirilən arenaların
texniki şərtlərinə və şəraitlərinə
uyğun olmasını istəyirlər. Bunu da qeyd etmək
vacibdir ki, media nümayəndələri
idmançıların məşq proseslərini daha çox
izləyir və məşq zallarında olan şərait
ümumi rəyə ciddi təsir edir.
Vacib sahələrdən
biri yarışlar zamanı idmançıların və məşqçilərin,
eyni zamanda qonaqların qidalanması, tibbi xidmət və nəqliyyat
məsələləridir. Atletlər kəndində xüsusi
poliklinikanın və yeməkxananın yaradılması ilə
bağlı planlar da müzakirə edilir. Eyni zamanda,
yarış yerlərində xüsusi qonaqlar üçün
VİP salonlar, yarışda iştirak edən
idmançıların qidalanması və
tamaşaçılar üçün iaşə obyektləri
şəbəkəsi yaradılmalıdır.
Yarış
günlərində şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi
ilə yanaşı, idmançıların, rəsmi nümayəndə
heyətlərinin, jurnalistlərin və digər qonaqların
şəhərdə, atletlər kəndi-idman obyektləri
marşrutu ilə maneəsiz və fasiləsiz hərəkətini
təmin etmək üçün kiçik və irihəcmli
nəqliyyat vasitələrinin alınmasına ehtiyac
vardır.
Atletlər
kəndində idmançılar, məşqçilər və
yardımçı heyət üçün nəzərdə
tutulan yaşayış, inzibati, rəsmi və təsərrüfat
təyinatlı otaqlar və sahələr müvafiq mebel,
avadanlıq və ləvazimatla təchiz edilməlidir.
Eyni
zamanda, atlet kəndində yaşayan bütün kateqoriya
qonaqlar üçün müvafiq infrastruktur
yaradılmalıdır, o cümlədən trenajor
zalları, hovuz, xidmət sahələri,
bank, foto, kimyəvi təmizləmə, bərbərxana,
poçt məntəqəsi, internet klub, kafe, asudə
vaxtın keçirilməsi üçün yer və s.
Oyunların
keçirilməsi zamanı vacib elementlərdən biri də
könüllülərin bu işdə fəal
iştirakı, bütün idman obyektlərində, atlet kəndində,
hava limanında və digər iaşə və infrastruktur
obyektlərində təcrübəli gənclərin xidmət
göstərməsidir.
Təcrübə
göstərir ki, bu cür oyunların keçirilməsi yerli
mütəxəssislərlə yanaşı, xarici ekspertlərin
də cəlb olunmasını tələb edir. Bununla
bağlı, Gənclər və İdman Nazirliyi Milli Olimpiya
Komitəsi ilə birgə London Yay Olimpiadası-2012, Vankuver
Qış Olimpiadası-2010 və Futbol üzrə Dünya
Çempionatı-2010 kimi yarışların təşkilində
iştirak etmiş şirkət və mütəxəssislər
ilə birbaşa danışıqlar aparır. Bu
görüşlərin nəticəsi olaraq müraciətlərə
baxılmasından sonra işçi qrupunun tərkibi ilə
bağlı təkliflər irəli sürüləcəkdir.
Bununla yanaşı, oyunların daha peşəkar idarə
olunması üçün idman, nəqliyyat, təhlükəsizlik,
protokol, maliyyə məsələləri,
açılış və bağlanış mərasimləri
və digər sahələr üzrə dünyada
tanınmış ekspertlərin və mütəxəssislərin
dəvət olunması planlaşdırılır.
Əlbəttə,
oyunların keçirilməsi həmin idman
yarışlarında yüksək səviyyədə
iştirak etmək üçün bizim qarşımızda
çox ciddi tələblər
qoyur. Təşkilatçı
ölkə kimi, Azərbaycan bütün idman növləri
üzrə təmsil olunmaq hüququna malik olacaqdır. Bununla
bağlı nazirlik tərəfindən artıq ciddi işlərə
başlanılmış, hər bir idman növündə
perspektivli idmançılar müəyyən edilir. Eyni
zamanda, bu oyunların ölkəmizdə keçirilməsi
ümumilikdə idmanın inkişafına böyük təkan
verəcəkdir.
