Erməni siyasətinə xidmət edən əsər

 

Azərbaycan Yazıçılar Birliyi "Daş yuxular"ı belə qiymətləndirdi

 

 Əkrəm Əylislinin "Drujba narodov" jurnalında dərc edilən "Daş yuxular" adlı yeni əsəri Azərbaycan oxucusu tərəfindən hiddət və qəzəblə qarşılandı. Əsərdə həqiqətin qərəzli şəkildə təhrifi, yazıçının "bədii əsər" adı ilə tarixi gerçəklikləri saxtalaşdırması, azərbaycanlıların təsvirində kin və nifrət motivlərinin üstünlük təşkil etməsi bu hiddəti doğuran əsas məqamlardır.

"Daş yuxular"la bağlı Azərbaycan Yazıçılar Birliyimövqe açıqlayacağını bildirmişdi. Birliyin Katibliyi dünən açıqlama ilə çıxış etmişdir.

Açıqlamada romanın "Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinə ciddi ziyan vuran, illər boyu diplomatiyamızın, mətbuatımızın, ziyalılarımızın, o cümlədən yazıçılarımızın beynəlxalq səviyyədə milli maraqlarımıza xidmət edən fəaliyyətlərinə ağır zərbə endirən hadisə kimi dəyərləndirildiyi" söylənilir. Daha sonra deyilir:

"Bədii cəhətdən çox zəif olan bu əsər sırf siyasi mahiyyət daşıyır. Müəllifin və onun havadarlarının "məsələni siyasiləşdirməyin" deyə özünü sığortalaması əsassızdır. Siyasi əsərə məhz siyasi cəhətdən qiymət vermək lazımdır. Bu cəhətdən yanaşdıqda isə roman əvvəldən axıracan erməni siyasətinə xidmət edir. İllər boyu erməni təbliğatının dünyaya sırımaq istədiyi fikrə, guya onlara qarşı türklərin birtərəfli şəkildə soyqırımı törətməsi iddiasına Əylisli yeni bir suçlama da əlavə edir: durub durduqları yerdə ermənilərin azərbaycanlılar tərəfindən qırılmasını "bədii" şəkildə sübut etməyə çalışır. Müəllifin rəğbətlə təsvir etdiyi personajları birmənalı şəkildə "ermənilər yox, biz özümüz pisik" - deyirlər. "Personajın dediyi ilə müəllifin fikrini eyniləşdirməyin" - iddiası miskin özünümüdafiə cəhdidir. Müəllif əsərin əsas ideyasını daşıyan personajı ilə razı deyilsə, bu nədən və harda görünür, baş qəhrəmanın ermənipərəst əqidəsinə harda, kim etiraz edir? Əksinə, əsərin bütün ruhu məhz baş qəhrəmanın antimilli dünyagörüşünün əksidir. Romanda azərbaycanlılar - həm kişilər, həm qadınlar - erməniləri balkondan atıb öldürürlər, diri-diri yandırırlar. Ermənilərin törətdikləri vəhşiliklərdən isə müəllifin sanki heç xəbəri yoxdur. Bir çox hallarda tarixi sənədlərlə təsdiq olunmuş faktları - türklərə qarşı daşnak qəddarlığını müəllif azərbaycanlıların ayağına yazır. Demə, Naxçıvanda azərilərin belinə qaynar samovar bağlayan, hamilə qadınların qarnını süngüylə yaranlar da Andranikin quldurları deyilmiş, Azərbaycanı bolşevik-daşnak qətliamından xilas edən Türk ordusunun əsgərləri imiş.

Qaçqınlarımızı, köçkünlərimizi ən ağır küçə ifadələri ilə təhqir edən müəllif yazır: "Ermənistandan gələn bu it uşağı qaçqınlar...".

Guya iki yüz mindən artıq qaçqın Ermənistandan öz xoşu ilə Azərbaycana gəlib, guya erməni millətçiləri onları gül-çiçəklə, zurna-balabanla yola salıblar. Misli görünməmiş qəddarlıqla əzəli yurd-yuvalarından qovulmuş, didərgin salınmış, son zamanlara qədər çadırlarda ağır həyat sürən, o cümlədən yazıçıların Şüvəlandakı yaradıcılıq evində yerləşdirdiyimiz, ev-eşiklərini, yaxın adamlarını itirmiş insanlar haqqında indiyə qədər bir kəlmə təsəlli sözü deməmiş Əkrəm üçün onlar yalnız "vəhşi heyvanlardır".

