Azərbaycan Respublikasının Alternativ və
Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyi haqqında Əsasnamə
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 ¹-li fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji və ondan
səmərəli istifadə olunması sahəsində (bundan
sonra - müvafiq sahədə) dövlət siyasətini və
tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri
(bundan sonra - ABOEM) üzrə fəaliyyətin səmərəli
təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini
və dövlət nəzarətini həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanıdır.
1.2.
Agentlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri
və bu əsasnaməni rəhbər tutur.
1.3.
Agentlik öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən digər
icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanları və qeyri-hökumət təşkilatları ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4.
Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun istifadəsində
olan dövlət əmlakına, xəzinə və bank
hesablarına, üzərində Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri və
öz adı həkk olunmuş möhürə, müvafiq
ştamplara və blanklara malikdir.
1.5.
Agentliyin saxlanması xərcləri və fəaliyyəti Azərbaycan
Respublikasının dövlət büdcəsinin vəsaiti və
qanunvericilikdə nəzərdə tutulan digər mənbələr
hesabına maliyyələşdirilir.
1.6.
Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.1.
Agentliyin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.1.1.
müvafiq sahədə vahid dövlət siyasətinin
formalaşmasında iştirak edir və bu siyasətin həyata
keçirilməsini təmin edir;
2.1.2.
müvafiq sahənin inkişafını və infrastrukturunun
yaradılmasını, iqtisadiyyatda və sosial sahələrdə
alternativ və bərpa olunan energetikanın tətbiqini, ABOEM
üzrə enerji istehsalı, enerji istehlakı və enerji
effektivliyi ilə bağlı tədbirlərin həyata
keçirilməsini təmin edir, sahə üzrə dövlət
uçotunu və dövlət kadastrını aparır;
2.1.3.
müvafiq sahədə normayaratma fəaliyyətini həyata
keçirir.
3. Agentliyin vəzifələri
3.1. Agentlik bu əsasnamə ilə
müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq aşağıdakı vəzifələri yerinə
yetirir:
3.1.1.
müvafiq sahədə normayaratma fəaliyyətindən irəli
gələn vəzifələri həyata keçirmək,
dövlət proqramlarını və inkişaf
konsepsiyalarını hazırlamaq və onların həyata
keçirilməsini təmin etmək;
3.1.2.
Azərbaycan Respublikasının ayrı-ayrı zonaları
üzrə bərpa olunan enerji resurslarının, o cümlədən
günəş, külək, biokütlə, termal sular, su
axınları, müxtəlif növ tullantılar və bu
kimi digər mənbələrin potensialını və
onlardan istifadə üçün əsas istiqamətləri
müəyyənləşdirmək;
3.1.3.
müvafiq sahədə istehsalın və istehlakın proqnoz
göstəricilərini hazırlamaq, onları aidiyyəti
dövlət orqanlarına təqdim etmək və bu sahədə
həyata keçirilən tədbirlərdə iştirak etmək;
3.1.4.
ABOEM hesabına istehsal olunan enerjinin mövcud şəbəkələrə
ötürülməsi üçün müvafiq qurumlarla
birlikdə qoşulma nöqtələrini müəyyənləşdirmək;
3.1.5.
müvafiq sahədə dövlət nəzarətini həyata
keçirmək;
3.1.6.
alternativ və bərpa olunan enerjinin istehsalı,
ötürülməsi (nəqli), paylanması üzrə
sistemi optimallaşdırmaq və səmərəli istifadəsi
üçün şərait yaradılmasını təmin
etmək;
3.1.7.
müvafiq sahədə tariflərin
formalaşdırılmasında iştirak etmək, bu sahədə
istehsalçı müəssisələrin uzunmüddətli
dövrdə rentabelli fəaliyyətini təmin edən tariflərin
müəyyənləşdirilməsi metodologiyasını
hazırlamaq, həmin tariflərin təkmilləşdirilməsi
və tətbiqi ilə bağlı təkliflər vermək;
3.1.8.
müvafiq sahəyə sərmayə qoyuluşunun cəlb
edilməsi üçün əlverişli mühitin
yaradılması məqsədi ilə müvafiq tədbirləri
hazırlamaq və onların həyata keçirilməsini təmin
etmək;
3.1.9.
qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada
müvafiq sahədə xüsusi razılıq (lisenziya) və
ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər
vermək;
3.1.10.
müvafiq sahə üzrə avadanlığın
quraşdırılmasına, qurğulardan düzgün istifadə
olunmasına və müəyyən edilmiş qaydada
saxlanmasına nəzarət etmək;
3.1.11.
müvafiq sahədə texniki normativ hüquqi aktların tələblərinə
uyğun olmayan, insanların həyatına,
sağlamlığına və əmlakına, habelə ətraf
mühitə zərər vura bilən avadanlıq və
qurğuların istifadəsinin qarşısını almaq məqsədi
ilə tədbirlər görmək;
3.1.12.
qanunla nəzərdə tutulmuş hallarda icrası məcburi
olan göstərişlər vermək, müvafiq sahədə
fəaliyyət üçün verilmiş xüsusi icazənin
qüvvəsinin dayandırılması və ya ləğv
edilməsi ilə bağlı tədbirlər görmək;
3.1.13.
ABOEM hesabına istehsal olunmuş enerji resurslarına və məhsullara,
habelə müvafiq işlərə və xidmətlərə
ölkə iqtisadiyyatının və əhalinin tələbatının
ödənilməsini təmin etmək məqsədi ilə tədbirlər
hazırlamaq və həyata keçirmək;
3.1.14.
ABOEM-dən səmərəli istifadə və ekoloji təhlükəsizliyin
təmin edilməsi ilə bağlı tədbirlər həyata
keçirmək;
3.1.15.
ABOEM-in müəyyən olunmasını, dövlət
uçotunun aparılmasını, mənbələrin
dövlət kadastrına salınmasını və bu sahədə
fəaliyyət göstərən enerji istehsalçılarının
uçotunun aparılmasını təmin etmək;
3.1.16.
müvafiq sahədə enerji resurslarının istehsalı,
ötürülməsi, paylanması və istehlakı sahəsində
texnoloji itkilərin və enerji sərfinin azaldılmasına
yönələn tədbirlərin hazırlanmasını və
həyata keçirilməsini təmin etmək, ölkənin
enerji təhlükəsizliyinin təmin olunması tədbirlərinin
hazırlanmasında və həyata keçirilməsində
iştirak etmək;
3.1.17.
müvafiq sahənin infrastrukturunun etibarlı mühafizəsini
təmin edən və bu işin lazımi səviyyədə
qurulması üçün tələb olunan müasir
avadanlığın, texnologiyaların, texniki və digər
xüsusi vasitələrin tətbiqinə və istifadəsinə
dövlət nəzarətini həyata keçirmək,
müvafiq sahədə yeni energetika obyektlərinin
yaradılması məqsədi ilə müvafiq təkliflər
vermək;
3.1.18.
müvafiq sahənin normal fəaliyyətinin və
inkişafının təmin edilməsi məqsədi ilə
zəruri olan müasir idarəetmə sistemlərinin,
informasiya texnologiyalarının cəlb olunmasını, rabitə
xidmətlərinin qurulmasını, etibarlı informasiya və
mühafizə vasitələrinin tətbiqini təşkil etmək;
3.1.19.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
həyata keçirilməsini Agentliyin səlahiyyətinə
aid məsələlər üzrə təmin etmək;
3.1.20.
Agentliyin fəaliyyətinə dair məlumat bazası, Azərbaycan
Respublikasında mövcud alternativ və bərpa olunan enerji mənbələri
haqqında məlumat bankı yaratmaq, onların yerli şəraitə
uyğun səmərəli istifadəsinə imkan verən
texnologiyaların tətbiqi üçün təkliflər
hazırlamaq;
3.1.21.
Agentlik sistemində maddi və maliyyə vəsaitlərinin
uçotunu təşkil etmək, onların istifadəsinə
nəzarət etmək, struktur bölmələrin fəaliyyətinin
səmərəliliyini artırmaq üçün müvafiq
tədbirlər görmək;
3.1.22.
müvafiq sahəyə aid arxiv sənədlərinin müəyyən
olunmuş qaydada saxlanmasını və mühafizəsini təmin
etmək;
3.1.23.