Dünya
idmanının tarixində ilk dəfə keçirilən
Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının
Bakının üzərinə qoyulması dövlətimiz
üçün böyük önəm daşıyır.
Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin,
rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir.
Yarış günlərində Avropanın, eləcə də
dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər
yayacaq, paytaxtımız növbəti dəfə dünya
idmanının mərkəzinə çevriləcəkdir.
Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun
və digər sahələrin inkişafına da böyük
təkan verəcəkdir. Avropa Oyunlarının keçirilməsində
əldə edəcəyimiz təcrübə gələcəkdə
digər mühüm yarışlara ev sahibliyi etməyimizə
şərait yaradacaq və təcrübəmizi
artıracaqdır. Ən əsası isə Yay Olimpiya
Oyunlarına təşkilatçılıq etmək
şanslarımız artacaqdır.
Möhtərəm
cənab Prezident!
Gənclər
və İdman Nazirliyi, ölkəmizin bütün gəncləri
və idman ictimaiyyəti bu möhtəşəm idman
yarışlarının ən yüksək səviyyədə
keçirilməsi üçün bütün səylərini
səfərbər edəcəkdir.
Diqqətinizə
görə çox sağ olun!
* * *
Prezident
İlham ƏLİYEV: Oyunların yüksək səviyyədə
keçirilməsi üçün əlbəttə ki, təhlükəsizlik
tədbirləri də yüksək səviyyədə
görülməlidir. Bu barədə danışmaq
üçün söz verilir daxili işlər naziri Ramil Usubova.
Nazir
Ramil USUBOV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Ümummilli
lider Heydər Əliyevin uzun dövrə hesablanmış
strateji siyasət kursunu xalqın və dövlətin
maraqlarına uyğun, müvəffəqiyyətlə
inkişaf etdirməniz sayəsində ölkə həyatının
bütün sahələrində davamlı tərəqqiyə
nail olunmuş, respublikamızın beynəlxalq nüfuzu əhəmiyyətli
dərəcədə yüksəlmiş, Azərbaycan regionun
lider dövlətinə çevrilmişdir.
Sözsüz
ki, rəhbərliyiniz altında əldə edilən bu nailiyyətlər,
həmçinin ölkəmizdə ictimai asayişin,
sabitliyin, insan hüquq və azadlıqlarının
etibarlı qorunmasında da mühüm rol
oynamışdır.
Uzun illərdir
ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə
və daxili təhlükəsizliyin təmini sahəsində
MDB və Şərqi Avropa məkanında lider dövlətlərdəndir.
Bu müsbət təmayül 2012-ci ildə də davam
etmişdir.
Zati-aliləri!
Ölkəmizi
dünya və Avropa birliyinin çox etibarlı üzvü
kimi tanıtmanızın məntiqi nəticəsidir ki, Azərbaycan
Respublikası və onun paytaxtı Bakı şəhəri
beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin
keçirildiyi məkana çevrilmişdir. Təkcə
ötən il respublikanın müxtəlif yerlərində
keçirilən 500-ə yaxın belə beynəlxalq tədbirdə
digər hüquq-mühafizə və xüsusi xidmət
orqanları ilə birgə ictimai asayiş və təhlükəsizlik
yüksək səviyyədə qorunmuşdur.
Çox
sevindirici haldır ki, Azərbaycanın iqtisadi, siyasi və əmin-amanlığın təmini
baxımından özünü sabit ölkə kimi tam təsdiqləməsi
2015-ci ildə birinci Avropa Oyunlarının məhz Bakı
şəhərində keçirilməsi ilə bağlı
tarixi qərarın qəbul edilməsi ilə nəticələnmişdir.