Ə.Əylisliyə əvvəlkı yazılarına görə rəğbət bəsləyənlər bu qədər antiazərbaycan ruhlu, sırf erməni-daşnak təəssübkeşliyi ilə yazılmış mətnin onun qələmindən çıxdığına heç cür inanmaq istəmirdilər. Ta o vaxta qədər ki, müəllif teleekrana çıxıb utanıb-qızarmadan bu əsərin guya Azərbaycanın mənafeyinə xidmət etdiyini söylədi.

Bəziləri bu əsərin sifarişlə yazıldığını güman edirlər. Yanlış gümandır. Heç kəs, ən varlı və ən qatı erməni millətçisi belə Azərbaycan yazıçısına bu sayaq nankor yazı sifariş verməyə cəsarət etməzdi. Daha doğrusu, bu əsər sifarişlə yazılıbsa, Əkrəmin qəlbinin sifarişi ilə yazılıb. Qarabağ münaqişəsi başlanandan bəri Əylisli heç vaxt Azərbaycanın maraqlarına uyğun bircə kəlmə belə söyləməyib, qələmə sarılanda da yalnız Azərbaycandan getmiş ermənilərin xiffətini çəkib. Yazıçı və onun mövqeyini dəstəkləməyə cəhd göstərənlər bunu guya ki, humanizm dəyərləri ilə izah edirlər. Buhumanistlikdir ki, torpaqlarının iyirmi faizi işğal olunmuş, Xocalı vəhşətinə məruz qalmış, Ermənistanın Quqark rayonunda, Azərbaycanın Bağanis Ayrım kəndində, neçə-neçə başqa yerlərdə olmazın zülmlərlə, qətllərlə üzləşən xalqın "günahlarını" dünyaya car çəkəsən, ona qarşı bütün bu işğalı, təcavüzü, qətliamı törədənləri isə mələk sifətində mədh edəsən? Əkrəm yeri gəldi-gəlmədi möhtəkirlik edərək doğulduğu yeri də "Aqulus" adı ilə ermənilərə bəxş edir. Yazır ki, bu Əylisin "əsl sahibi" - "türk süngüsündən" xilas olmuş "yetim erməni qızı Anıkonun əsrlərin dərinliyindən gələn səsidir". Öz etirafına görə, romanda müəllifin prototipi olan manqurt qəhrəman arzu edir ki, Eçmiədzinə gedib Katalikosun qarşısında diz çöksun, üzr istəsin (nəyə görə, Xocalıya, işğal olunmuş rayonlarımıza, vəhşicəsinə qətl edilmiş qadınlarımıza, qızlarımıza, körpələrimizə görəmi?) xristianlığı qəbul edib rahib olsun. Olsun, erməniliyi də, xristianlığı da qəbul edir etsin, rahibolsun, amma bu sabiq azərbaycanlı daha niyə öz keçmiş həmvətənlərinə bu qədər çirkab atır? Ölüm ayağında da bu manqurtun dilinə itirilmiş torpaqlarımız deyil, Eçmiədzin gəlir. Əylislinin havadarları deyirlər ki, bu beynəlmiləlçilik əlamətidir. Bəyəm dünya millətlərindən biri olan Azərbaycan xalqını rüsvay etmək beynəlmiləlçilikdir? Erməniləri sevirsən sev, kiminsözü var, amma daha pasportuna görə sənin öz xalqın olan azərbaycanlıları niyə onların ayağına verirsən, ən zır erməni millətçilərinin belə yazmadıqları böhtanları yağdırırsan ünvanımıza?".

Azərbaycan Yazıçılar Birliyinin açıqlamasında Əkrəm Əylisliyə müxtəlif üsullarla haqq qazandırmağa çalışanlar barədə də fikirlər səsləndirilib: "Ən qəribəsi odur ki, bu qatı antiazərbaycan mövqeyə Azərbaycanın öz içində qahmar çıxanlar - "beşinci kolonna" tapılır. Dedikləri budur ki, biz gərək ermənilərlə dil tapaq, onlarla birgə yaşamaq üçün zəmin hazırlayaq. Çox əcəb. Diltapaq, zəmin də hazırlayaq. Amma məgər bu zəmin mütləq təslimçilikdən ibarət olmalıdır. Ermənilərlə dil tapmaq üçün onların dedikləri və hətta, demədikləri bütün yalanlara şərik çıxmalıyıq, azərbaycanlılara, türklərə atdıqları böhtanları "bədiiləşdirərək" Moskva jurnalında aləmə car çəkməliyik?

