Prezident qətiyyətinin təntənəsi
Fəttah HEYDƏROV:
60 milyonluq azərbaycanlı iftixarla deyir - biz Sizə özümüz qədər
inanırıq, cənab Prezident!
Böyük Qafqaz sıra dağlarının ətəklərində - Qəbələnin qədim dağ kəndlərindən olan Laza ərazisində, həzin küləyin, ətrafı ağuşuna alan qarın xoş təsiri altında dərin düşüncələrə dalıb həmsöhbətimiz...
Seçicilərlə (özü heç vaxt "seçici" sözünü işlətmir - "əziz dostlarım" ifadəsinə üstünlük verir) maraqlı və səmimi şəraitdə keçən görüşün duyğusal ovqatı yorğunluğu da unutdurub. Hələ də seçiciləri ilə yeni ilin ilk görüşünün təəssüratları altındadır...
Müsahibə üçün bu məkanı seçməyini də təsadüfi saymır: "Minilliklərdən soraq verir bu uca, məğrur dağlar... Hər dəfə bu zirvələrə boylananda, qeyri-ixtiyari düşünürəm: bu dağlar nələrə şahidlik etməyib, İlahi?! Azərbaycanın zəngin təbiətinin sivmolu sayıla biləcək bu dağlar həm də keşməkeşli minillik tariximizin də şahidi, rəmzidir. Bu dağlara, meşələrə baxdıqca bütün keçmişimizi - qələbələrimizi, itkilərimizi, xəyanətləri, intibahı, insan zəhmətinin bəhrələrini - bir sözlə, tarixi salnamələrimizin hər səhifəsini canlandırmaq, xatırlamaq olar".
Amma xatırlanası və canlandırılası mövzular bambaşqadır. Ötən ilin əsas məqamları - dünyadakı və məmləkətimizdəki siyasi gərdişlər, ictimai təbəddülatlar, sosial nailiyyətlər, bir sözlə, çağdaş dövrün prosesləri barədə münasibətini öyrənməliyik həmsöhbətimizdən. Müsahibimizi oxucuya mənalı həyatının onilliklərlə ölçülən məhsuldar illərini siyasətdə keçirmiş təcrübəli dövlət adamı kimi də təqdim etmək olar, son 20 illik dövlət quruculuğu prosesində mühüm iştirakı olan nüfuzlu millət vəkili, yaxud müdrik el ağsaqqalı kimi də...
Fəqət
xüsusi təqdimata ehtiyac yoxdur: sadəcə, Fəttah HEYDƏROV...
Qəbələnin
xoş növrağı
Diktofonun yaddaşına, qeyd dəftərinin
səhifələrinə köçən, yalnız oxuculara
kiçik bir qismini təqdim etdiyimiz söhbətə Fəttah
Heydərov Qəbələnin tarixi keçmişi ilə
körpü salır, bugünkü inkişafına qədər
olan dövrü xarakterizə edir. Yəqin ki, tariximizdən
az-çox xəbəri olanlar da bilməmiş deyillər: Qəbələ
Arazın şimalındakı ən qədim türk dövlətinin
- Qafqaz Albaniyasının ana şəhəri sayılmaqla, əsrlər
boyu ölkənin ictimai-siyasi həyatında önəmli rol
oynayıb. Qədim Qəbələ dünyanın Babil, Troya,
Pompey kimi antik şəhərləri ilə müqayisə
ediləcək dərəcədə mühüm,
siyasi-iqtisadi və ticarət mərkəzlərindən olub.
Eramızdan əvvəl yaşayan Böyük Plini
Albaniyanın əsas şəhərinin Kabalaka olduğunu
yazırdı. Digər bir tanınmış tarixçi
Ptolemey isə Qəbələnin adını Xabala (Chabala)
kimi çəkirdi.
Qəbələ adının qədim türk sözü olan "Qapıqala"dan əmələ gəldiyini iddia edənlər də var. Qəbələ həqiqətən də, qədim zamanlardan Böyük Qafqazın ətəklərində yerləşən şəhər və yaşayış məntəqələrinin qapısı hesab olunurdu. Azərbaycanın şimal və cənubuna gedən yollar məhz bu qədim yurdda kəsişirdi. Bizim günlərdə isə AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun alimləri Qəbələ Tarix-Bədii Qoruğunda aparılan arxeoloji qazıntılar nəticəsində rayonun və bütövlükdə Qafqaz Albaniyasının tarixi baxımından çox qiymətli tapıntılar aşkarlayıblar.
Tarixiliyini bu gün də qoruyub saxlayan qədim Qəbələnin qərinələrdən nişan verən yaşayış məskənləri indi də buraya yolu düşənlərə xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş edir. Qədim diyarın son illərdə Azərbaycanımızın heyrətamiz inkişaf və müasirliyinin simvoluna çevrildiyini aydın görmək olur.
