Xalqtarix qarşısında xəyanət

 

"Daş yuxular" əsəri Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyi pozmağa,  qarışıqlıq salmağa ədəbiyyat cinahından yönəldilmiş təxribat və arxadan zərbədir

 

 Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf etməsindən narahat olan qara qüvvələr ölkəmizə və xalqımıza qarşı qərəzli, tariximizi saxtalaşdırmaq niyyətlərini gizlədə bilmirlər. Belə bir məsuliyyətli məqamda dövlət müstəqilliyimizi, tariximizi, real gerçəkliyimizi ikili standartlara əsaslanan uydurma bəyanatlardan, yad nəzərlərdən qorumaq statusundansiyasi mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının borcudur.

Bütün bunların əksinə olan Əkrəm Əylislinin "Daş yuxular" romanı ölkəmizin uzaq və yaxın tarixinin qəsdən saxtalaşdırılması üzərində qurulmuşdur. Bu, Azərbaycan vətəndaşı olanxalq yazıçısı adını daşıyana heç cür yaraşmayan, milli mövqedən uzaq uydurma fikirləri ifadə edən, nəticə etibarilə mənsub olduğu xalqa öz içindən xain zərbəsi vuran bir əsərdir. Qırx ildən çoxdur ki, Əylisdəki Azərbaycan ruhundan yazan Əkrəm Əylisli birdən-birə Əylisdən - Buzbulaqdan erməni mənbələrinə əsaslanan mövqeyə keçməklə özünübuna qədərki bütün yaradıcılığını inkar etmişdir. Əkrəmin yazdıqları çar Rusiyasının və Sovet dövlətinin çirkin oyunlarının icraçıları olan ermənilərin Bakıda, Sumqayıtda və... Əylisdə törətdikləri məqsədli qətliamları ört-basdır etməyə yönəldilmişdir!

"Daş yuxular"da istinad olunan tarixi mənbələr də erməni müəlliflərinin, ermənipərəst uydurmaçıların formalaşdırdıqları saxta qaynaqlardır. Bu mənbələrdəki fikirlərin və Əkrəmin baxışlarının nə qədər yanlış olduğunu, ermənilərin hansı dərəcədə qəddar olduqlarını dəqiq və aydın şəkildə təsəvvür etmək üçün Məmməd Səid Ordubadinin Ordubad şəhərində yaşayarkən 1906-cı ildə yazıb, 1911-ci ildə Bakıda nəşr etdirdiyi "Qanlı sənələr" əsərindəki qədim Azərbaycan şəhəri İrəvandan başlamış Naxçıvanı, Cəbrayıl, Şuşa-Cavanşir qəzalarını, Gəncəbasarı və nəhayət, Bakını əhatə edən geniş ərazilərdə törətdikləri qanlı əhvalatların təsvirinə nəzər salmaq kifayətdir. Böyük ədib İrəvandan təlimat almış Ağuliş erməni ordu komandanı Aşotun başçılığı ilə regionda törədilən və insanlığa sığmayan vəhşilikləri özünün də müşahidələrinə əsasən olduğu kimi təqdim etmişdir.

Əkrəm Əylislinin müdafiə etdiyi, günahsız və humanist kimi qələmə verdiyi ermənilərin Ordubad-Zəngəzur ətrafında törətdikləri yüzlərlə hadisələrdən biri Məmməd Səid Ordubadinin "Qanlı sənələr" əsərində aşağıdakı kimi öz əksini tapmışdır: "Saqqarsuyun ətrafında bir qan çanağı göründü... daşın bir tərəfindən damcı-damcı qan sızırdı. Daşların arasında isə 62 nəfər övrət və uşaq cənazəsi bir-biri üstə qalaq-qalaq tökülmüşdü... qadın cəsədlərinin arasından bir şırıltı eşidildi. İki qıçlarından yaralanıb bihuş düşmüş bir övrətin həyat ilə ölüm arasındakı ahuzarı meydana çıxdı. Zavallı bu sözləri söylədi: - Molla Həsən Əfəndinin yanında olan biz övrət tayfaları o mərhumun doğrandığını görüb qaçaraq bu daşların arasına pənah gətirdik. Bir dəstə erməni gəlib bu qətl olmuşları bu hala qoydu... Həsən Əfəndinin qətl yerindən bir az şimala qarşı bir palaz parçası göründüsə də, camaatı büsbütün ağlatdı. Zira, palazı kənar etdikdə 15 nəfər üzündə çiçək, yəni abilə əlaməti sönməmiş körpə coçuqların kəsilmiş başları və bir para bir-birilə qarışmış başlar və bədənlər göründü. Cənub səmtdə həddən artıq övrət-uşaq bədənləri tökülmüşdü".