Əlbəttə,
bu mühüm hadisənin təməlində ölkəmizdə
idmanın inkişafına Zati-aliniz tərəfindən
göstərilən qayğı, o cümlədən
müasir idman infrastrukturunun yaradılması istiqamətində
gördüyünüz böyük işlər və bunun nəticəsi
kimi idmançılarımızın ən yüksək səviyyəli
beynəlxalq yarışlarda qazandığı nailiyyətlər
dayanır.
Möhtərəm
cənab Prezident!
Məruzə
edirəm ki, 2015-ci ildə keçiriləcək birinci Avropa
Oyunları ərəfəsində və dövründə
daxili sabitliyin, ölkəmizə gələcək nümayəndə
heyətlərinin və bütün qonaqların təhlükəsizliyinin
təmin olunması ilə bağlı hazırlıq işlərinə
Sizin göstərişinizlə artıq
başlanılmışdır.
Qarşıda
duran vəzifələrin uğurlu icrası üçün
müasir informasiya-kommunikasiya texnologiyalarından geniş
istifadə olunacaqdır. Bu baxımdan, hüquq qaydasına nəzarətin
fasiləsiz həyata keçirilməsində əhəmiyyətli
rolu olan "Təhlükəsiz Şəhər" sisteminin
videomüşahidə vasitələrinin əhatə dairəsinin
genişləndirilməsi istiqamətində işlər Sizin
böyük qayğınız sayəsində
ardıcıllıqla həyata keçirilməkdədir.
Sistemin fəaliyyətə
başladığı 2008-ci ildən bugünədək
respublika üzrə 1330 yerdə 5790, o cümlədən
paytaxtda 1064 yerdə 2902, Gəncədə 131 yerdə 370,
Sumqayıtda 85 yerdə 228, Abşeron rayonunda 19 yerdə 55,
habelə Bakı Metropolitenində 73 yerdə 1974 kamera
quraşdırılmışdır.
Cari ilin
birinci rübündə isə paytaxtda daha 150 yer üzrə
210 videomüşahidə vasitəsi istismara veriləcəkdir.
Bu sahədə fəaliyyətin davam etdirilməsi məqsədilə
yüksək diqqətinizə məruzə olunan məsələlər,
o cümlədən 150 yerdə "Üztanıma"
funksiyasına malik kameraların alınmasına zəruri
maliyyə vəsaitinin ayrılması və qarşıda
duran digər vacib vəzifələrin reallaşması
üçün göstərdiyiniz əvəzsiz köməkliklərə
görə Zati-aliləri, Sizə dərin minnətdarlığımı
bildirirəm.
Bundan əlavə,
ötən il keçirilmiş "Eurovision-2012" mahnı
müsabiqəsi ərəfəsində Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait
hesabına yol-patrul avtomobilləri, əl metal detektorları və
digər xüsusi vasitələr alınmış,
bütün yol-patrul avtomobilləri bort kompyuterlərlə təchiz
olunmuşdur.
Birinci
Avropa Oyunları ilə əlaqədar təminat tədbirləri
çərçivəsində əlavə olaraq post-patrul
xidməti avtomobillərində də bort kompyuterlərin
quraşdırılması, piyada naryadlar üçün
planşet kompyuterlərin, radiostansiyaların və metal axtaran
detektorların alınması nəzərdə tutulmuşdur.
Asayişin
təmini tədbirlərində iştirak edəcək
bayır xidməti əməkdaşlarının professional və
fiziki hazırlığının artırılması, habelə
ingilis dili kurslarına cəlb olunması sahəsində tədbirlər
də davam etdiriləcəkdir.
Bununla bərabər,
strateji əhəmiyyətli mühüm obyektlərdə
mühafizə-rejim tədbirləri, ölkədə akkreditə
olunmuş diplomatik nümayəndəliklərin qorunması
gücləndiriləcək, insanların sıx
toplaşdığı, o cümlədən istirahət və
gəzinti yerlərində hüquq qaydasının təmin
olunmasına cəlb ediləcək qüvvələrin
sıxlığı dislokasiya üzrə
artırılacaqdır.
