Ömrümə yazılan xoş günlər

 

Həyat böyük sınaq meydanıdır. Bu fikrin doğruluğu heç kimdə şübhə yaratmır: istər ayrı-ayrı şəxsiyyətlərin, dövlət xadimlərinin həyatı, ictimai-siyasi fəaliyyəti, istərsə də millətlərin, xalqların keçdiyi yol sınaqlardan ibarətdir. Müəyyən zaman kəsiyində tarixi inkişafın diktə etdiyi ictimai-siyasi şərait hər bir şəxsiyyətin, dövlətin, xalqın nəyə qadir olduğunu ortaya çıxarır, hərənin öz qiymətini verir.

Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider. Bu üç fenomen keyfiyyətin daşıyıcısı, qüdrətli və böyük insan Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyində oynadığı rol misilsizdir. Yalnız bir yolla - bütöv və tam həqiqətin yolu ilə gedən və ağlasığmaz uğurlar qazanan dahi şəxsiyyətin dövlətçilik fəaliyyəti əslində, tarixi faktların etirafıdır. Çünki reallıq və həiqiqət böyüklük və qüvvət əlamətidir. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olan, sabahkı gün, insanların xoş gələcəyi, gözəl arzular və xəyallar haqqında düşünən, onları reallığa çevirən bir şəxsiyyətin həyat amalı ancaq həqiqət konsepsiyasına bağlıdır. Düzdür, zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin və həqiqətin meyarı isə dəyişməz qalır. Odur ki, Azərbaycan xalqının ümummilli lideri, dərin zəkası və rəhbərlik etmək istedadı, uzaqgörənliyi və nüfuzu ilə bütün dünyanı heyran qoymuş ulu öndər Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq mümkün deyil. "Nə qədər Azərbaycan var, mən də varam, mən isə Azərbaycanda əbədi olacağam" - deyə özü haqqında söylədiyi bu fikir bütün zamanlarda öz təsdiqini tapacaqdır. Çünki hazırda həyatımızın hansı sahəsinə üz tutsaq, ulu öndərin böyük xarüqələrinin şahidi oluruq. Qurub-yaratmaq, idarə etmək, milləti gələcəyə aparmaq böyük şəxsiyyətin ali məramı idi. Ümummilli lider yalnız görünən möhtəşəmliklər yaratmırdı. Həm də insanların qəlbində özünün məhəbbətdən yoğrulmuş abidəsini ucaldırdı. Dahi rəhbərin hər kəsi heyrətə gətirən məziyyətlərindən biri də müdrik şəxsiyyətin insan talelerinə işıq saçmaq qüdrəti idi. Kiçikdən böyüyə, gəncdən qocaya, sadə peşə sahibindən vəzifə, ad-san yiyəsi olan insanlara qədər hamı ulu öndərin Azərbaycan tarixindəki qızıl dəst-xəttinə yaxşı bələddir. Kəndli də, şəhər sakini də, Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir soydaşımız da qəlbində hörmət, ehtiram, qürur, minnətdarlıq, məhəbbət dolu bir duyğu gəzdirir. O ulu insana ümumxalq sevgisi bu təmiz və müqəddəs hisslərdən yaranır.

Maraqlı və eyni zamanda təbiidir ki, Heydər Əliyevi ömründə üzbəüz görməyənlər, kəlmə kəsməyənlər də onu çox doğma və yaxın bilir, öz həyatlarında böyük şəxsiyyətin rolunu və təsirini hiss edirlər.