Fəttah müəllim bu yerdə cəmi bir neçə saat əvvəl şahidi olduğumuz hadisəni yada salır: "Laza kəndində seçicilərimlə görüşərkən ahıl bir kişinin dedikləri bir neçə saatdır bütün diqqətimi özünə çəkib. Ağsaqqal söylədi ki, "Qədim zamanlarda qılıncların, süngülərin, tüfənglərin gücü duyulan Qəbələdə indi dövlət başçımızın əzmi, zəkası, qüdrəti öz sözünü deyir". Elə hesab etməyin ki, bu müdrik fikirlər bəlağətli söz xatirinə deyilmişdi, əsla yox. Dünya görmüş ağsaqqal sakini olduğu rayonun gündən-günə gözəlləşməsini, müasirləşməsini, yeni iqtisadi və mədəni mərkəzə çevrilməsini özünəməxsus şəkildə ifadə etdi, həm də hədsiz sevincini büruzə verdi.
Son illər həqiqətən də, Qəbələni tanımaq olmur. Tarixi şəhər indi qədimliklə müasirliyin ən parlaq cizgilərini özündə dolğun təcəssüm etdirir. Qəbələ özünün ikinci gənclik dövrünü yaşayır. Möhtərəm Prezidentimiz İlham Əliyev rayonda olarkən bildirdi ki, "Qədim yaşayış yurdu olan Qəbələnin tarixi şöhrəti bu gün özünə qaytarılıb".
Qəbələni böyük tikinti meydanı kimi görmək ürəyimi dağa döndərir. Yüksək zövq və müasir arxitektura əsasında inşa edilən bir-birindən gözəl binalar, yeni hotellər, istirahət və turizm mərkəzləri, iri istehsal müəssisələri Qəbələni nəinki regionun, bütövlükdə Avropanın perspektivli, böyük gələcəyi olan şəhərlərindən birinə çevirib. Rayondakı tərəqqi və yüksəlişi sözün qüdrəti ilə tam canlandırmaq çətindir. Qürur hissi ilə demək istərdim ki, Milli Məclisdə təmsilçisi olduğum rayon son illərdə tanınmaz dərəcədə müasirləşərək paytaxt Bakı ilə ayaqlaşmağı bacarıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı ilə rayonda abadlıq, quruculuq işləri müasir tələblər əsasında, yüksək səviyyədə aparılır. Əldə olunan tərəqqi və rifah bütövlükdə insanların gündəlik həyatında, məişətində duyulur.
Bu gün Qəbələnin yalnız rayon mərkəzi inkişaf etmir. Rayonun bütün kəndləri, yaşayış məntəqələri abadlaşır, yeniləşir, inkişaf edir. Ən əsası isə infrastruktur cəhətdən təkmilləşir. Lazadan Yengicəyədək, Zarağandan Qəmərvana qədər, Hacıalılıdan Nicə kimi, Vəndamdan Bumadək Qəbələnin dörd bir tərəfində, ən ucqar kəndlərində belə quruculuq vüsət alır, yeni müəssisələr açılır. Bəli, Qəbələnin mühüm göstəricisi budur ki, rayonun indi hətta kəndləri istehsal mərkəzinə, iqtisadi gücə, sənaye məkanına çevrilir. Kəndlərimizdə açılan müəssisələrdə xaricə ixrac olunan məhsullar istehsal olunur. Saysız-hesabsız idman məkanları, idman qurğuları, idmanın müxtəlif növləri üzrə akademiya, meydan və mərkəzləri bugünkü Qəbələnin bənzərsiz simasıdır. Bununla necə qürur duymayasan?!
Bütün həqiqətlər müqayisədə üzə çıxır. Bu mənada, Qəbələnin 20 il əvvəlki miskin görkəmi təkrarlanmasını istəmədiyim kino lenti tək gözlərim önündən keçir. Hələ sovetlər birliyi dövründə bölgədə iqtisadi potensialı ilə seçilən şəhər müstəqilliyin ilk illərində taleyin ümidinə buraxılmışdı. İri müəssisələr fəaliyyətsiz qalmış, istehsal prosesi dayanmış, işsizliyin səviyyəsi dözülməz həddə çatmış, əhalinin sosial vəziyyəti pisləşmişdi. Xalqımızın böyük xilaskarı Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra respublikanın hər bir şəhər və rayonu kimi, Qəbələdəki vəziyyət də kökündən dəyişməyə başladı. Rayonun turizm potensialını yüksək dəyərləndirən ümummilli lider ölkənin iqtisadi durumunun heç də yaxşı olmadığı bir dövrdə rayona xüsusi diqqətlə yanaşırdı. 2002-ci ildə Heydər Əliyevin bölgəyə səfərindən sonra Qəbələ daha böyük sürətlə inkişaf etməyə başladı. İnsanların rifahında, yaşayış tərzində mühüm keyfiyyət dəyişiklikləri baş verdi".