Yarışlar
keçirilən ərazidə və qonaqların yerləşəcəyi
mehmanxanaların ətrafında nəzarət-buraxılış
işinin təşkili, habelə nəqliyyatın normal hərəkətinin
təmin edilməsi, xarici ölkələrin nümayəndə
heyətlərinin müşayiəti üçün
lazımi sayda yol-patrul naryadlarının ayrılması,
bütövlükdə isə bu mühüm beynəlxalq tədbirə
polisin və Daxili Qoşunların 20 mindən çox əməkdaşının
və hərbi qulluqçusunun cəlb edilməsi nəzərdə
tutulmuşdur.
Digər
hüquq-mühafizə orqanları ilə
qarşılıqlı əlaqədə mümkün təxribatların
qarşısının alınması, həmçinin
ölkəyə qanunsuz gələn və yaşayan əcnəbilərin
müəyyən edilməsi, paytaxtda yaşayış yeri
üzrə qeydiyyat qaydalarına riayət olunması istiqamətində
tədbirlər də nəzarətdə saxlanılacaqdır.
Yarışlara
hazırlıq dövründə həyata keçiriləcək
bütün tədbirlərin gedişi barədə Zati-alinizə
və Birinci Avropa Oyunlarının keçirilməsi üzrə
Təşkilat Komitəsinin sədri, çox hörmətli
Mehriban xanım Əliyevaya mütəmadi məruzə olunacaqdır.
Cənab
Prezident, Sizi əmin edirəm ki, daxili işlər
orqanlarının bütün əməkdaşları bu
Olimpiya Oyunlarının təhlükəsiz keçirilməsi
üçün əllərindən gələni əsirgəməyəcəklər.
Diqqətinizə
görə sağ olun!
Prezident
İlham ƏLİYEV: Biz oyunların keçirilməsi
üçün əlbəttə ki, nəqliyyat məsələlərinə
çox böyük diqqət verməliyik. Onsuz da ölkəmizdə
və şəhərimizdə bu məsələlər
uğurla həll edilir. Ancaq şübhəsiz ki, əlavə
tədbirlər də görülməlidir. Yəqin ki, yeni
yolların açılması, yeni yolların birləşməsi,
yol qovşaqlarının tikilməsi və nəqliyyatı tənzimləyən
əlavə tədbirlər də görülməlidir.
Bu sahədə,
görüləcək işlər haqqında məruzə
etmək üçün söz verilir nəqliyyat naziri Ziya Məmmədova.
Nazir
Ziya MƏMMƏDOV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli
müşavirə iştirakçıları!
Respublikamızın
sürətli tərəqqisi və davamlı
inkişafının təmin olunması istiqamətində
Sizin, cənab Prezident, rəhbərliyiniz altında son illər
ərzində görülmüş genişmiqyaslı işlər
və əldə olunmuş böyük nailiyyətlər
ölkənin sosial-iqtisadi həyatının bütün sahələrini
əhatə etmiş, gələcək uğurlarımız
üçün möhkəm təməl
yaratmışdır.
Zati-alilərinizin
diqqət və qayğısı sayəsində hazırda nəqliyyat
sektoru da sürətlə inkişaf edir və müasirləşir.
Bu sahənin iqtisadi göstəriciləri ildən-ilə
yüksəlir, görülən işlərin keyfiyyəti və
səmərəliliyi artır, daşımalara olan tələbat
tam ödənilir. Bütün sahələrlə
yanaşı, ölkəmizin idman sahəsində son illər ərzində
dünya miqyasında əldə etdiyi uğurları da
xüsusi olaraq qeyd etmək istərdim.
Bu gün
Azərbaycan idmançıları böyük qələbələr
qazanır, ölkəmiz nüfuzlu beynəlxalq turnirlərə
ev sahibliyi edir. Avropa Olimpiya Komitəsinin
Baş Assambleyasında 2015-ci ildə ilk Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul
edilmiş qərar hər birimizdə böyük fərəh
və qürur hissi doğurmuşdur. Bu münasibətlə
Sizin, cənab Prezident, Azərbaycan xalqına təbrikinizdə
və burada söylədiyiniz fikirlərdə bu tarixi
uğurun qazanılmasında ölkəmizin nail olduğu
yüksəlişi, tərəqqini xarakterizə etmiş, həm
də bu mötəbər tədbirin keçirilməsi
hüququnu Azərbaycanın ən layiqli namizəd olaraq parlaq
qələbəsi kimi qiymətləndirmişdiniz. Bu qələbə
də ulu öndər Heydər Əliyevin uzaqgörənliklə
müəyyən etdiyi və Sizin, cənab Prezident, uğurla
davam etdirdiyiniz müstəqil Azərbaycanın inkişaf
strategiyasından bəhrələnir.
