Ermənistanda prezident seçkilərinin nəzərdə tutulduğu vaxtda keçirilməyəcəyi gözlənilir

 

İstənilən halda seçkilərin saxtakarlıq mühitində keçəcəyi beynəlxalq miqyasda da açıq etiraf edilir

 

İşğalçı Ermənistanda prezident seçkiləri ərəfəsində cərəyan edən olaylar bu ölkədə gərginliyin daha da yüksəlməsi ilə müşayiət edilməkdədir. Belə vəziyyətdə prezident seçkilərinin nəzərdə tutulan vaxtda keçirilməyəcəyi də artıq dəqiqləşməkdədir. Məsələ burasındadır ki, Ermənistan prezidentliyinə namizəd, bir neçə gün öncə  güllələnən Milli Müqəddərat İttifaqının sədri Paruyr Hayrikyan Konstitusiya Məhkəməsinə fevralın 18-nə təyin edilmiş prezident seçkilərinin ən azı 15 gün müddətinə təxirə salınması xahişi ilə müraciət hazırlayıb.

Bir daha xatırladaq ki, yanvarın 31-də Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyana qarşı sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib. Ermənistan Konstitusiyasına əsasən, prezidentliyə namizəd seçkilərdə iştirak üçün keçilməz maneələrlə qarşılaşdığı halda Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malikdir və həmin məhkəmə dörd gün ərzində bu müraciətə baxmalıdır.

Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bununla bağlı bildirib: "Prezident seçkilərinin təxirə salınmasına dair qərarı yalnız Konstitusiya Məhkəməsi qəbul edə bilər. Qanunvericiliyə görə, prezidentliyə namizəd seçkilərdə iştirak üçün keçilməz maneələrlə qarşılaşdığı halda Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malikdir". Parlamentin dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının sədri David Arutyunyan izah edib ki, Ermənistan Mərkəzi Seçki Komissiyası sui-qəsdə məruz qalmış prezidentliyə namizəd Paruyr Hayrikyanın özü tərəfindən təşəbbüs edilən prosedurlarsız seçkilərin təxirə salınmasına dair səlahiyyətlərə malik deyil.

Paruyr Hayrikyan isə seçkilərin təxirə salınmasında maraqlı tərəf kimi çıxış edir. Onun sözlərinə görə, qanunla iki variant mümkündür - seçkilərin 15 və ya 40 günlüyə təxirə salınması.

Paruyr Hayrikyan daha çox seçkilərin 15 gün təxirə salınmasına meyillidir. Artıq xəstəxanadan çıxan bu şəxs ona qarşı edilmiş sui-qəsdin təşkili ilə bağlı şübhələrini də dilə gətirib: "Uzun illərdir məni təqib edən xarici ölkənin, dözümsüz Rusiyanın gizli xidmətlərindən şübhələnirəm. Bu, onların dəst-xəttidir. Mənim Avropaya doğru irəliləməli olduğumuzu bəyan etməyim bəzilərini narahat edib və güman edirəm ki, sui-qəsd bununla bağlıdır. Mənim şəxsi düşmənlərim yoxdur".

Prezidentliyə namizəd atəş açanı gördüyünü də deyib. Onun sözlərinə görə, həmin adamı bir də görsə, tanıyar: "Mən saniyənin içərisində qərar qəbul etməliydim. Gördüm ki, əlini sinəmə doğru tuşlayır, əlimlə ona mane oldum. Bu zaman atəş açıldı. Boksdakı kimi nokauta düşdüm. Amma anladım ki, dayanmalı deyiləm. O, başıma doğru daha bir atəş açmaq istədi. Birinci atəşdən sonra mən bərkdən qışqırdım və qonşular çıxdılar. O, ikinci dəfə atəş açsa da, güllə dərimin altından keçdi, ciddi bir şey olmadı".

Paruyr Hayrikyanın sözlərinə görə, qonşular səs saldığından cinayətkar qaçmalı olub. O, bəyan edib ki, sui-qəsd onun özünə yox, seçki proqramına qarşı yönəlib. Prezidentliyə namizəd onu da deyib ki, seçkilərin təxirə salınması ilə bağlı arzusunu Ermənistan prezidenti Serj Sarkisyana da çatdırıb. Baş nazir Tiqran Sarkisyan bununla bağlı bildirib: "Bütün namizədlər insidentlə əlaqədar seçkiqabağı kampaniya çərçivəsində proqramlarını dəyişiblər və müxtəlif görüşləri təxirə salıblar". Onun sözlərinə görə, seçkiqabağı prosesin pozulmaması məqsədilə bütün namizədlər üçün zəruri məsləhətləşmələr keçiriləcək.

Ermənistanın Baş Prokurorluğunun verdiyi məlumata görə, prezidentliyə namizəd Paruyr Hayrikyana qarşı qəsd faktı üzrə açılan cinayət işi çərçivəsində təcili istintaq və mühakimə fəaliyyəti həyata keçirilir, məhkəmə-tibbi, məhkəmə-bioloji, daktiloskopik, ballistik, məhkəmə-kimyəvi ekspertizalar və lif təbiətli obyektlərin məhkəmə ekspertizası təyin edilib. Cinayətin törədildiyi yerdən götürülən 7.62 mm kalibrli güllə, eləcə də Paruyr Hayrikyanın bədənindən çıxarılan güllə ekspertizaya göndərilib. Lakin cinayət işinin açılacağı şübhə doğurur. Çünki burada Serj Sarkisyan rejiminin özünün əlinin olmasına dair fikirlər səslənir.

İstənilən halda isə seçkilərin saxtakarlıq mühitində keçəcəyi beynəlxalq miqyasda da etiraf edilir. Məsələn, Böyük Britaniyanın Yerevandakı səfiri prezident seçkilərinin demokratik keçəcəyinə şübhə etdiyini bildirib. Səfirin ölkədə keçiriləcək prezident seçkilərinə dair səsləndirdiyi fikirlər Ermənistanın dövlət və hökumət rəsmilərinin qəzəbinə səbəb olub. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan səfirin qarşıdakı seçkilərə münasibət bildirməsini və əvvəlcədən proqnoz verməsini qeyri-qanuni hesab edib.

Ölkə müxalifəti isə prezident seçkiləri ilə yanaşı, parlamentin işinin boykot olunmasını da vacib sayır. Məsələn, Ermənistanda prezidentliyə namizəd Aram Arutyunyan parlament fraksiyasını parlamentin növbəti iclasını boykot etməyə və xalqın iradəsi ilə yeni parlamentin formalaşması üçün onun işində üç ay iştirak etməməyə çağırıb: "Əgər müxalifət qüvvələri Milli Toplantıda hansısa məsələni müzakirə edə bilmirlərsə, onda nəyin naminə onun işində iştirak etmək lazımdır? Xidmət maşınlarının və katibənin naminə?".

O, məlumat verib ki, fevralın 8-də öz namizədliyini geri götürəcəyi barədə qərarını dəyişməyib. Arutyunyanın sözlərinə görə, Serj Sarkisyanı tək qoymaqla onu müəyyən addımlar atmağa vadar edirlər. Bununla yanaşı, o əlavə edib ki, Ermənistanda misli görünməmiş vəziyyət yaranıb və hakimiyyət bütün çərçivələri aşıb. Hadisələrin inkişaf istiqaməti isə Ermənistanda gərgin siyasi vəziyyətin yarandığını göstərir.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 5 fevral.- S.5.