Azərbaycan yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi ölkədir

 

Azərbaycan yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi ölkədir.

Bu fikri Azərbaycanı Fransada tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində "Azərbaycan günləri" adı altında ötən ildən başlanmış tədbirin davamı olaraq Alzas regionunun Miluz şəhərində təşkil edilmiş sərgidə Azərbaycanın təmsil olunduğu bölmə ilə tanışlıq zamanı Miluz və ətraf qəsəbələrin prezidenti senator Jan-Mari Bokel səsləndirmişdir.

Miluzun "Sərgi parkı" salonunda dünyanın 130 ölkəsi turizm imkanlarını və qastronomunu nümayiş etdirir. Sərgidə rəsmi qonaq qismində iştirak edən Azərbaycan guşəsində ölkəmizdə istehsal edilən 47 adda şərab, habelə xalçalar, misgərlik və dulusçuluq nümunələri, musiqi alətləri və Heydər Əliyev Fondunun xalqımızın tarixindən, mədəniyyətindən, turizm imkanlarından bəhs edən nəşrləri nümayiş olunur.

Sərginin açılışında  çıxış edən salonun prezidenti Metreao Filipp Miluzda keçirilən beynəlxalq sərgidə Azərbaycanın ilk dəfə iştirak etdiyini diqqətə çatdırmışdır. Sərginin Azərbaycanı fransızlara yaxından tanıtmaq məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən təşkil edildiyini vurğulayan M.Filipp ölkəmizin mədəni dəyərlərinin miluzlularda böyük təəssürat oyadacağına, tamaşaçıların Azərbaycan barədə hərtərəfli məlumat əldə edəcəklərinə, növbəti ildə də Azərbaycanın belə mötəbər tədbirdə iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdir.

 Miluz şəhərinin rəsmi dairələrini və sərgi iştirakçılarını salamlayan  Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirliklərinin birgə əməkdaşlığı sayəsində  ölkəmizin bu sərgidə iştirak etdiyini xatırlatmış, qədim tarixə malik Azərbaycanın mədəni abidələr baxımından zəngin olduğunu, xalq muğamlarımızın, aşıq musiqimizin və xalçalarımızın UNESCO tərəfindən dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini vurğulamışdır.

 Ölkəmizdə şərabçılığın qədim tarixə malik olduğunu xatırladan səfir sərgidə Azərbaycan brendi ilə şərabların nümayiş etdirildiyini, Fransa ilə Azərbaycan arasında əlaqələrin qədim dövrlərə təsadüf etdiyini, məşhur fransız yazıçısı Aleksandr Dümanın (ata) Qafqaza səyahəti zamanı 1859-cu ildə ölkəmizdə olduğunu, o dövrün tanınmış azərbaycanlı ziyalıları, şair və yazıçıları ilə yaxından ünsiyyət yaratdığını diqqətə çatdırmışdır.

E.Əmirbəyov Azərbaycanın Şərq ilə Qərb sivilizasiyasının qovuşduğu məkanda yerləşdiyini, tolerantlığı ilə dünyada tanındığını, müxtəlif  etnik qrupların mədəniyyətinə, dininə və dilinə xüsusi qayğı ilə yanaşdığını  bildirmişdir.

Miluz və ətraf qəsəbələrin prezidenti Jan-Mari Bokel çıxışında  Azərbaycanın yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi ölkə olduğunu vurğulamış, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə  Bakıda və Parisdə görüşlərinin onda böyük təəssürat yaratdığını, Fondun Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd etmişdir.

Senator müsəlman Şərqində ilk parlament respublikasının Azərbaycanda qurulduğunu, hətta Avropadan çox əvvəl  qadınlara seçmək və seçilmək hüququnun məhz bu ölkədə verildiyini, müstəqilliyini yenidən bərpa edən gənc respublikada demokratiyanın uğurla inkişaf etdiyini, Cənubi Qafqaz bölgəsində aparıcı və lider dövlət olduğunu, beynəlxalq aləmdə imicinin yüksəldiyini, yeraltı sərvətlər ilə yanaşı, milli dəyərlərinin də zəngin olduğunu bildirmişdir.

O, Avropa Şurası Parlament Assambleyasının yanvar ayının ikinci yarısında keçirilən qış sessiyasında Azərbaycanda demokratiyainsan hüquqları ilə bağlı məsələlərin müzakirəsi  zamanı  bəzi   qərəzli qüvvələrin ölkəmizə qarşı iftirayalan dolu çıxışlarına layiqli cavab verildiyini xatırlatmışdır. Bildirilmişdir ki, Azərbaycanda bütün sahələrdə inkişafı görməmək mümkün deyildir. Cənubi Qafqaz kimi narahat və çətin bir  bölgədə yerləşən, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanda müxtəlif mədəniyyətlərə dövlət tərəfindən göstərilən qayğı digər dövlətlərə əsl nümunədir. Qadınların cəmiyyətdə hərtərəfli iştirakının təmin olunması bu ölkənin mənəvi dəyərlərlə zənginliyindən xəbər verir.

Senator Jan-Mari Bokel çıxışını bu sözlərlə bitirmişdir: "Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan - Fransa dostluğu"!

Sərgidə Azərbaycan musiqisi səslənmiş və ölkəmizlə bağlı videoçarxlar nümayiş etdirilmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Miluz

Azərbaycan.-2013.- 3 fevral.- S.5.