Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması işğalçı ölkənin özünə mənfi təsir göstərir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Cənub-Şərqi Avropa və Qafqazda təhlükəsizlik və sabitlik mövzusuna həsr edilmiş sessiyada çıxış edərək regional inkişaf və təhlükəsizliyə dair Azərbaycanın mövqeyini təqdim etmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ermənistanın təcavüzkar siyasəti ucbatından Cənubi Qafqazda qeyri-müəyyənlik vəziyyətinin davam etdiyini sessiya iştirakçılarının diqqətinə çatdıran Elmar Məmmədyarov regionda davamlı inkişaf və sabitliyin təmin edilməsi üçün bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulamışdır. Bildirilmişdir ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarından azərbaycanlıların qovulması, etnik təmizləməyə məruz qalması və məhv edilməsi, eyni zamanda, dünya ictimaiyyətinin çaşdırılması və onu aldatmağa yönəldilmiş cəhdlər XXI əsrdə qəbuledilməzdir.

Azərbaycanın inkişaf dinamikası barədə tədbir iştirakçılarına məlumat verən nazir ölkəmizin geostrategiya baxımından əhəmiyyətini vurğulamışdır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolundan danışan Elmar Məmmədyarov ölkəmiz üçün qeyri-enerji sektorun inkişafının strateji əhəmiyyət daşıdığını qeyd etmişdir.

Elmar Məmmədyarov, həmçinin regionda gedən uğurlu əməkdaşlığa da nəzər salaraq diqqətə çatdırmışdır ki, hazırda davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu işbirliyini əngəlləyən başlıca maneədir. Münaqişə nə qədər tez həll edilərsə, regionun gələcəyinə bir o qədər müsbət təsiri olacaqdır. Münaqişənin hələ də həllini tapmaması Ermənistanın özünə mənfi təsir göstərir.

Nazir təcavüzkar siyasətinə görə regional əməkdaşlıqdan bəhrələnə bilməyən Ermənistanın bu destruktiv yanaşmadan əl çəkməyə və inkişaf fürsətini itirməkdə olanları inkişafda olanların sırasına qoşulmağa çağırmışdır.

 

 

Azərbaycan.-2013.- 5 fevral.- S.4.