Böyük tikinti meydanı
Elə rayon mərkəzində, kəndlərdə təsadüfən ünsiyyət qurduğumuz sakinlərlə söhbətlərimizdən də aydın olurdu ki, sadə qəbələlilər keçmişin acı dərslərini unutmurlar, 21 illik müstəqilliyin uğur və bəhrələrini artıq gündəlik həyatlarında daha qabarıq hiss edirlər. Ən əsası, doğma rayonlarının qət etdiyi möhtəşəm inkişaf yolundan fəxrlə söz açırlar. Qəbələlilər nikbindirlər. Həm də əmindirlər ki, bu gün əldə etdikləri tərəqqi sabah daha geniş miqyas alacaq, çörəkləri daha bol, torpaqları daha bərəkətli olacaq.
Fəttah müəllim də söhbəti məhz bu məcraya yönəldir: "Mən bu gün rayon sakinlərinin üzünə baxanda böyük qürur hissi keçirirəm. 18-20 il öncəki bədbin, inamsız, çörəksiz, özlərini tənha və dövlətləri tərəfindən atılmış sayan insanlar sanki bunlar deyilmiş. Qəbələlilərin simasında indi sevinc, təbəssüm, özünə və sabahına əminlik duyuram. Hər biri əlinin qabarının məhsulunu, zəhmətinin bəhrəsini yeyir. Amma onun da fərqindədir ki, çörək təknəsini dolduran yalnız zəhməti deyil, həm də bu zəhməti üzə çıxaran, bu zəhmətə dəyər verən Ali Rəhbəridir. "Hər bir azərbaycanlının Prezidenti olmaq" qayəsi ilə fəaliyyətə başlayan möhtərəm İlham Əliyev bu gün həm də hər bir qəbələlinin sevimli Prezidenti, dayağı, güvənci, ümid yeri, yaxşı yaşamasının səbəbkarıdır.
Cənab İlham Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra Qəbələnin taleyində yeni səhifə açılıb. Prezidentimizin daim diqqət mərkəzində olan rayonun siması ötən 9 ildə tamamilə dəyişib. Ölkə başçısının dəfələrlə Qəbələdə səfərdə olması, rayonun inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyə və tapşırıqlarını verməsi görülən işlərin səmərəsini və keyfiyyətini artırıb. Bu gün Qəbələ həm də turizm potensialı ilə bütövlükdə şimal-qərb bölgəsinin iqtisadi və mədəni mərkəzinə çevrilib.
Regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramları rayonda uğurla gerçəkləşdirilir. Ən əsası odur ki, qazanılan uğurlar məqsədyönlü, ardıcıl, səmərəli və yeniliyə əsaslanan mütərəqqi iş üslubunun nəticəsidir. Ölkə Prezidentinin müvafiq sərəncamları, dövlət proqramları, habelə tapşırıq və tövsiyələri rayonda daim rəhbər tutulur. Qarşıda duran vəzifələr dəqiq müəyyənləşdirilərək onların vaxtında və düzgün icrası istiqamətində tədbirlər görülür. Kəndlər qazlaşdırılır, su, kanalizasiya sistemi yenidən qurulur.
Müasir
Qəbələdəki yeni inzibati binaları, turizm obyektlərini,
istehsal müəssisələrini saymaqla qurtarmaz. Son illərdə
rayonda xeyli zavod və fabrik, yüngül sənaye müəssisələri
açılaraq istifadəyə verilib, çoxlu sayda yeni
iş yerləri yaradılıb. Prezidentin rayona əvəzsiz
töhfələrindən biri də budur ki, əgər 20 il
öncə Qəbələdən Bakıya və digər
ölkələrə kütləvi axın vardısa, son illərdə
bu axın geriyə doğru yönəlib. Qəbələlilər
öz yurdlarına kütləvi şəkildə
qayıdırlar. Təsadüfi deyil ki, son 15 ildə Qəbələ
sakinlərinin sayı təxminən 20 faiz artıb.
İnsanlar üçün Qəbələdə iş yeri
tapmaq problem deyil. Amma sahibkar üçün işçi
tapmaq artıq problemə çevrilir. Buna görə də Qəbələ
indi ətraf bölgələrdən olan vətəndaşlarımızın
da ruzi qapısına çevrilib".