Məmməd Səid Ordubadinin qələmə aldığı bu dəhşətli qanlı hadisələr "daş yuxuların" görüntüləri deyil, tarixin daş yaddaşına həkk olunmuş reallıqlardır! Bu qəbildən olan yüzlərlə faktlar və çoxsaylı tutarlı mənbələr ola-ola Əkrəm "Daş yuxular" əsərindəki "ermənilər yox, biz özümüz pisik", "ermənilər tərəfdən müsəlmanlardakı qədər qəddarlıq heç vaxt görünməmişdir" kimi əsassız iddiaları Azərbaycan ədəbiyyatında bu günədək görünməmiş xəyanət və şərəfsizlik nümunəsidir!

"Daş yuxular" heç bir tənqidə dözmür. O, ictimai-siyasi cəhətdən zərərli və bədii cəhətdən zəif əsərdir. Bu əsərdə hər şeydən əvvəl publisist yanaşmalar aparıcıdır. Müəllifin içindəki kin və qəzəb ruhu onun hadisələrə bədiilik səviyyəsində yazıçı olaraq yanaşmasına imkan verməmişdir. "Daş yuxular" əsəri birtərəfli qaydada ermənilərin haqsız mövqelərinin müdafiəsinə xidmət edir. Burada ortaq mövqe düşüncəsi də yoxdur. Romandakı Saday Sadıqlı obrazı da Əkrəmin "Adamlarağaclar" silsiləsindəki Buzbulaqlı Sadıqdan fərqli olaraq kilsələrin dərin xiffətini çəkən, zahiri obyektivlik pərdəsi altında ermənilərin mövqeyində dayanan surətdir. Saday Sadıqlıdakı güclü ermənipərəstlik ruhu, aşırı həddə çatan kilsə təəssübkeşliyi, müəllif bunu gizlətməyə çalışsa da, bu surətin ən azı azərbaycanlı tərəfi ağır gəlməyən qarışıq soykökə malik obraz olduğunu düşünməyə əsas verir.

Əkrəm Əylislinin ermənipərəst mövqeyinin nəyə əsaslandığı, hansı hədəflərə hesablandığı anlaşılmazdır və qəbuledilməzdir! Buna görə də "Daş yuxular" əsəri Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyi pozmağa, qarışıqlıq salmağa ədəbiyyat cinahından yönəldilmiş xəyanət və arxadan zərbədir.

Bu, Azərbaycan tarixinə və ümumiyyətlə tarixə, o cümlədən müasir gerçəkliyə zidd olan, xalqa xəyanətə hesablandırılmış hərəkətdir! Bəs çayın o üzündə qaldı "Tənha narın nağılı", "Mənim nəğməkar bibim", "Quşu uçan budaqlar", "Gilas ağacı", "Gilənar çiçəyinə dediklərim"...? Fəaliyyəti Azərbaycan dövləti tərəfindən kifayət qədər yüksək dəyərləndirilən Əkrəm Əylislinin "Daş yuxular" əsəri ilə uzaqlarda daha nələrə iddia etməsinin arxasında xalqının inamını və etimadını itirmək kimi faciəli bir aqibət dayanır! Əsl ədəbiyyat adamı üçün bundan ağır heç bir cəza ola bilməz! Ona görə də Azərbaycan xalqının tarixi, taleyimüasir həyatı ilə heç cür uyğun gəlməyən, reallığı əks etdirməyən mövqeyinin və baxışlarının müqabilində xalq qarşısında da, tarix və ədəbiyyat qarşısında da cavabdehlik və məsuliyyət Əkrəm Əylislinin özünün üzərində qalır.

"Daş yuxular" əsərində yazılanlarla xalq yazıçısı adı bir araya sığmır. Bu haqda hamıdan çox Əkrəm Əylisli özü fikirləşməli, xalqa xəyanətin aqibətini düşünməlidir!

 

 

İSA HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin

rektoru, akademik

 

Azərbaycan.-2013.- 5 fevral.- S.4.