Şübhəsiz
ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər
birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu
oyunların yüksək səviyyədə keçirilməsi
böyük təşkilatçılıq işləri tələb
edir. Biz yaxşı dərk edirik ki, olimpiadanın
iştirakçılarına, şəhərimizin
qonaqlarına və vətəndaşlarımıza yüksək
səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi
üzərimizə düşən ən vacib və ciddi məsələlərdəndir.
Eyni zamanda, ötən illər ərzində Azərbaycanda
keçirilən bir çox beynəlxalq idman tədbirləri
Sizin, cənab Prezident, dəstəyiniz
və Azərbaycan Respublikasının birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban
xanım Əliyevanın təşkilatçılığı
ilə Bakıda keçirilən "Eurovision" mahnı
müsabiqəsi və digər tədbirlərdə
toplanmış təcrübə deməyə əsas verir ki,
qarşıdakı Olimpiya oyunları da yüksək səviyyədə
keçiriləcəkdir.
Möhtərəm
cənab Prezident!
Ali diqqətinizə
məruzə etmək istərdim ki, Nəqliyyat Nazirliyi tərəfindən
konkret təkliflər müzakirə edilir və kompleks tədbirlər
planı hazırlanır. İlkin məlumata görə, 49
ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi
heyətlərin ölkəyə gəlişi və gedişi
üçün əsas nəqliyyat bağlantıları
olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmir
Yolu Vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə
tutulur. Qonaqların əksəriyyətinin gəliş və
gedişi Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə
nəzərdə tutulur ki, bu da proqnozlara görə
iştirakçıların 90 faizə qədərini əhatə
edəcəkdir. Nəqliyyat xidmətlərinin göstərilməsində
rəsmi heyətlər xüsusi yer tutur. Onlara ayrıca nəqliyyat
vasitələrinin ayrılması təmin edilməlidir.
Olimpiada vaxtı bu şəxsləri, həmçinin
idmançıları və onları müşayiət edənləri
olimpiya şəhərciyindən olimpiya stadionuna və idman
oyunlarının keçiriləcəyi digər obyektlərə,
həmçinin turistlərin daşınması həyata
keçiriləcəkdir. Hazırlıq dövründə
aşağıdakı məlumatların dəqiqləşdirilməsi,
bu xidmətlərin daha dolğun təşkilini təmin edəcəkdir.
Gözlənilən
rəsmi heyətlərin və qonaqların,
idmançıların, həmçinin turistlərin təxmini
sayı, oyunların keçiriləcəyi əsas idman
arenalarının dislokasiyası, rəsmi heyətlərin,
qonaqların və turistlərin yerləşəcəyi hotellər
və digər yaşayış yerləri.
Qeyd olunan
nəqliyyat xidmətlərinin təşkili üçün
tərəfimizdən Bakı şəhərində nəqliyyat
problemlərinin aradan qaldırılması üçün
2013-2014-cü illərə dair tədbirlər planının
layihəsi hazırlanır və fevral ayının sonunadək
təşkilat komitəsinə təqdim ediləcəkdir.
Tədbirlər
planı üç əsas hissədən ibarətdir.
1. Nəqliyyat
vasitələri, avtobuslar, minik və taksi avtomobilləri, metro
vaqonları, mövcud nəqliyyat vasitələri, onların
texniki vəziyyəti və təminat imkanları, nəqliyyat
xidmətlərinin tam təminatı üçün nəqliyyat
parkının yeniləşdirilməsi.
2.