Qafqazın
İsveçrəsi
Ölkəmizdə ən uzun uçuş xəttinə - 3600 metrilik zolağa malik olan Qəbələ Beynəlxalq Hava Limanının istifadəyə verilməsi rayonun həqiqətən də, artıq Azərbaycan üçün vacib strateji əhəmiyyət daşıdığını nümayiş etdirir. Bu hadisə Qəbələnin beynəlxalq turizm məkanına çevrilməsinə də geniş perspektivlər açıb. 4 beşulduzlu möhtəşəm hotelə, eləcə də yüzlərlə mehmanxanaya malik olan rayonun turizm potensialı il ərzində yüz minlərlə insana xidmət etmək imkanındadır və bunu edir də. Qəbələnin özünəməxsus gözəl təbiəti sanki Ulu Tanrının xalqımıza böyük ərməğanıdır. Burada ilin hər fəsli insanda xoş ovqat yaradır. Yayın qaynarlığını, qışın qar-boranını, payızın həzinliyini, baharın təravətini daha yaxşı duyan daxili və xarici turistlər Qəbələyə dönə-dönə gəlmək istəyirlər. "Qafqazın İçveçrəsi" adlandırılan rayonda ilin bütün dövrlərində turist qələbəliyi hiss olunur.
Həmsöhbətimizin fikrincə, rayonun dünya miqyasında şöhrətinin artmasının bir ümdə səbəbi də var - Qəbələ son illər beynəlxalq tədbirlər mərkəzinə çevrilib: "Xüsusən də, yay aylarında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə keçirilən beynəlxalq musiqi festivalları rayonun şöhrətini bütün dünyaya yayıb. Ötən ilin avqust ayında keçirilmiş IV Qəbələ musiqi festivalı təkcə rayonun böyük potensialını deyil, ümumən Azərbaycan musiqisinin zənginliyini bütün dünyaya nümayiş etdirdi. Bu və digər tədbirlər sayəsində dünya müstəqil Azərbaycanın uğurlarını daha yaxından tanımaq imkanı əldə edib. Bir rayonun timsalında dünya Azərbaycanın möhtəşəmliyini, müasirliyini, quruculuğunu, abadlığını, yüksək zövqə malikliyini görür.
Qəlbimi qürur hissi ilə dolduran faktlardan biri də
rayonda piano fabrikinin açılmasıdır. Postsovet məkanında
yalnız Rusiya və Ukraynada olan bu müəssisə həm də
Azərbaycanın mədəniyyət, incəsənət, o
cümlədən müsiqi potensialının müasirliyini,
insanlarımızın bəşəri musiqi dəyərlərinə
olan sıx bağlılığını aydın
nümayiş etdirir.
Prezidentimiz
həmişə deyib ki, əsl siyasət real iş və
konkret fəaliyyətdən ibarətdir. Bu gün Qəbələdə
Prezidentin əsl siyasətini daha aydın görmək olar:
ortada saysız-hesabsız real işlər və minlərlə
konkret fəaliyyət nümunəsi var".
Uğurlu Prezidentliyin Azərbaycan modeli
Fəttah Heydərov
iqtisadiyyatdan sosial sahəyə, aqrar sektordan turizmə, mədəniyyətdən
təhsilədək bütün sahələrdə əldə
edilən nailiyyətləri Prezident siyasətinin nəticəsi
kimi dəyərləndirir. Millət vəkilinin
fikrincə, məhz vətəndaşlarla hakimiyyət arasında
çox güclü mənəvi birliyin, həmrəyliyin
mövcudluğu qazanılan uğurların zəmini, perspektiv
müvəffəqiyyətlərin isə təməlidir.
Həmsöhbətimizin
qənaətincə, Azərbaycanın mövcud və
perspektiv siyasətini təmin edən yalnız bir amil var:
"Xalq-İlham Əliyev vəhdəti uzun onilliklər boyu
Azərbaycanın müqəddəratını müəyyənləşdirəcək
ən başlıca siyasi faktordur. Əhalinin
hakim siyasi kursa, Prezidentin siyasətinə dəstəyi birmənalıdır.
Həm də nəzərə alaq ki,
xalqımız İlham Əliyev xəttini yalnız siyasi kurs
kimi yox, həm də Heydər Əliyevin mükəmməl
dövlətçilik konsepsiyasının məntiqi davamı
tək qəbul edir. Prezidentin xarizması
ölkədə fövqəlgücdür, nüfuzu isə
alternativsizdir. Dövlət
başçısının sözü xalq üçün
müəyyənləşdirici vasitədir. Ötən 9 ildə bu ümummilli etimadı qazanmaq
heç də siyasi şans deyil, bu, xalqa layiqli xidmət
missiyasının nəticəsidir.