Bu sətirlərin müəllifinə ümummilli lider Heydər Əliyevlə şəxsi tanışlıq səadəti və onun rəhbərliyi altında işləmək məsuliyyəti qismət olub. Düşünürəm ki, əgər mənə məsul vəzifələr etibar edilməsəydi, ulu öndərlə əyani tanışlığım olmasaydı belə, öz həyatımda o böyük rəhbərin təsirini duyar və görərdim. Birinci növbədə, Heydər Əliyev dühası mənim alim, həkim, pedaqoq, ən nəhayət, şəxsiyyət kimi formalaşmağımda mühüm rol oynayıb. Bir sözlə, böyük rəhbərin bütün fəaliyyəti, idealları Azərbaycan xalqından, onun hər bir övladından ayrılmazdır! Digər tərəfdən, ulu öndərin taleyimdə rolu onun mənimlə bir nəsildən olan insanların, bütövlükdə Azərbaycan xalqının taleyindəki rolu ilə eynidir. Bu mənada Heydər Əliyev xalqımızı iki dəfə xilas etmişdi. Birinci dəfə ümidsizlikdən, mənasız həyatdan, mənəvi düşkünlükdən, ikinci dəfə isə məhv olmaqdan.

1969-cu ildə, ulu öndər birinci dəfə Azərbaycana siyasi rəhbərliyə başlayanda mən gənc idim. Bununla belə, Dövlət Təhlükəsizlik Komitəsinin sədri, generalı olan bir şəxsin hakimiyyətə gəlişinin ilk günlərdən respublikada xoş  əhval-ruhiyyə, canlanma yaratdığı da yaxşı yadımdadır. İnsanlar nikbin, sevincli anlar yaşayırdılar. Xalqın bütün zümrələrindən olan hər kəsin bu seçimə sevinməsinin əsas səbəbi yeni rəhbərə və nəticə etibarilə Azərbaycanın işıqlı sabahına ürəkdən inanması idi. Başqa sözlə, xalqın qəlbində ümid işığı yanmışdı.

Həmin vaxtdan çox illər, hətta onilliklər ötüb. O ziya, o işıq neçə-neçə dar məqamda Azərbaycanın, Azərbaycan xalqının imdadına çatıb, köməyinə yetib. Biz bu gün də dahi rəhbərin işıq saldığı yollarla irəliyə, Azərbaycanın daha parlaq sabahına doğru gedirik.

Heydər Əliyev fenomeni bütün ümidləri doğruldaraq əsl xarüqələr yaratdı, dünya siyasətçiləri sırasında öncül yer tutdu, xalqının ümummilli lideri zirvəsinə yüksəldi. Ulu öndərin rəhbərliyinin ilk günlərindən yerinə yetirilən əməli tədbirlərin, görülən ardıcıl işlərin əyani nəticəsinin şahidi və izləyicisi olmuşam. Beləcə, Heydər Əliyev dühası mənim tələbəlik dünyama və gənclik aləmimə daxil olaraq artıq 43 ildir bütün varlığımda büllur bir saflıq kimi əbədiləşib. Ulu öndər hamımızın gözləri qarşısında istirahət, dinclik, rahatlıq bilmədən Azərbaycanın gələcəyi naminə yeni-yeni ideyaların eskizlərini hazırlayır və onların zəruriliyini hiss edərək həyata keçirilməsinə başlayırdı. Heydər Əliyev uzaqgörənliyi sayəsində Azərbaycanda ən zəruri, ən mütərrəqi islahatlar həyata keçirilirdi.

Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra keçirdiyi ilk plenumda (bu, tarixdə məşhur "avqust plenumu" adı ilə qalıb) Heydər Əliyev əsaslı dəyişikliklər tələb olunan sahələrdən ən əvvəl səhiyyəni göstərdi. Mən ulu öndərin həmin tədbirdəki çıxışından sitat gətirərək bunu bir daha xatırlatmaq istəyirəm. "Bəzi nailiyyətlərə baxmayaraq, respublika iqtisadiyyatının inkişafında müəyyən çətinliklərlə qarşılaşırıq, xalq təsərrüfatının bəzi sahələri geri qalır. Bizim təxirəsalınmaz vəzifəmiz səhiyyədə, tikintidə və kənd təsərrüfatında yaranmış vəziyyəti dərindən təhlil etmək əsasında bütün zəhmətkeşləri vəzifələrinin yerinə yetirilməsindən ötrü səfərbərliyə almaq üçün lazımi tədbirlər görməkdən ibarətdir".

Gələcəyin həkimi kimi bu sözlər məni çox düşündürür, sanki özümə aydın bir xətt, fəaliyyət planı hazırlamağa sövq edirdi.