Bakı şəhərində nəqliyyat infrastrukturu.
Gözlənilən sərnişin
dövriyyəsinin təmin olunması üçün
mövcud vağzalların və hava limanının
imkanlarının araşdırılması və tədbirlərin
görülməsi, Olimpiya stadionuna və digər idman obyektlərinə
gedən əsas yolların genişləndirilməsi və bərpası,
burada yeni bağlantıların və qovşaqların
inşası, şəhərətrafı istirahət
zonalarına gedən yolların genişləndirilməsi və
yeni yolların tikintisi, bütün yolların xətlənməsi
və yol nişanlarının qoyulması, əsas magistral
yolların tikintisinin yekunlaşdırılması.
3. Nəqliyyat
xidmətlərinin idarə olunması və təşkili.
Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzinin bazasında
olimpiya oyunlarına cəlb olunmuş bütün nəqliyyat
vasitələrinin və onlara xidmət göstərən
şəxslərin fəaliyyətinin idarə
olunmasını və əlaqələndirilməsini təmin
edəcək qərargahın yaradılması, nəqliyyat
xidməti göstərən sürücü və digər
kateqoriyadan olan işçilərin hazırlanması, onlar
üçün xüsusi təlimatların tərtib
olunması, dil hazırlıq kurslarının təşkili və
bu kontingent üzrə məlumat bazasının
yaradılması, nəqliyyat daşımalarında təhlükəsizliyin
təmin olunması, ictimai nəqliyyatın hərəkətinin
təşkili üçün xüsusi zolaqların, hərəkət
marşrutlarının və parklanma yerlərinin təşkili,
görülən işlər barədə kütləvi
informasiya vasitələrinə məlumat verilməsi və
internet səhifələrində yerləşdirilməsi.
Əsas tədbir
və oyunların keçiriləcəyi Bakı Olimpiya
Stadionuna gedən yolların, bağlantıların tikintisi əsas
məsələlərdən biridir.
Hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması
və prospekt üzərində yol qovşaqlarının
tikintisi davam etdirilir və 2014-cü ilin əvvəllərində
yekunlaşacaqdır. Heydər Əliyev və Ziya Bünyadov
prospektlərinə paralel olan Həsən Əliyev
küçəsinin sonundan Keşlə stansiyasına və
Ziya Bünyadov prospekti üzərindən Olimpiya Stadionuna
birbaşa yolun tikintisinə yaxın günlərdə
başlanılacaq və 2015-ci ilin birinci rübündə
yekunlaşacaqdır.
Həmçinin,
Buzovna-Mərdəkan-Qala, Qala-Zığ şosesi
bağlantısı 2014-cü ilin birinci yarısında
yekunlaşacaqdır. Şəfa stadionunun
qarşısındakı tunel və yeraltı piyada
keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı
qovşağı bu il istismara veriləcəkdir. Sadalanan bu
yollar olimpiya oyunları zamanı nəqliyyatın əsas
marşrutlarını əhatə edir. Bundan başqa, şəhərin
digər mövcud yollarında da təmir-bərpa və
genişləndirmə işləri aparılacaqdır. Eyni
zamanda, respublikada yerli əhəmiyyətli yollarda da işlər
davam etdirilir. Qonaqların gəliş-gedişinin təmin
edilməsi və yüksək səviyyədə xidmətin
göstərilməsi üçün Bakı dəmir yolu
vağzalında yenidənqurma işləri davam etdiriləcək
və vaxtında yekunlaşdırılacaqdır. Bakıda
ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi
tədbirləri davam etdiriləcək, avtobuslarda elektron-ödəmə
sisteminə keçid təmin ediləcəkdir. Vətəndaşlarımıza
və qonaqlara yüksək səviyyədə xidmət
göstərilməsi üçün mövcud avtobus
parkı əsaslı şəkildə bərpa ediləcək
və yeniləşdiriləcəkdir. Qeyd etmək
lazımdır ki, Bakı şəhərində əlavə
olaraq 1200 ədəd yeni avtobusa və 2000 ədəd taksiyə
ehtiyac vardır. Şübhəsiz ki, hazırlıq işləri
dövründə həllini gözləyən bir sıra məsələlər
də olacaqdır ki, bununla bağlı tərəfimizdən
zəruri tədbirlər görüləcək və təşkilat
komitəsinə müvafiq hesabat təqdim olunacaqdır.
