Dövlət gənclər siyasətinin həyata keçirilməsində fərqlənmiş

 gənclərə mükafatlar təqdim edilmişdir

 

Fevralın 2-də "Buta Palace"da 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, müxtəlif sahələrdə fərqlənən gənclər və KİV təmsilçiləri iştirak etmişlər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev daim gənclərə qayğı göstərmiş, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.

Nazir qeyd etmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artırılmasına olduqca müsbət təsir göstərdiyi diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Mədəniyyət və incəsənət, elm, texnika və təhsil sahəsində nailiyyətlər qazanan, respublikamızı xarici ölkələrdə, beynəlxalq miqyaslı tədbirlərdə yüksək səviyyədə təmsil edən gənclərin sayının ildən-ilə artması məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir.

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülən işlər barədə məlumat verən A.Rəhimov qeyd etmişdir ki, hazırda gənclər ölkədə aparıcı qüvvədir. Onlara sağlam və fəal həyat mövqeyi aşılanması, geniş fəaliyyət şəraiti yaradılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

 Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2 fevral - Azərbaycan Gəncləri Gününün təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmişdir. Qeyd etmişdir ki, 1997-ci ildə Heydər Əliyevin təsis etdiyi bu bayram günündə hər il Azərbaycanın ən layiqli və istedadlı gəncləri təltif olunur. Qoy gənclərimiz dövlət başçısının onlar üçün yaratdığı şəraitdən istifadə edərək indiki nəsildən özlərinin fəallıqları ilə daha da fərqlənsinlər. Qoy Azərbaycan gəncləri bizdən bir neçə addım irəli getsinlər və dövlətimizi, millətimizi layiqincə təmsil etsinlər. Bu zalda toplanan gəncliyə baxarkən bir daha əmin oluruq ki, sözün həqiqi mənasında belə də olacaqbundan sonrakı nəsil dövlətimizi bizdən daha yaxşı təmsil edəcəkdir.

Sonra dövlət gənclər siyasətinin əsas istiqamətləri kimi həyata keçirilmiş müxtəlif tədbirlərdə yüksək nəticə göstərmiş gənclər ənənəvi olaraq 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təsis etdiyi "Gənclər mükafatı" ilə təltif edilmişlər.

Tədbir konsert proqramı ilə davam etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon ya şəhərinin "Azərbaycanın gənclər paytaxtı" elan edilməsi nəzərdə tutulmuşdur. "Azərbaycanın gənclər paytaxtı"nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.

Aparılan sorğu nəticəsində səslərin 36 faizini toplayan Biləsuvar şəhəri  2013-cü ildə "Azərbaycanın gənclər paytaxtı" elan olunmuşdur.

 

Azərbaycan.-2013.- 3 fevral.- S.5.