Əslində, bu plenum həmin vaxt ictimaiyyət üçün o baxımdan maraqlı idi ki, yeni rəhbər fəaliyyətinin siyasi, iqtisadi, inzibati aspektlərinin əsas prinsiplərini açıqlamalı idi. Düzü, bu prosedurlar əvvəllər ənənəvi üslubda, yəni, sovetlər birliyinə hədsiz sədaqətə həsr edilmiş sözlərdən ibarət olurdu. Amma yeni rəhbər uzun illər millətin bütün ziyalılarının, elm xadimlərinin, elə sadə vətəndaşlarının içini didib-parçalayan həqiqətləri qətiyyətlə səsləndirdi. Bu sözlər xüsusi xidmət orqanlarında general rütbəsi alan sovet rəhbərinin öz dilindən eşidilirdi. Doğrusu, yeni təyin olunmuş birinci katibin bu fikirləri, sovet cəmiyyətinin qüsurlarını etiraf etməsi hamını heyrətə salmışdı. Hamı bu plenumdan danışır, məruzəni dəfələrlə oxuyur, müəyyən sitatlar gətirirdi. Həqiqətən də, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin ideoloji dayaqlarını və iqtisadi əsaslarını həmin avqust plenumundakı çıxışında müəyyənləşdirdi. Ulu öndər bütün ittifaq məkanında yeni yanaşma tərzinin bünövrəsini qoydu, sovetlər birliyinə, ittifaq rəhbərliyinə yeni nəfəs gətirdi. Biz Heydər Əliyevin cəsarətli addımlarını, ənənəvi iş metodları ilə daban-dabana zidd olan yeni fəaliyyət prinsiplərinin dəfələrlə şahidi olduq. Hamı onu izləyir, müşahidə edirdi.

Ulu öndərin o zaman Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də gənclərə, onların təhsilinə, gələcəyinə qayğısıdır. Tarix boyu cavanları oxutduran, onlara sənət, savad verən insanlar ən xeyirxah, uzaqgörən, xalqına gərəkli insanlar hesab olunublar. Ulu öndərin bu yöndə gördüyü işlər misilsizdir.

Hakimiyyətdə olduğu ilk vaxtlardan, yəni, XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, gələcək üçün möhkəm kadr potensialı yaratmaq, sabaha istiqamətlənmiş uzaqgörən bir siyasət idi. Ulu öndər gənclərin təhsilinə, hərtərəfli inkişafına, işlə təminatına, dünyagörüşünün, beynəlxalq aləmlə əlaqələrinin artmasına xüsusi diqqət yetirirdi. Nəticədə onlar yüksək intellektə yiyələnir, dünyadakı son yeniliklərdən bəhrələnir, fiziki və əqli cəhətdən inkişaf edirdilər. Beləliklə, Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu müasir tələbatların bütün atributları ilə beynəlxalq miqyasda təmsil etməyə qadir olan, vətəni, milləti göz bəbəyi kimi qorumağa, ictimai-milli mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan gənclər ordusu yaratdı. Bu işlər indi daha əzəmətli və möhtəşəm görünür. Çünki ulu öndərin dəyərli nəsihətləri, uzaqgörən siyasətinin bəhrələri hopmuş təməl öz möhkəmliyini gündən-günə daha da artırır, müstəqil Azərbaycanın başını daim ucalara qaldırır, ona ləyaqətlə xidmət edir.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünün tələbə-gəncləri sırasında mən də var idim. Odur ki, sözügedən qayğı payından mənim də qismətimə düşmüşdü. Belə ki 1974-cü ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin aspirantı oldum. O vaxtlar məndən başqa da neçə-neçə azərbaycanlı gənc həkim Moskvanın müxtəlif ali tibb məktəblərində təhsilini davam etdirirdi. Hamımız ulu öndər Heydər Əliyevin bizlər üçün yaratdığı şəraitdən lazımınca bəhrələnməyə çalışırdıq. Hər işdə birinci olmağı qarşımıza məqsəd qoymuşduq, hətta imkanlarımızdan artıq oxuyur, seçdiyimiz ixtisasa dərindən yiyələnmək üçün əlimizdən gələni edirdik. Sevinirdik, fəxr edirdik ki, bizim Heydər Əliyev kimi qətiyyətli rəhbərimiz var.