Bu gün artıq dünya səviyyəsində
çoxsaylı ekspertlər Prezidentin müəllifi olduğu
İnkişafın Azərbaycan modelini öyrənir və təhlil
edirlər. Mən
- Azərbaycanı qarış-qarış, kəndbəkənd
gəzən, minlərlə insanla, zəhmətkeşlə, fəhləylə,
alimlə, gənclə... sıx təmasda olan bir şəxs
kimi, bu adamların qənaətini bölüşərək
tam məsuliyyətimlə deyirəm ki, möhtərəm
İlham Əliyev İnkişafın Azərbaycan modeli ilə
bahəm, həm də xalqa vicdanlı, layiqli, təmənnasız
xidmətin, həmçinin yaxşı Prezidentliyin uğurlu
modelini yaradıb. Buna görə də
dünyada siyasi fəaliyyətdə aparıcı element olan
"piar" və digər təşviqat vasitələri Azərbaycanda
səmərə vermir. Çünki ən
böyük təbliğat və "piar" məhz Azərbaycan
Prezidentinin özü, sözü və fəaliyyətidir!"
Böyük türk siyasətçilərinin
görüşü
Fəttah Heydərovun fikrincə, Azərbaycan
Prezidentinin ötən il Qəbələyə
səfəri tək bölgənin sosial-iqtisadi mənzərəsi
baxımından deyil, ümumiyyətlə, beynəlxalq
konteksdə də əhəmiyyətli idi. Dövlət
başçısının bir sıra mühüm obyektlərin
açılış mərasimində iştirak etməsi qəbələlilər
üçün böyük tarixi hadisə oldu. Rayonun
iqtisadi, sosial və turizm potensialının möhkəmləndirilməsinə
daim xüsusi diqqətlə yanaşan Prezident "Tufan"
dağ-xizək yay-qış istirahət kompleksində, stend və
ox atıcılığı kompleksində, Karvansaray hotelində
aparılan tikinti işləri ilə, Qəbələ şəhər
məscidində və mədəniyyət evinin yeni
tikilmiş binasında son tamamlama işlərinin gedişi ilə
tanış oldu, müvafiq tapşırıq və tövsiyələrini
verdi.
"Bütün
bunlar, şübhəsiz, Qəbələnin inkişafı
baxımından çox mühüm, strateji əhəmiyyətli
layihələrdir" - deyir millət vəkili və əlavə
edir: "Bu səfər müddətində Qəbələ
daha bir möhtəşəm siyasi hadisəyə şahidlik
etdi: Azərbaycan-Türkiyə Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurasının iclası
rayonumuzda keçirildi. Türk
dünyasının iki böyük xadiminin - İlham Əliyevlə
Rəcəb Tayyib Ərdoğanın Qəbələdəki
görüşü mənə 90-cı illərin əvvəllərini
xatırlatdı. Naxçıvanın
ağır günlərində doğma yurduna yüksək əzm
və qətiyyətlə rəhbərlik edən Heydər Əliyevin
Türkiyənin o zamankı rəhbəri Süleyman Dəmirəllə
tarixi görüşü gözlərim önündə
canlandı. Məhz bu
görüşün nəticəsi kimi Türkiyə blokada
şəraitində yaşayan Naxçıvan Muxtar
Respublikasına əsl qardaş dəstəyini göstərdi.
Naxçıvanın, eləcə də Azərbaycanın
o ağır günlərində Türkiyə daim
yanımızda oldu.
Şükürlər
olsun ki, o dövrlər çoxdan geridə qalıb: Azərbaycan
xüsusilə, son illərdə sürətlə inkişaf
edərək Türkiyə ilə bərabər regionun lider
dövlətinə çevrilib. Artıq biz Türkiyəyə
dəstəyik, Azərbaycan Türkiyənin gücünü
birə beş artırır. Bu gün məmləkətimiz Türkiyəyə ən
çox investisiya yatıran ölkədir. Azərbaycan
Türkiyənin büdcəsinə milyardlarla dollar əlavə
vəsait, vətəndaşlarına isə iş yerləri,
çörək verir. Respublikamız
ümumilikdə, Avropanın enerji təhlükəsizliyinin,
deməli, həm də gələcək müqəddəratının
təminatında əsas söz sahiblərindən biridir.
Strateji müttəfiq olan Azərbaycan və
Türkiyə regiondakı siyasi proseslərə fəal
müdaxilə və təsir imkanları ilə seçilirlər.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının iclası bütövlükdə beynəlxalq
diqqəti bir daha Qəbələyə yönəltdi. Dünya siyasi kahkəşanında yeni parlayan iki
ulduzun - Azərbaycan və Türkiyənin dövlət rəhbərlərinin
müzakirə etdiyi strateji əhəmiyyətli məsələlər
bütün türkdilli dövlətlərin maraqlarını
özündə ehtiva edirdi".
Gündəmi artıq Azərbaycan
müəyyənləşdirir
Fəttah Heydərov Azərbaycanı
yalnız türkdilli ölkələr üçün deyil,
bütünlüklə islam dünyası
və Yaxın Şərq bölgəsi üçün
aparıcı qüvvə sayır. Hesab edir ki,
güclü iqtisadi resursları, beynəlxalq nüfuzu,
demokratikləşmə və hüquqi, dünyəvi dövlət
quruculuğunda qazandıqları mühüm nailiyyətlər
ölkəmizi məlum bölgədə söz sahibinə
çevirir və model dövlət kimi təsbit edir.