Möhtərəm
cənab Prezident!
Sizi əmin
etmək istərdim ki, Bakıda keçiriləcək birinci
Avropa Oyunlarına hazırlıq dövründə və
oyunların keçiriləcəyi müddətdə Nəqliyyat
Nazirliyinə həvalə olunmuş bütün işlərin
icrasının vaxtında və yüksək səviyyədə
təmin olunması istiqamətində işlər
görüləcəkdir.
Diqqətinizə
görə minnətdaram!
* * *
Prezident
İlham ƏLİYEV: Sağ olun. Daha kimin sözü
vardır? Təşkilat Komitəsinin başqa üzvlərinin
fikirləri varsa, buyurun - Çingiz Hüseynzadə.
Milli
Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz HÜSEYNZADƏ
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident, hörmətli Mehriban xanım!
Bildiyiniz
kimi, dekabr ayında Romada birinci Avropa Oyunlarının
keçirilməsi haqqında qərar qəbul olunandan dərhal
sonra, yəni səsvermədən dərhal sonra Avropa Olimpiya
Komitəsi ilə Azərbaycan Milli Olimpiya Komitəsi
arasında müqavilə imzalandı. Bu müqaviləni Azərbaycan
dövləti tərəfindən bir qarant kimi Azərbaycan gənclər
və idman naziri Azad Rəhimov da imzaladı. Müqavilənin
müzakirəsi zamanı, eləcə də Avropa Olimpiya Komitəsi
rəhbərliyi ilə bir çox görüşlər
zamanı bir fikir, bir ideya həmişə səslənirdi ki,
Avropa Oyunları Ümumdünya Olimpiya Oyunlarını təqlid
etməməlidir. Yəni, bu oyunların öz xüsusi
siması olmalıdır.
Cənab
Prezident, Siz bayaq söylədiyiniz o fikir, Azərbaycan
standartları fikri, burada öz yerini tapır. Biz
çalışmalıyıq ki, bu oyunlarda məhz Azərbaycan
standartları öz əksini tapsın, öz rolunu oynasın.
Çünki bu oyunların keçirilməsində heç
kimin təcrübəsi yoxdur. Bizim də təcrübəmiz
yoxdur və biz dəvət edəcəyimiz beynəlxalq
ekspertlərin də təcrübəsi yoxdur. Onların təcrübəsi
ancaq böyük Ümumdünya Olimpiya Oyunlarının
keçirilməsi ilə bağlıdır. Məncə, bu
çox mühüm amildir. Biz bu amilə diqqətlə
yanaşmalıyıq.
Eyni
zamanda, mən obyektlər haqqında bir neçə kəlmə
demək istərdim. Mehriban xanım və Azad müəllim
öz məruzələrində obyektlər haqqında qeyd
etdilər. Azad müəllim məşq yerlərini xüsusilə
qeyd etdi. Burada nüanslar yarana bilər. Tutalım, çimərlik
voleybolu üçün biz müvəqqəti bir obyekt
tikirik. Lakin bu tikilən obyekt, bu idman qurğusu yalnız
oyunlar zamanı fəaliyyət göstərəcəkdir.
Lakin məndə olan məlumata görə, belə deyək,
Voleybol Federasiyası artıq 2014-cü ildə Bakıda
çimərlik voleybolu üzrə sınaq
yarışları keçirmək istəyir. Bu
yarışlar üçün bizə baza lazımdır.
Daimi çimərlik voleybolu bazası. Bir çox idman
növlərində belə bir vəziyyət yarana bilər.
Ümumiyyətlə,
mən Təşkilat Komitəsinin işinə uğurlar arzu
etmək istəyirəm. Mən əminəm ki, Azərbaycan,
Bakı şəhəri bu oyunları yüksək səviyyədə
keçirəcək və bütün bundan sonra keçirilən
oyunlar, məhz Bakıda keçirilən oyunlara istiqamətləndiriləcəkdir.