Keçən əsrin 70-ci illərində Heydər Əliyevin oxutdurduğu gənclər bu gün Azərbaycan elminin, iqtisadiyyatın müxtəlif sahələrinin ağırlığını çiyinlərində daşıyan alimlər, mütəxəssislərdir. Obrazlı desək, ulu öndərin hər sahədə qoyduğu təməllər üzərində indi böyük işlər görülür. Bunu Azərbaycan Dövlət Tibb Universitetinin timsalında da aydın görmək olur. Bu ali tibb təhsili ocağının salnaməsini vərəqləsək, görərik ki, o, milli kadrların qıtlığından həmişə əziyyət çəkib. Hazırda isə ölkəmizdə tibb elminin və tibb təhsilinin, eləcə də səhiyyənin bütün sahələrində nəinki savadlı, yüksək ixtisaslı kadrlar yetişib, onlar hətta öz məktəblərini yaradıblar. Bu nailiyyət məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın tibb kadrlarının (mən onları özümdən, özümü isə onlardan ayırmıram), Tibb Universttetinin həyatında əsaslı rolu nəticəsində mümkün olub.

Tibb elmi və tibb təhsili sahələrində beynəlxalq səviyyəli mütəxəssis məktəbləri yaratmaq o qədər də asan məsələ deyil. Bunun üçün illərlə vaxt və gərgin zəhmət tələb olunur. Azərbaycanda belə fundamental məktəblər yaranıb, deməli, biz ümummilli liderin ideyalarının çiçəklənib bəhrə verdiyini qürur və məmnunluqla söyləyə bilərik.

Bəli, indi Azərbaycanın milli tibb kadrları təkcə ölkəmizdə deyil, dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur tibb müəssisələrində də uğurla fəaliyyət göstərirlər. Bu isə həm də dünya azərbaycanlılarının maddi və mənəvi dayağının artması, diasporumuzun möhkəmlənməsi deməkdir. Budur, ümummilli liderin uzaqgörən siyasətinin bəhrələri!

Heydər Əliyev həmişə mənim üçün qürur mənbəyi olub. SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində çalışdığım illərdə də  ulu öndərin fəaliyyətini mütəmadi izləyirdim. Bu fəaliyyət ömrünü səhiyyəyə, tibb elminə həsr edən bizlərin hər birinin həyatından və taleyindən qırmızı xətlə keçirdi. O zaman görürdüm ki, Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycana, o cümlədən respublikamızın səhiyyəsinə, tibb elminə və tibb təhsilinə diqqətini nəinki azaldıb, hətta daha da artırıb. Moskvada çalışdığı illərdə ulu öndər ümumən Sovet İttifaqının səhiyyəsinə nəzarət edirdi. Ölkənin tanınmış tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, problemləri öyrənir, müzakirələr aparır və onların həlli yollarını peşəkarcasına göstərirdi.

Yaxşı yadımdadır, çalışdığım mərkəzin direktoru, akademik N.N.Bloxin də Heydər Əliyevin SSRİ-nin səhiyyə idarələrinin rəhbərləri ilə keçirilən toplantılarda iştirak edir və hər dəfə ulu öndər onu öz fenomenal biliyi ilə yaxşı mənada təəccübləndirirdi. Belə tədbirlərdən sonra Bloxin mərkəzin işçilərini toplayaraq müşavirə keçirir və Heydər Əliyevin tapşırıqlarını bütün əməkdaşlara çatdırırdı. Akademik Bloxin bir kimsəni, hətta buna layiq insanları belə tərifləməkdə olduqca "xəsislik" edirdi. Lakin Heydər Əliyev haqqında ən xoş sözləri biz həmişə akademikin dilindən eşidirdik. Ulu öndərin hər çıxışı, məsləhəti, tövsiyəsi N.Bloxini dərindən düşündürür, onun qəlbində xoş və nikbin əhval-ruhiyyə yaradırdı. Akademik Bloxin vəcdlə deyirdi ki, Heydər Əliyev səhiyyənin problemlərini və onlardan çıxış yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir. Bu mükəmməllik akademikdə ulu öndərə  qarşı dərin hörmət və ehtiram hissləri oyadırdı.