Agentliyə ayrılan büdcə vəsaitindən, kreditlərdən,
qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
3.1.24.
müvafiq sahə üzrə beynəlxalq konqres, konfrans,
seminar, sərgi və digər tədbirlərdə iştirak etmək,
sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilini
təmin etmək;
3.1.25.
müvafiq sahədə kadr hazırlığını təmin
etmək, həmçinin mütəxəssislərin
hazırlanması və əlavə təhsili
üçün tədbirlər görmək;
3.1.26.
müvafiq sahədə dövlət və yerli
özünüidarəetmə orqanları ilə, hüquqi və
fiziki şəxslərlə qarşılıqlı əlaqələr
qurulmasını təmin etmək;
3.1.27.
Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində tədbirlər görmək;
3.1.28.
Agentliyin fəaliyyəti ilə bağlı vətəndaşlardan
daxil olan təklif, ərizə və şikayətlərə
baxmaq və vətəndaşların qəbulunu təmin etmək,
daxil olmuş müraciətlərə vaxtında, o cümlədən
yaradılmış internet saytı vasitəsilə cavab vermək
və qanunla müəyyən edilmiş qaydada digər tədbirlər
görmək;
3.1.29.
öz fəaliyyəti haqqında yerli əhalinin, ictimaiyyətin
məlumatlandırılmasını, internet saytının
yaradılmasını və malik olduğu ictimai
informasiyanın həmin saytda yerləşdirilməsini və
bu informasiyanın daim yeniləşdirilməsini təmin etmək;
3.1.30.
qanuna uyğun olaraq, dövlət sirrinin və məxfilik
rejiminin qorunması üçün zəruri tədbirlər,
habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik
tədbirləri görmək.
4. Agentliyin hüquqları
4.1.
Agentlik öz vəzifələrini yerinə yetirmək
üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1.
müvafiq sahədə normayaratma fəaliyyətindən irəli
gələn hüquqları həyata keçirmək;
4.1.2.
müvafiq sahə üzrə beynəlxalq müqavilələrə
Azərbaycan Respublikasının tərəfdar
çıxması barədə təşəbbüslə
çıxış etmək;
4.1.3.
Azərbaycan Respublikasının müxtəlif regionlarında
alternativ və bərpa olunan enerjinin hərtərəfli və
geniş tətbiqi ilə bağlı təhlillər və tədqiqatlar
aparmaq, fəaliyyət istiqamətləri üzrə təkliflər
hazırlamaq;
4.1.4.
müvafiq sahədə əlverişli investisiya mühitinin
yaradılmasına dair təkliflər hazırlamaq və həyata
keçirmək;
4.1.5.
Agentliyin ehtiyacları üçün əsaslı tikinti
aparılması, bina və tikililərin yenidən qurulması
və təmiri ilə bağlı işlər görmək,
qanunvericilikdə nəzərdə tutulmuş hallarda
müsabiqə keçirmək, müqavilələr
bağlamaq, onların yerinə yetirilməsinə nəzarət
etmək;
4.1.6.
Agentliyin maddi-texniki bazasının gücləndirilməsi ilə
bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər
vermək;
4.1.7.
müvafiq sahə üzrə dövlət və yerli
özünüidarəetmə orqanlarına, fiziki və
hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər)
barədə sorğu vermək və onlardan belə məlumatları
(sənədləri) almaq;
4.1.8.
Agentlikdə kargüzarlığın təşkili, icra və
əmək intizamına riayət olunması işinin təşkili
vəziyyətini yoxlamaq;
4.1.9.
müvafiq sahədə işçilərin peşə
hazırlığının artırılması
üçün xüsusi seminarlar təşkil etmək, o
cümlədən onların yerli və beynəlxalq səviyyədə
keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda
və digər tədbirlərdə iştirakını təmin
etmək;
4.1.10.
alternativ və bərpa olunan enerji istehsalı, enerji səmərəliliyi
və ətraf mühitin qorunması ilə bağlı tədbirlər
təşkil etmək və keçirilən beynəlxalq tədbirlərdə
iştirak etmək;
4.1.11.
qanunvericiliyə uyğun olaraq, müvafiq beynəlxalq təşkilatlarda,
xarici dövlətlərin aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq etmək,
beynəlxalq təcrübəni öyrənmək;
4.1.12.
fəaliyyət istiqamətlərinə uyğun rəy vermək,
təhlillər və ümumiləşdirmələr aparmaq,
analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar
aparmaq, təkliflər vermək;
4.1.13.
qanunvericiliklə müəyyən olunmuş qaydada müstəqil
ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə
cəlb etmək;
4.1.14.
qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi
bülletenlər və digər nəşrlər buraxmaq.