Çox sağ olun.
* * *
Prezident
İlham ƏLİYEV: Sağ ol. Daha kimin sözü
vardır? Namiq Abdullayev buyursun.
Olimpiya
çempionu, Azərbaycan Güləş Federasiyasının
vitse-prezidenti Namiq ABDULLAYEV çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli
toplantı iştirakçıları!
Bu gün
Azərbaycan dünyada ən sürətli templərlə
inkişaf edir, nümunəvi ölkə kimi daim hörmət və ehtirama layiq
görülür. Azərbaycanın uğurlu inkişafı,
beynəlxalq nüfuzu və müsbət imicə malik
olması ölkə Prezidenti cənab
İlham Əliyevin davamlı və
məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Çünki bu siyasət xalqımızın hərtərəfli
inkişafına, ölkəmizin iqtisadi qüdrətinin
yüksəlməsinə, vətəndaşlarımızın
və gənclərimizin sağlam gələcəyinə xidmət
edir. Ona görə də bu
siyasət hər zaman xalqın dəstəyini
qazanmışdır.
Bütün
sahələrdə olduğu kimi, idman sahəsində də
mühüm nailiyyətlər qazanılmışdır.
Gündən-günə artan iqtisadi qüdrətimiz, idmana
olan diqqət və qayğı
nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən
birinə çevrilmişdir. İdmanın maddi-texniki
bazasının gücləndirilməsi, bölgələrdə
müasir idman qurğularının tikilməsi on minlərlə
yeniyetmə və gəncin idmana cəlb olunmasına şərait
yaratmışdır. Bütün bunlar cənab Prezidentimizin
yeniyetmə və gənclərimizin sağlam ruhda
böyüməsinə, vətənpərvər gəncliyin
formalaşmasına xüsusi
diqqətlə yanaşdığını sübut edir.
İdmanın inkişafı nəticələrimizin və bədən
tərbiyəsi və idmana olan marağın ildən-ilə
artmasına səbəb olmuşdur. London Olimpiadasında tarixi
qələbəmiz də, cənab Prezident, Sizin qələbənizdir, Siz başda olmaqla bütün Azərbaycan
xalqının qələbəsidir.
Azərbaycanda
və Bakıda keçirilmiş dünya və Avropa
çempionatları bir daha sübut edir ki, doğrudan da, Azərbaycanda
idman uğurla, sürətlə inkişaf edir. Eyni zamanda, Azərbaycanda
Olimpiya hərəkatı çox yüksək səviyyədədir.
Məhz bunun nəticəsidir ki, ölkəmiz iki dəfə
- 2016-cı və 2020-ci illərdə keçiriləcək
Yay olimpiya oyunlarına öz iddiasını irəli
sürdü. Mən bu məqsədlə yaradılmış
təşkilat komitəsinin üzvü kimi hazırlıq
prosesində xeyli təcrübə qazandım.
İnanırdıq ki, bu işlər nə vaxtsa öz
müsbət nəticəsini verəcək. Və nəhayət,
Azərbaycanın iddiaları öz bəhrəsini verdi. Tarixdə
ilk dəfə olaraq, birinci Avropa Oyunları Azərbaycanda
keçiriləcəkdir. Bu, olduqca böyük tarixi hadisədir.
Bu, cənab Prezident, birbaşa Sizin rəhbərliyinizlə həyata
keçirilən, xalqımızın inkişafına və dəstəyinə
söykənən uğurlu siyasətin nəticəsidir. Eyni
zamanda, dünyada bizə göstərilən böyük
hörmət və etimaddır.
Cənab Prezident, mən bir idmançı kimi söz verirəm ki, bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Qazandığımız təcrübədən istifadə edərək tədbirin yaddaqalan və möhtəşəm olması üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Diqqətinizə görə sağ olun!
Azərbaycan.-2013.- 3 fevral.- S.2-3.