Vətəndən uzaqlarda, başqa bir xalqın görkəmli aliminin dilindən belə sözləri eşitdikcə mən və mənim kimi yüzlərlə azərbaycanlı mütəxəssis yalnız və yalnız yaxşı olmağa can atırdıq. Vətənimizin böyük oğluna layiq işlər görməyə çalışır, qürurlanır, fəxarətlənirdik.

Bir qədər irəliyə gedərək deyim ki, N.Bloxindən sonra Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin direktoru olmuş akademik N.N.Trapeznikov Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir neçə dəfə Bakıya gəldi. Hər dəfə ulu öndər Heydər Əliyev onu qəbul edərkən Azərbaycan onkoloqlarından akademik Cəmil Əliyevi və məni də həmin görüşlərə dəvət edirdi. Bizimlə səhiyyənin problemləri, onkologiya elminin müasir səviyyəsi haqqında söhbətlər edir, müzakirələr aparır,  təkliflərimizi təmkinlə dinləyir, bu təkliflərə öz lakonik münasibətini bildirirdi.

Ulu öndərin bənzərsiz iş və rəhbərlik üslubunun bir üstünlüyü də bu idi. Bütün sahələrdə, o cümlədən səhiyyədə, tibb elmində fəaliyyət göstərən aparıcı mütəxəssislərlə sıx əlaqə saxlayırdı. Xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb edir, bununla da, inkişafa nail olurdu. Belə görüşlər Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin inkişafına güclü təkan verib, bizi həmişə əldə edilən nailiyyətlərlə kifayətlənməməyə, tibb elmi, tibb təhsili sahəsində yeni nailiyyətlər qazanmağa sövq edib.

Müstəqillik illərində Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. Axı, XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində mənfur qonşularımızın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin səhiyyə sistemində, tibb elmi və tibb təhsili sahələrində də tənəzzül yaranmışdı. Ulu öndərin illər boyu böyük zəhmətlər hesabına, çətinliklə yaratdıqları baxımsızlıq üzündən dağıdılırdı. Amma xoşbəxtlikdən bu hal uzun sürmədi. Ulu öndərin yenidən hakimiyyətə gəlişi ilk növbədə, pərakəndəliyin, dağıntıların qarşısını aldı. Azərbaycan, sözün əsl mənasında, xilas edildi və bundan sonra onun səhiyyə sistemi yenidən canlandı.

Lakin bu canlanma öz-özünə baş vermədi. Bu və ya digər sahələri dirçəltmək üçün ilk növbədə, Azərbaycanın iqtisadiyyatını inkişaf yoluna qoymaq lazım idi. Belə bir vəziyyətdə çıxış yolunu yalnız Heydər Əliyev kimi bir dahi tapa bilərdi. Ulu öndərin o vaxtlar ölkəmizdəki siyasi-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün sərf etdiyi böyük zəhmət və əvəzsiz xidmətləri tarixin səhifələrinə haqlı olaraq qızıl hərflərlə həkk edilib.

1994-cü il may ayının 14-də atəşkəs rejimi elan olundu. Həmin il sentyabr ayının 20-də "Əsrin müqaviləsi" kimi möhtəşəm bir saziş imzalandı. Bundan sonra müstəqil Azərbaycan Respublikasında həm siyasi, həm də iqtisadi durum yüksələn xətt üzrə irəliləməyə başladı. Bu, ölkəmizin bütün digər sahələrində olduğu kimi, səhiyyənin, tibb elmi və tibb təhsili sisteminin tərəqqisində də özünü büruzə verdi.