Millət
vəkilinin bu qənaəti çox dolğun və dəqiqdir:
"Bu gün müsəlman aləmi və qan içində
boğulan Şərq bölgəsi məhz Azərbaycan
dövlətçilik modelini öyrənir. Dünya
xəritəsində bir zərrə nöqtə ilə əks
olunan Azərbaycan dünyanın real siyasi mənzərəsində
böyük geosiyasi ərazini tutur. Bu bizim
nailiyyətimizdir. Bu kimi qələbələr
eyni zamanda, dövlətimizin əleyhinə yönələn
beynəlxalq nifaq və iftira hərəkatının daha
güclü hücuma keçməsinə də əsas verir.
Azərbaycanın artan nüfuzundan, qüdrətindən
rəncidə olanlar dünya erməniliyi ilə birlikdə
artıq 20 ildir şər kampaniyası aparırlar. Etiraf edək ki, mütəşəkkil və
güclü antiazərbaycan şəbəkəsi
formalaşıb. Hər sahədə bizə
maneə və əngəl yaratmağa
çalışırlar. "Sapı
özümüzdən olan baltalar"la birlikdə Prezident
İlham Əliyevin şəxsində Azərbaycanı hədəf
seçiblər.
Ötən
il Azərbaycan üçün
böyük nailiyyətlər ili oldu. Ölkəmiz
BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyətə
başladı və bu quruma sədrlik etdi. Ardınca
"Eurovision" mahnı müsabiqəsinə layiqincə ev sahibliyi edərək, Azərbaycanın dünyanın
mədəniyyət paytaxtlarından biri olduğunu tam əsaslarla
sübut etdik. Ən nəhayət, London olimpiadasında şərəfli
30-cu yeri tutmaqla Avropa, MDB məkanında, islam
dünyasında ən öncül idman ölkələrindən
biri olduğumuzu göstərdik. Ən mühüm məqamlardan
biri isə
ilk dəfə təşkil olunacaq I Avropa Olimpiya
Oyunlarının məhz Bakıda keçirilməsi ilə
bağlı tarixi qərarın qəbulu oldu. Həmçinin
ölkəmizdə ötən il ərzində
mühüm beynəlxalq tədbirlər, müxtəlif xarici
təşkilatların sammitləri də keçirildi. Bu hadisələrin fonunda Azərbaycanın adı
aylarla beynəlxalq ictimaiyyətdə uğurun,
inkişafın, müasirliyin tərənnümçüsü
kimi çəkildi və hazırda da bu qənaət
bölüşülür. Onilliklər
boyu bizə qarşı yaradılmış informasiya
blokadasını yarmışıq və Azərbaycana yönəlmiş
hücum kampaniyasının qarşısını alaraq,
artıq özümüz hücumçu diplomatiya ilə
dünya erməniliyinə meydan oxuyuruq. Diqqətlə nəzər
yetirin: bir ildən artıqdır ki, dünya erməniliyi
müdafiə mövqeyinə keçib, biz bütün
situasiyalarda, bütün proseslərdə onlardan bir addım
öndəyik. Artıq gündəmi Azərbaycan
müəyyənləşdirir".
Prezidentin qələbəni təmin
edəcək fəaliyyətinin manifesti
Fəttah Heydərov
söhbəti ötən ilin mühüm strateji hadisələrindən
birinə - Prezidentin Azərbaycan diplomatları
qarşısındakı tarixi çıxışına
yönəldir. Deyir ki, bu
çıxışı həm böyük həyəcan, həm
də qürur hissi ilə izləyib. "Prezident
Azərbaycan dövlətinə və xalqına qənim kəsilən
qüvvələrin mütəşəkkil şəbəkəsinin
fəaliyyət miqyasını bir daha bizlərə
anlatdı. Dünya erməniliyinin ən rəzil,
ləyaqətsiz mübarizə metodu seçdiyini ifşa etdi.
Tək mən yox, hər bir vətəndaşımız
məmləkətimizin məlum fövqəlgüclərin hədəfinə
çevrilməyinin detallarını, nəticələrini həyəcanla
dinləyirdik. Amma Prezident "İyirmi ildir təkbaşına
mübarizə aparırıq. Bizdən qat-qat
böyük qüvvələr qarşısında öz
maraqlarımızı təmin edirik, heç kimin
qarşısından geri çəkilmirik. Biz bölgədə söz sahibiyik" - deyə
gücümüzü, əzəmətimizi Azərbaycan
adından dünyaya var səsilə car çəkəndə
qəlbim iftixar duyğusu ilə coşdu. Fəxr etdim
liderimizlə! Budur qətiyyət, prinsipiallıq! Bu çıxışı mən Prezidentimizin qələbəyə
doğru yönələn, qələbəni təmin edəcək
fəaliyyətinin manifesti kimi qəbul etdim".
