Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq İdman Atıcılığı
Federasiyasının baş katibini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də
Beynəlxalq İdman Atıcılığı
Federasiyasının baş katibi Frants Şrayberi qəbul
etmişdir.
Beynəlxalq
İdman Atıcılığı Federasiyasının
baş katibi Frants Şrayber Azərbaycana səfərindən
məmnunluğunu ifadə etdi. Ölkəmizlə yaxından
tanış olduqlarını deyən Frants Şrayber Qəbələdəki
idman kompleksinə getdiklərini və Bakıda bir sıra
idman obyektlərinə baş çəkəcəklərini
vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə idmana dövlət səviyyəsində
göstərilən diqqətin önəmini qeyd etdi. Frants Şrayber 2014-cü ildə
Atıcılıq Federasiyasının stend
atıcılığı üzrə dünya kubokunun
finalının Azərbaycanda təşkil
olunacağını, 2015-ci ildə isə dünya kubokunun
stend atıcılığı üzrə mərhələ
yarışlarının ölkəmizdə keçiriləcəyini
qeyd edərək Federasiya üçün böyük əhəmiyyət
daşıyan bu tədbirlərə Azərbaycanın ev
sahibliyi etməsini ölkəmizin beynəlxalq idman əməkdaşlığı
sahəsində yeni uğuru kimi dəyərləndirdi.
Dövlət
başçısı ölkəmizdə idmanın müxtəlif
növlərinin sürətlə inkişaf etdiyini bildirdi. Prezident
İlham Əliyev Beynəlxalq İdman
Atıcılığı Federasiyasının ölkəmizin
müvafiq qurumları ilə əməkdaşlığının
önəmini qeyd etdi. Azərbaycanın müxtəlif beynəlxalq
idman yarışlarının keçirilməsinə
hazır olduğunu bildirən Prezident İlham Əliyev
artıq bir sıra dünya kuboklarının, Avropa
çempionatlarının ölkəmizdə təşkil
olunduğunu, 2015-ci ildə isə ilk Avropa Oyunlarına
respublikamızın ev sahibliyi edəcəyini Azərbaycanda
idmanın inkişafına yaradılan yüksək şəraitin
göstəricisi kimi dəyərləndirdi. Dövlət
başçısı bu cür beynəlxalq
yarışların gələcəkdə də uğurla
keçiriləcəyinə ümidvar olduğunu
vurğuladı.
AzərTAc
Azərbaycan.-2013.- 5 fevral.- S.1.