Azərbaycan Tibb Universitetinin beynəlxalq aləmlə qırılmaqda olan əlaqələrinin yenidən dirçəlməsi ölkənin bütün tibb alimlərinin və həkimlərinin sevincinə səbəb oldu. Getdikcə bu əlaqələr genişləndi və ölkəmizin ali tibb ocağı 1996-cı ildə Londonda çapdan çıxan dünya təhsil birliyinin beynəlxalq reyestrinə daxil edildi. Bütün bunların bir rektor kimi mənim həyatıma da bilavasitə böyük təsiri vardı. Başqa sözlə, bu, ulu öndər Heydər Əliyevin mənim həyatımda yaratdığı növbəti bir dönüş nöqtəsi idi.

Hamımızın gələcəyə inamı, nikbinliyi birə beş artdı. O vaxtlar MDB ölkələrindən yalnız Rusiya Federasiyası və Ukraynanın bir neçə ali məktəbi bu şərəfə nail olmuşdu. Onu da qeyd edim ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Tibb Universitetinin tədris bazalarının çatışmaması dərslərin gedişinə mənfi təsir göstərirdi. Mən ümid və inamla ulu öndərə müraciət etməyi qərara aldım. Bundan sonra ulu öndər ölkənin iqtisadi çətinliklər içində olmasına baxmayaraq, bünövrəsi hələ SSRİ dövründə onun özü tərəfindən qoyulmuş 11 mərtəbəli tədris binasının tikintisinin bərpa olunması üçün vəsait ayırdı və işi öz nəzarətində saxladı.

1998-ci il sentyabrın 28-də ATU-nun yeni tədris binasının açılışında ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyini xatırlayanda o fərəhli anları sanki yenidən yaşayıram. Bu gəliş Azərbaycanın tibb işçilərinə, tibb alimlərinə, gələcəkdə həkim olacaq tələbələrə, eləcə də universitetin rəhbəri kimi şəxsən mənə qol-qanad verdi. Əksər nəzəri kafedralar, ATU-nun kitabxanası, informatika mərkəzi, hərbi kafedra, internet mərkəzi yeni tədris binasında yerləşdirildi. Bu, universitetimizin müəllimlərinə, həkimlərinə, tələbələrinə verilən ən böyük hədiyyə idi.

Lakin ümummilli liderin kollektivimizlə görüşü bu rəsmiyyətlə bitmədi. Açılışdan sonra o, bizimlə birlikdə binanın bütün mərtəbələrini gəzərək kafedraların işçiləri ilə çox səmimi söhbət etdi, onların problemləri ilə maraqlandı, hamıya uğurlar arzuladı. Bu görüşlər qəlbimdə silinməz izlər qoyub.

Tale bu sevincləri iki-üç ildən sonra bir də təkrarladı. Həyatımın ən gözəl anlarından biri də ulu öndərin 2000-ci ildə yenidən Azərbaycan Tibb Universitetinə gəlişi və burada 500 yerlik unikal akt zalının açılışında, eləcə də ATU-nun yaradılmasının 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirakı oldu. Yenicə istifadəyə verilmiş akt zalının tribunasından birinci olaraq ulu öndər Heydər Əliyev çıxış etdi. O vaxtdan illər keçməsinə baxmayaraq biz indi də doğma universitetimizin kollektivi qarşısında səslənən həmin təkrarolunmaz nitqin xoşməramlı təsirini unutmamışıq. Ümummilli liderin nitqi bizim üçün proqram sənədinə çevrildi və biz gələcək planlarımızı dahi Heydər Əliyev ideyalarının müddəaları əsasında qurduq. Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin nümayəndələri ulu öndərin yaratdığı ciddi dəyişikliklər, yeniliklər sayəsində elmi və pedaqoji fəaliyyətlərində əldə etdikləri nailiyyətlərinə görə bir sıra beynəlxalq qurumlara üzv seçildilər.

Ümummilli liderin göstərişi ilə 2000-ci ildə ATU-nun nəzdində strateji əhəmiyyət kəsb edən hərbi-tibb fakültəsi yaradıldı. Onun ATU-ya göstərdiyi dövlət qayğısı sayəsində Azərbaycan Tibb Universiteti Qara dəniz hövzəsiətrafı ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçildi.