5. Agentliyin fəaliyyətinin təşkili
5.1.
Agentliyin aparatı və onun strukturuna daxil olan qurumlar və
tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar
və sair) Agentliyin vahid sistemini təşkil edir. Agentlik
öz fəaliyyətini bilavasitə və həmin qurumlar
vasitəsilə həyata keçirir.
5.2.
Agentliyin strukturunu və işçilərinin ümumi say tərkibini
Azərbaycan Respublikasının Prezidenti müəyyən
edir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların
(hüquqi şəxslərin, təşkilatların və
sair) siyahısını Azərbaycan Respublikasının
Nazirlər Kabineti təsdiq edir.
5.3.
Agentliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
sədr rəhbərlik edir. Agentliyin sədri Agentliyə həvalə
edilmiş vəzifələrin yerinə yetirilməsi və
hüquqların həyata keçirilməsi üçün
şəxsən məsuliyyət daşıyır.
5.4.
Agentliyin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
iki müavini vardır. Agentlik sədrinin müavinləri
Agentlik sədrinin onlara həvalə etdiyi vəzifələri
yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.
5.5.
Agentliyin sədri:
5.5.1.
Agentliyin işini təşkil edir və ona rəhbərlik
edir;
5.5.2.
müavinləri arasında vəzifə bölgüsü
aparır, onların, habelə Agentliyin digər vəzifəli
şəxslərinin ştat, kadr, maliyyə, istehsalat-təsərrüfat
və digər məsələlər üzrə səlahiyyətlərini
müəyyənləşdirir və qarşılıqlı
fəaliyyətini təmin edir;
5.5.3.
Agentliyin aparatının struktur bölmələrinin,
tabeliyindəki qurumların (əsasnamələri Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq edilən
qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin
təsdiqi barədə, həmçinin bu əsasnamənin
5.9-cu bəndində Agentliyin kollegiyasının səlahiyyətlərinə
aid edilməmiş məsələlər barədə normativ
hüquqi aktları qərar formasında qəbul edir;
5.5.4.
Agentliyin tabeliyindəki hüquqi şəxslərin nizamnamələrini
təsdiqlənmək üçün qanunvericiliklə müəyyən
olunmuş qaydada təqdim edir;
5.5.5.
müəyyən edilmiş struktur, əməkhaqqı fondu və
işçilərin say həddi daxilində Agentliyin
aparatının və digər qurumlarının strukturunu,
ştat cədvəlini və ayrılmış büdcə təxsisatı
daxilində onların xərclər smetasını təsdiq
edir;
5.5.6.
Agentliyin aparatının işçilərini və tabeliyindəki
qurumların işçilərini vəzifəyə təyin
və vəzifədən azad edir, habelə tabeliyindəki
qurumların rəhbərlərinin vəzifəyə təyin
olunması üçün təqdimatlar verir, həmçinin
onlar barəsində həvəsləndirmə və intizam tənbehi
tədbirləri görür;
5.5.7.
əmr və sərəncam formasında qeyri-normativ hüquqi
aktlar qəbul edir və bunların, habelə Agentliyin qəbul
etdiyi normativ hüquqi aktların icrasını təşkil
edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.5.8.
Agentliyin səlahiyyətlərinə aid məsələlər
üzrə müvafiq il üçün dövlət büdcəsinin
və büdcədənkənar fondların
formalaşdırılması ilə bağlı təkliflər
verir;
5.5.9.
dövlət büdcəsindən ayrılmış vəsaitin
səmərəli xərclənməsini təmin edir;
5.5.10.