Onu da xatırlatmağı lazım bilirik ki, Azərbaycan yazıçıları, o cümlədən, əlbəttə, Yazıçılar Birliyinin rəhbərləri, Ə.Əylislidən çox qabaq, yəni Sumqayıtda və Bakıda faciəvi hadisələr baş verərkən - məhv olmuş bütün günahsız insanların - hansı millətdən olur-olsun, aqibətlərinə acıdıqlarını bildirmiş, bu cinayətləri törədənləri - yenə də millətindən asılı olmayaraq - qəti şəkildə ittiham etmiş, şiddətlə qınamışlar. Bu barədə bəyanatlar Bakı və Moskva mətbuatında dərc olunub.

Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinə bələd olanlar onu da bilirlər ki, biz heç vaxt nə təşkilat olaraq, nə də onun ayrı-ayrı rəhbərləri kimi erməni xalqını bir xalq kimi təhqir edən sözlər işlətməmişik. Ancaq Azərbaycan xalqını bütün dünyada biabır etməyə çalışanlara, onu hər cür alçaltmağa cəhd edənlərə, milli və mədəni dəyərlərimizi tapdalayanlara, əzəli torpaqlarımızın işğalçılarına, erməni faşistlərinə qarşı sözümüzü hər zaman, hər yerdə demişik, deyirik və deyəcəyik. Erməni xalqını təhqir etmədiyimiz kimi, kimsənin, - pasportunda hansı millət yazılır yazılsın, - Azərbaycan xalqını yamanlamasına və aşağılamasına da yol verə bilmərik. Milli manqurtların, "murdarların", Azərbaycan Yazıçılar Birliyinə, milli ruhlu yazıçılarımıza daşnak nifrəti bəsləmələrinin, satılmış mətbuatda onları daim zəhərləmələrinin bir səbəbi də budur".

Daha sonra açıqlamada deyilir: "İllər boyu hər fürsətdə Yazıçılar Birliyini, klassikçağdaş yazıçılarımızı sancan Əkrəm Əylisli bu yazısında da Səməd Vurğunun misraları haqqında təhqiramiz sözlər deyir, Xəlillulah Xəlil (Uluruh Türanməkan) adı ilə Xəlil Rza Ulutürkün parodik obrazını yaradır, İsa Hüseynova, hətta Oljas Süleymenova da sataşır. Nəyə görə? Ona görə ki, bu görkəmli sənətkarların varlığında erməniləri qəzəbləndirən türk ruhu var. Bununla bağlı Əylisli hətta vaxtilə neçə-neçə Azərbaycan ziyalısının məhvinə bais olmuş pantürkizm kabusuna işarət etməkdən də çəkinmir".

Açıqlamada "romanı oxumamışam" bəhanəsi ilə fikir söyləməkdən yaxasını qırağa çəkənləri qınayan məqamlar da yer alıb: "Romanı oxumayanlardan xahiş edirik ki, mütləq yazını tapıb oxusunlartaleyüklü bir məsələyə vicdanlarının səsiylə münasibət bildirsinlər. İqtidardan narazılıq naminə tamamilə erməni mövqeyini qəbul etmək, ancaq erməni maraqlarına xidmət etmək rəvadırmı?"

Açıqlamada oxuyuruq: "Son iyirmi-iyirmi beş ildə meydana heç bir dəyərli bədii əsər çıxara bilməyən Əylisli yalnız qalmaqallarla, tanınmışlara sataşmaqla gündəmdə qalmağa çalışır. Amma Azərbaycan mühitində bu artıq keçmir, hamı kimin-kim olduğunu axır ki, yaxşı başa düşüb. Belə olan surətdə Ə.Əylisli dilə-dişə düşməyin başqa üsuluna əl atıb. Azərbaycan xalqının əleyhinə yazı yazıb Azərbaycanda, Azərbaycan dilində deyil, məhz Moskvada çap etdirib ki, ermənilərin, erməni lobbisinin, Rusiyadabaşqa ölkələrdə ermənipərəst qüvvələrin vasitəsiylə ad çıxarsın və beləliklə, şöhrət sarıdan qurdunu öldürsün. Artıq müəyyən dərəcədə məqsədinə nailolub, erməni saytlarında "Qurbanəli bəy" hekayəsində deyilən "molodes..." tərifini qazanıb. Doğrudan da, ermənilərin və ermənipərəstlərin əlinə göydəndüşmə hədiyyədir.

