«Baku Crystal
Hall»da Səbail Rayon gənclərinin
möhtəşəm
bayram balı keçirilmişdir
Fevralın 2-də Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə "Baku Crystal Hall"da rayon gənclərinin 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş möhtəşəm bayram balı keçirilmişdir.
RİH-dən AzərTAc-a bildirmişlər ki, gənclər balında rayonun istehsalat, elm, mədəniyyət, təhsil, ictimai, elmi-pedaqoji, biznes və idman sahələrində fərqlənən gənclər iştirak etmişlər.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyini hər mənada güclü görmək istədiyini bildirmişdir. Qeyd edilmişdir ki, hər bir xalqın yaşaması və inkişafı üçün sağlam təfəkkürə malik gəncliyinin formalaşması çox vacibdir. 1994-cü il iyulun 26-da ulu öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradıldığını xatırladan A.Əsgərov demişdir ki, 1996-cı ildə ümummilli liderin sərəncamı ilə Azərbaycan Gənclərinin I Forumu keçirilmiş, dövlət başçısının 1997-ci ildə imzaladığı sərəncamı ilə isə fevralın 2-si "Azərbaycan Gəncləri Günü" elan edilmişdir.
A.Əsgərov gələcək nəslə böyük qayğı göstərən, onları hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün ölkəmizdə mühüm addımların atıldığını bildirmişdir. Qeyd edilmişdir ki, "Azərbaycan gəncliyi Dövlət Proqramı"nın icrası, dövlət gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan vermiş və gənclərin ictimai fəallığının artırılmasında, onların dövlət idarəçiliyində aparıcı qüvvəyə çevrilməsində, sosial-iqtisadi problemlərinin həllində mühüm rol oynamışdır. Gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli, hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması və bütün sahələrdə onların xidmətlərinin qiymətləndirilməsinin bütövlükdə dövlət gənclər siyasətinin tərkib hissəsi olduğu diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Səbail rayonun əhalisinin təqribən 21,5 faizini gənclər təşkil edir.
Mərasimdə digər çıxış edənlər gənclərimizi bayram münasibəti ilə təbrik etmiş, ölkədə bu istiqamətdə görülən işlərdən danışmışlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrdə fərqlənən gənclərə 20 nominasiya üzrə Səbail RİH-nin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Mərasim konsert proqramı ilə davam etmişdir.
Azərbaycan.-2013.- 3 fevral.- S.5.