Həmsöhbətimiz
daha bir mühüm hadisəyə - Prezidentin ötən il Qəbələyə səfəri müddətində
ATƏT-ə üzv ölkələrin səfirlərini qəbul
etməsinə də toxunur. Cənab İlham Əliyevin
aktual məsələlər ətrafında prinsipial və qətiyyətli
mövqeyini açıqladığı bu tədbiri həmsöhbətimiz
Prezidentlə diplomatların görüşündən daha
çox, beynəlxalq miqyaslı gedişləri ölkəsinin
maraqlarına uyğunlaşdırmağı bacaran peşəkar
diplomatla öz geosiyasi səhvlərinin girovuna
çevrilmiş diplomatıların görüşü kimi
səciyyələndirir. Və belə izah verir ki, bu tədbirdə
dövlət başçımız danılmaz arqumentlərlə,
inkaredilməz faktlarla, ən əsası isə şəxsi
keyfiyyətləri - siyasi qətiyyəti, diplomatik manevrləri,
fərdi xarizması və ilk dəqiqələrdən
auditoriyada psixoloji-mənəvi üstünlüyü ələ
ala bilmək qabiliyyəti sayəsində avropalı diplomatlara
onların "ikili standartlar" yürütdüklərini qəbul
etdirdi.
Fəttah
Heydərovun qənaətincə, səfirlərin konkret faktlar
qarşısında nümayiş etdirdikləri susqunluq əslində,
ədalət və həqiqət qarşısında dərin
sükut idi: "Mən bu görüşün Qəbələdə
keçirilməsində də bir rəmzi məna
görürəm. Bu mənanın
açarı qəbələlilərdir. Camaatımız
çox qədirbiləndir, həm də müdrikdir. Zərrə
qədər də şişirtmirəm: nəinki rayon mərkəzində,
hətta dağ kəndlərində rastlaşdığım
insanlarda müşahidə etdiyim müdrikliyi, təmizliyi,
saflığı, ən əsası isə ədalət
hissini, inanın, artıq 10 ildən çoxdur üzvü
olduğum ATƏT-in Parlament Assambleyasının təmsilçilərinin
çoxunda görmürəm. Bu insanlar
"ikili standartlar", "ütülü sözlər"
nə olduğunu bilməzlər. Bir standartları var - ədalət
və hallallıq, bir sözləri var - haqq və
düzlük! Ulu öndər Heydər Əliyev
də, Prezident İlham Əliyev də qəbələlilərin
bu xüsusiyyətlərini gözəl bilirlər və məhz
bu keyfiyyətlərinə görə də - ədalətli və
düz olduqlarına görə də onları sevirlər.
Azərbaycan Prezidentinin də bu gün ən
böyük silahı ədalət və haqdır. Möhtərəm
İlham Əliyev Qəbələdə dünyaya bir daha bəyan
etdi ki, heç bir beynəlxalq təsir və təzyiq ölkəmizi
yolundan döndərə bilməz. Heç
bir əsassız çağırışlar Azərbaycanı
güzəştə sövq edə bilməz. Beynəlxalq təşkilatlar antiazərbaycançı
şəbəkənin marionet oyuncağı
olmamalıdır, dünya erməniliyinin
sözçüsünə çevrilməməlidir. Bəli,
Prezidentimiz Qəbələdə bütün beynəlxalq təşkilatlara
ədalət və obyektivlik dərsi verdi!"
Fəttah
müəllim Prezidentin əcnəbi diplomatlarla
görüşdə son dövrlərin ən həssas
mövzusuna - Azərbaycan zabiti Ramil Səfərovun əfv
olunmasına prinsipial və açıq şəkildə
münasibət bildirməsini də xüsusi qeyd edir və bir
haşiyə çıxır: "50 ildən çoxdur ki,
həyatım siyasətlə bağlıdır. Rayon miqyasından başlamış - ATƏT çərçivəsində
- Avropa səviyyəsində siyasi proseslərdə yaxından
iştirak etmişəm. ATƏT Parlament
Assambleyasında Azərbaycan nümayəndə heyətinin
üzvü kimi əcnəbi deputatlarla çoxsaylı
görüşlərimdə daim ölkəmizə
qarşı "ikili standart" yanaşmaların səbəblərini
öyrənməyə çalışıram. Lakin onlar hər dəfə "Biz həqiqəti
bilirik, amma nə edək ki, dövlətimizin maraqlarından
çıxış edirik" - deyə qərəzli
mövqelərini gizlətmir, utanmadan çiyinlərini
çəkirlər. Belə olan halda,
Avropanın həddindən artıq ağır cəza
almış Azərbaycan zabitinin əfvi məsələsinə
obyektiv münasibət göstərəcəyini, əlbəttə
ki, qətiyyən gözləmirdim. Amma
dövlətimizin rəhbərinin sırf beynəlxalq
hüquq normalarından çıxış edərək bu məsələdə
qətiyyət, siyasi iradə, əzm, yenilməzlik
nümayiş etdirməsi məndə böyük qürur və
fəxarət hissi doğurdu. Prezident bir daha sübuta
yetirdi ki, onun üçün Azərbaycanın, eləcə
də onun hər bir vətəndaşının mənayefi
öndədir!