Azərbaycan Tibb Universitetinə başçılıq etdiyim andan ən böyük arzularımdan biri universitetin öz klinikasına malik olması, həm də Azərbaycanda diplomdan sonrakı təhsilin rezidentura sistemi ilə aparılması idi. Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində 2002-ci ildə universitetin nəzdində Stomatoloji Klinika təşkil edildi. ATU-nun tarixindəki bu yenilik də ulu öndərin hakimiyyəti dövründə baş verdi, onun adı ilə bağlı oldu. Beləliklə, belə klinikaların yaradılmasının möhkəm bünövrəsi qoyuldu. Bu mənim ən böyük arzularımın birinin həyata keçməsi demək idi.

ATU öz müzəffər yürüşünü dahi Heydər Əliyevin qurduğu bünövrəyə söykənərək davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin yolunun davamına yeni uğurlu çalarlar gətirərək onu gündən-günə genişləndirir, bütün zamanların dayağına, istinad nöqtəsinə çevirir. Təkcə bir faktı demək kifayətdir ki, 2006-cı ildə ATU-nun Onkoloji Klinikası yaradılmağa başladı və bu proses 2007-ci ilin iyun ayında yekunlaşdı. Həmin ilin avqust ayında isə biz cənab İlham Əliyevə müraciət edərək terapevtik kafedraların qarşısında yaranan problemin həlli üçün kömək istədik. Ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalan cənab Prezident xahişimizə adekvat cavab verdi. Ölkə başçısı qısa bir müddətdə, sentyabr ayının 11-də ATU-nun terapevtik klinikasının yaradılması və tikintisinə başlanması haqqında sərəncam imzaladı. Bu tikintiyə sərf olunacaq vəsaitin ilin əvvəlində büdcədə nəzərdə tutulmamasına baxmayaraq, həmin sərəncama Prezidentin Ehtiyat Fondundan tikinti üçün vəsait ayrılması da salınmışdı.

2007-ci il sentyabr ayının 18-də tikintinin təməlqoyma mərasimi keçirildi. Mərasimdə cənab İlham Əliyevlə birlikdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak edirdi. 2010-cu il oktyabrın 1-də isə Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın iştirakı ilə Tədris-Terapevtik Klinikanın açılış mərasimi keçirildi. Ulu öndər Heydər Əliyevin tikdirdiyi 11 mərtəbəli tədris binası ilə cənab İlham Əliyevin təşəbbüsü və qayğısı sayəsində inşa edilən 14 mərtəbəli Tədris-Terapevtik Klinikanın yanaşı dayanması da sanki simvolik məna daşıyır.

Ulu öndərin sədaqətli davamçısı, Prezident İlham Əliyev 2008-ci ilin mart ayının 13-də daha bir sərəncam imzaladı. Bu sərəncamla ATU-nun Tədris-Cərrahiyyə Klinikasının yaradılmasına və tikintisinə başlanıldı. İndi artıq ATU-nun Tədris-Cərrahiyyə Klinikasının tikintisi başa çatdırılıb və yaxın vaxtlarda istifadəyə veriləcək.

2011-2012-ci tədris ilində ulu öndər Heydər Əliyevin ideyalarının yaşaması və çiçəklənməsi sayəsində mənim və rəhbərlik etdiyim kollektivin həyatında daha bir yenilik baş verdi - yolunu səbirsizliklə gözlədiyim daha bir arzumuz yerinə yetdi. ATU-da diplomdan sonrakı hazırlığın rezidentura sisteminə keçidi baş tutdu.

Heydər Əliyevin vaxtilə başladığı, xeyir-dua verdiyi işlər indi rəvan yolla sürətlə irəliləyir. Odur ki, ulu öndər haqqında keçmiş zamanda danışmaq mümkün deyil. Tam əminliklə deyirəm ki, gələcək nəsillər də onun haqqında keçmiş zamanda danışmayacaqlar. Bunun səbəbi onların ulu öndərdən nəsildən-nəslə keçərək aldıqları ərməğanlar olacaq!           

 

 

Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət mükafatı

 laureatı, Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 5 fevral.- S.2.