Bəzilərinin güman etdiyi kimi, Orxan Pamukdan ilhamlanıb bu yolla Nobel mükafatı xülyasına düşməsi real deyil. O qədər ağılsız deyil ki, bunun xam xəyal olduğunu anlamasın. Cavanlıqda yazdığı ən yaxşı əsərlərinin belə bədii səviyyəsi Nobel mükafatı meyarlarının yanından da ötməyib. O.Pamukun istedad cəhətdən Əylislinin yazılarından qat-qat üstün əsərləri dünyanın əsas dillərinə çevrilib geniş yayıldıqdan sonra o, Nobel mükafatına layiq görüldü. Əgər Orxan "soyqırımı" haqqında uğursuz, yanlış, zərərli bircə ifadə işlədibsə, Ə.Əylisli bu erməni uydurmasına (Azərbaycanla bağlı yeni əlavələr edərək) bütöv bir roman həsr etdi. Çox güman ki, ermənilər və ermənipərəstlər "Daş yuxular" romanını dünyada geniş təbliğ edəcək, bir çox dillərə çevirtdirib nəşr etdirəcəklər, Azərbaycana qarşı silah kimi istifadə edəcəklər. Ola bilsin ki, Əylisli hansısa erməni varlısının təsis etdiyi bir mükafata da layiq görüldü, Ermənistanın xalq yaşıçısı adını da aldı. Amma Azərbaycan xalqının sevgisini və inamını həmişəlik itirdi".

Açıqlamada Ə.Əylislini əsassız üsullarla müdafiəyə çalışanların satqın simaları da ifşa olunub: "Əkrəmin bəzi ermənipərəst müdafiəçiləri də, özlərini bədii yazıları ilə təsdiq edə bilməyən ədəbi marginallar da Əylislinin əsərinə qarşı qəzəbi iqtidar-müxalifət müstəvisinə keçirmək və ona qarşı haqlı etirazları iqtidarın müxalifətyönlü yazara təzyiqi kimi göstərməyə çalışır. Əbəs cəhddir. Manqurtlaşmamış hər bir azərbaycanlı - istəyir iqtidarda olsun, istəyir müxalifətdə - bu romanı xalqımıza arxadan saplanmış bıçaq kimi qiymətləndirməyə bilməz.

Müxalifətin, müxalifətyönlü mətbuatın iqtidarla ideoloji mübahisəsi, siyasi mübarizəsi demokratik cəmiyyətdə təbii haldır.

Eləcə də iqtidarın, iqtidar mətbuatının müxalifətlə mübahisəsi, mübarizəsi. (Əlbəttə, bu qarşıdurmada hər iki tərəfdən etik hədlər aşılmırsa). Amma milli maraqlarla bağlı elə məsələlər var ki, onlara münasibətdə iqtidar-müxalifət müstəvisinin fövqünə qalxaraq antiazərbaycan cəhdləri dəstəkləmək olmaz. "İşinin xətrinə erməniyə dayı de" - süni, saxta və yalançı məsəldir. "Daş yuxular"ın müdafiəsinə qalxanlar əsərlə tanış olub qəti şəkildə deməlidirlər: bədii əsərdə belə qatı antiazərbaycan mövqeyini, birmənalı erməni təəssübünü qəbul edirlər, yoxsa yox? Bu məsələnin üçüncü cavabı yoxdur, sən ya öz xalqının tərəfindəsən, ya onun torpaqlarını işğal edənlərin, insanlarına zülm edənlərin, 1918-ci ilin martından 92-ci ilin Xocalısınacan günahsız azərbaycanlıların qanlarını tökənlərin? Kimsə belə cavab verə bilər ki, biz həqiqətin tərəfindəyik. Çox yaxşı, bəs bu həqiqətdə azərbaycanlıların da payı yoxdurmu? Yalan-gerçək ermənilərin başına gələn fəlakətlərdən erməni yazıçıları kifayət qədər yazıb, türklərin "vəhşilikləri" haqqında dünyada yetərincə səs salıblar. Bu ağrılı vaqiələrə toxunan Azərbaycan yazıçısı yalnız ermənilərin iztirablarından yazıb azərbaycanlıların da başına gətirilənlərdən bir kəlmə demirsə - bu həqiqətə sadiqlikdirmi?"

Yazıçılar Birliyinin açıqlaması bu sözlərlə bitir:

"Çox illər bundan əvvəl yazdığı bir neçə uğurlu əsərinə görə Əkrəm Əylisli Azərbaycan ədəbiyyatında şərəfli yer tuturdu. İndi bu son əsərinə görə antiazərbaycan ədəbiyyatında Sero Xanzadyanlarla, Silva Kaputikyanlarla, Zori Balayanlarla bir sırada şərəfsiz bir yer qazandı".

 

 

Azərbaycan.-2013.- 5 fevral.- S.4.