Hesab edirəm ki, Ramil Səfərov bütövlükdə
xalqının təhqir olunmasına dözməyərək
affekt vəziyyətində cinayət törətmiş və
cəzasını çəkmiş hərbçidir. Ramil Səfərov qəhrəman
da deyil... Bütün bu proseslərdə qəhrəman Azərbaycan
zabitinin əfvi üçün böyük səy və qətiyyət,
siyasi iradə nümayiş etdirmiş Prezident İlham Əliyevdir!
Ölkə rəhbəri bu qətiyyətli addımı ilə
bir daha hər bir azərbaycanlının layiqli Prezidenti
olduğunu, hər addımda ölkəmizin maraqlarını
uca tutduğunu sübuta yetirdi! Ulu öndərimiz
daim Azərbaycanın maraqları ilə bağlı məsələlərdə
yüksək qətiyyət nümayiş etdirir, heç bir təzyiqdən,
təhdiddən çəkinmirdi. Mən
bu keyfiyyətləri bu gün onun layiqli siyasi
davamçısı - Prezident İlham Əliyevdə tam
aydınlığı ilə görürəm!"
Heydər
Əliyevin həyatı İlham Əliyevin tərcümeyi-halında
davam edir
Fəttah Heydərov çağımızın narahat
dövr, zamanımızın təlatümlü olduğunu,
açıq və gizli düşmənlərimizin yeni məkrli
ssenarilər hazırladığını ürək
ağrısı ilə danışır. Amma bu
günümüzdən necə ki narahat deyil, eynilə də
sabahamızdan əsla, nigaran qalmır. Prezidentə, onun
bacarığına, xalqa layiqli xidmət missiyasına güvənir
və əmindir ki, cənab İlham Əliyev "qurdlar
süfrəsindəki" Azərbaycanın qüdrətli,
möhtəşəm və söz sahibi mövqeyini hər
zaman qoruyacaq.
Söhbətimizin
məntiqi yekununu da bu fikirlərlə müəyyənləşdirir
Fəttah müəllim: "9 il əvvəli
xatırlayıram... Ulu öndər Heydər Əliyevin xalqa
ünvanladığı 2003-cü il 1
oktyabr tarixli müraciətini televiziya qarşısında həyəcanla
dinləyərək təsirlənmişdim, kövrəlmişdim.
Prezident seçkilərində layiqli davamçısı
İlham Əliyevin iştirakını lazım bilən ulu
öndər Heydər Əliyev özünəməxsus
müdrikliklə, uzaqgörənliklə deyirdi: MƏN ONA
ÖZÜM QƏDƏR İNANIRAM VƏ GƏLƏCƏYİNƏ
BÖYÜK ÜMİDLƏR BƏSLƏYİRƏM. Dahi şəxsiyyət qətiyyən
yanılmadı. Heydər Əliyevin siyasi
kursunu davam etdirə biləcək yeganə şəxs məhz
İlham Əliyev idi və ötən 10 illik zaman məsafəsində
bu həqiqət hər məqamda təsdiqini tapdı. Bu
gün Heydər Əliyevin bütün həyatı, fəaliyyəti,
siyasəti, təcrmeyi-halı Prezident İlham Əliyevin həyatında,
siyasətində, tərcümeyi-halında davam edir!
Prezident İlham Əliyev Heydər Əliyevin və
milyonlarla azərbaycanlının inamını
doğrultmağı bacardı. 10 il əvvəl
ulu öndər Heydər Əliyevin söylədiyi bu fikirləri
indi biz - dünyada özünə azərbaycanlı deyən
60 milyonluq toplum iftixarla deyirik: biz Sizə özümüz qədər
inanırıq, cənab Prezident! Sizin rəhbərliyiniz
altında Azərbaycanın daha böyük uğurla imza
atacağına da əminik!"
Əgər
bu sözləri müdrik ağsaqqal söyləyirsə, əlavə
şərhə nə hacət?!.
İxtiyar HÜSEYNLİ
Azərbaycan.-2013.- 3 fevral.- S.6.