Agentliyin tabeliyindəki qurumların nəzdində
özünümaliyyələşdirmə prinsipi əsasında
fəaliyyət göstərən qurumların
yaradılması, yenidən təşkili və ləğvi
barədə müvafiq qərarlar qəbul edir;
5.5.11.
dövlət büdcəsindən ayrılan vəsaitin,
büdcədənkənar xüsusi vəsaitlərin sərəncamçısı
olmaqla, maliyyə vəsaitini bölüşdürür,
ayrılmış vəsaitin həddi nəzərə
alınmaqla işçilərin vəzifə maaşlarına
qanunvericiliklə müəyyən edilmiş əlavələrin,
maddi yardım və mükafatların verilməsini təmin
edir;
5.5.12.
Agentliyin aparatına və tabeliyindəki qurumlara işə qəbulun
müsabiqə və şəffaflıq əsasında həyata
keçirilməsini təmin edir;
5.5.13.
Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə
zidd qərarlarını ləğv edir;
5.5.14.
Azərbaycan Respublikasının və xarici ölkələrin
dövlət və digər qurumları ilə münasibətlərdə
Agentliyi təmsil edir, verilmiş səlahiyyətlər daxilində
müvafiq beynəlxalq sənədləri imzalayır.
5.6.
Agentlikdə Agentliyin sədrindən (kollegiyanın sədri),
onun müavinlərindən, Naxçıvan Muxtar
Respublikasının aidiyyəti icra hakimiyyəti
orqanının rəhbərindən və Agentliyin digər rəhbər
işçilərindən ibarət kollegiya yaradılır.
Agentliyin kollegiyasının tərkibinə həmçinin
mütəxəssislər və alimlər də daxil edilə
bilərlər.
5.7.
Kollegiya üzvlərinin sayını və tərkibini Azərbaycan
Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.8.
Kollegiyanın iclaslarında orqanın fəaliyyətinin əsas
istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri,
normativ hüquqi aktların layihələri müzakirə
olunur və müvafiq qərarlar qəbul edilir.
5.9.
Agentliyin kollegiyası qərar formasında
aşağıdakı normativ hüquqi aktları qəbul
edir:
5.9.1.
Agentliklə digər şəxslər (qurumlar) arasında
münasibətləri tənzimləyən normativ hüquqi
aktlar;
5.9.2.
qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və
ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
Agentliyə tapşırılmış konkret normativ
hüquqi aktlar;
5.9.3.
bir neçə dövlət orqanının fəaliyyətini
tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;
5.9.4.
qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq
dövlət orqanları ilə
razılaşdırılmalı olan normativ hüquqi aktlar;
5.9.5.
Agentliyin sədrinin təşəbbüsü ilə Agentliyin
kollegiyasının müzakirəsinə çıxarılan
bu əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə
tutulmuş normativ hüquqi aktlar;
5.9.6.
bu əsasnamənin 5.9.1-5.9.5-ci yarımbəndlərinə
uyğun olaraq Agentliyin kollegiyasının qəbul etdiyi
normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklərin
edilməsi.
5.10.
Agentliyin kollegiyasının iclasları onun üzvlərinin
yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Agentliyin kollegiyasının qərarları onun üzvlərinin
sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin
kollegiyasının qərarı qəbul edilərkən səslər
bərabər olarsa, kollegiya sədrinin səsi həlledici
hesab edilir.
5.11.
Agentliyin kollegiyasının iclasları sədr tərəfindən
mütəmadi olaraq çağırılır.
5.12.
Agentliyin kollegiyasının iş qaydasını sədr
müəyyənləşdirir.
5.13.
Agentliyin kollegiyasının üzvləri və sədr
arasında fikir ayrılığı yarandıqda, Agentliyin sədri
bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat verərək, öz qərarını
həyata keçirir. Agentliyin kollegiyasının üzvləri
öz fikirlərini Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə bildirə bilərlər.
5.14.
Agentliyin kollegiyasının iclaslarına, zəruri hallarda digər
icra hakimiyyəti orqanlarının və təşkilatların,
habelə qeyri-hökumət təşkilatlarının
nümayəndələri dəvət edilə bilər.
5.15.
Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və
qabaqcıl təcrübənin öyrənilməsi və həyata
keçirilməsi üçün Agentlikdə ictimai əsaslarla
fəaliyyət göstərən elmi-texniki şura
yaradıla bilər.
Azərbaycan.-2013.- 3 fevral.- S.7.