Bakıətrafı qəsəbələr
yaşayış üçün rahat məkana çevrilir
Bununla bağlı qəbul edilmiş Dövlət Proqramının icra müddəti cari il başa çatır
2011-2013-cü illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında
qarşıya qoyulan vəzifələrin icrası nəticəsində
ötən il paytaxtın və onun qəsəbələrinin
sosial-iqtsadi siması xeyli dəyişib. Əhalinin qaza, suya,
elektrik enerjisinə olan tələbatının ödənilməsi,
küçə və məhəllədaxili yolların yenidən
qurulması, sosial təyinatlı obyektlərin
yaradılması və bərpası ilə yanaşı, qəsəbələrin
inkişafını sürətləndirən sənaye
istehsalı yönümlü
zavod və fabriklərin tikintisi və onların
müasir avadanlıqla təchiz edilməsi ilə bağlı
mühüm tədbirlər həyata keçirilib.
Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2013-cü ildə qarşıda düran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyev bu sahədə
həyata keçirilən tədbirlərdən
danışarkən demişdir: "2012-ci ildə Bakı və
onun qəsəbələrinin inkişafı proqramı da
uğurla icra edilmişdir, böyük işlər
görülmüşdür. Bu il bu proqram başa
çatmalıdır. Bütün qəsəbələrdə
infrastruktur layihələri icra edilir, yollar salınır,
müasir şərait yaradılır. Bu proqramın icrası
daim nəzarət altındadır və əminəm ki, bu
ilin sonuna qədər qəsəbələrin əsas
infrastruktur və sosial proqramları öz həllini
tapacaqdır. Biz bu məsələlərə kompleks şəkildə
yanaşmışıq. Proqram çox müfəssəldir,
genişdir, dəqiqdir. Hər bir məsələ orada nəzərdə
tutulub - su, qaz, işıq, yollar, məktəblər, tibb məntəqələri
və digər məsələlər. Bu proqramın icra edilməsində
biz qəsəbələrdə mövcud problemlərin
böyük əksəriyyətini, demək olar ki, aradan
götürəcəyik".
Qeyd
edək ki, həyata keçirilmiş tədbirlər nəticəsində
ötən il sözügedən proqramın icrası çərçivəsində
Qaradağda müasir texnologiyaya əsaslanan Sement zavodu, Bərk
məişət tullantılarının çeşidlənməsi
və yandırılması zavodları da daxil olmaqla bir
neçə sənaye müəssisəsi istifadəyə
verilib, qalan hissəsinin isə inşası davam etdirilir. Təkcə
Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ)
iştirakı ilə ötən il Hövsanda Süd emalı
və "Holcim-Azərbaycan" yeni Sement zavodları fəaliyyətə
başlayıb. Səngəçal Neft və Qaz
Terminalının, eləcə də Duz istehsalı zavodunun
uğurlu fəaliyyətləri nəzərə alınaraq
AİŞ öz sərmayə payını digər tərəfdaşlarına
satmaqla bu layihələrdə missiyasını başa
çatdırıb. Ümumiyyətlə, "2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nın icrası ilə ilə əlaqədar
ötən dövr ərzində 400 investisiya layihəsinin
maliyyələşdirilməsinə 72 milyon manat güzəştli
kredit verilib.
Bunlarla
yanaşı, paytaxtın və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
çərçivəsində Bakıətrafı kənd və
qəsəbələrdə əhalinin
rahatlığını, həyat səviyyəsini daha da yaxşılaşdırmaq
məqsədilə digər tədbirlər də həyata
keçirilib. İlk növbədə, qəsəbələrin
qaz, su, kanalizasiya və fasiləsiz enerji ilə təminatı
diqqətdə olub, bu sahədə mühüm işlər
görülüb. Eyni zamanda, təzə yaşayış
binaları istifadəyə verilib, bir çox sosial obyektlərin
istilik sistemi yenidən qurulub, qəsəbələrarası
yollar təmir olunub, qəsəbədaxili yollara asfalt
örtüyü salınıb, eləcə də 134 məktəb
və 71 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət
və idman obyektlərində tikinti və əsaslı təmir
işləri başa çatdırılıb. Hazırda isə
85 sosial obyektdə təmir-tikinti işləri davam edir.
Ötən
il Bakı və onun kənd və qəsəbələrində
müvəqqəti məskunlaşmış məcburu
köçkünlərin həyat və mənzil şəraitinin
yaxşılaşdırılmasında da xeyli irəliləyiş
olub. Belə ki, son 20 ildə həcminə görə ən
böyük - 1300 şagirdlik məktəb ötən il məhz
məcburi köçkünlər üçün Qaradağ
rayonunun Müşfiqabad qəsəbəsində tikilib. Həmçinin
paytaxtın müxtəlif ali məktəblərinin
yataqxanalarında müvəqqəti məskunlaşmış
məcburi köçkünlər üçün Bakıətrafı
qəsəbələrdə müasir standartlara cavab verən
yaşayış binaları inşa olunub, zəruri
infrastruktur yaradılıb. Cari ildə Bakı Dövlət
Universitetinin və Bakı Dövlət Neft
Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşdırılmış
məcburi köçkünlər yeni yaşayış
binalarına köçürüləcək. Bundan başqa,
Bakıdakı yataqxanalardan 90 min nəfər
köçkünün müvəqqəti məskunlaşdırılması
və onlar üçün iş yerlərinin
yaradılması məqsədi ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin
ərazisindən 380 hektar torpaq sahəsi ayrılıb və əlavə
olaraq daha 120 hektar torpaq sahəsinin ayrılması gözlənilir.
Hazırda Qobu şəhər məcburi köçkün
yaşayış massivinin layihələndirilməsi və
onun idarəetmə strukturunun yaradılması istiqamətində
müvafiq işlər görülür. Bakıdakı digər
obyektlərdə - hərbi hissələrdə, məktəb,
bağça, sanatoriya, pansionat, tikintisi yarımçıq
qalmış binalarda, zəbt olunmuş mənzillərdə
yaşayan 110 min məcburi köçkünün müvəqqəti
məskunlaşdırılması üçün əlavə
500 hektar torpaq sahəsinin ayrılması da gündəmdədir.
Yeri
gəlmişkən qeyd edək ki, həmişə olduğu
kimi, Heydər Əliyev Fondunun Bakıətrafı qəsəbələrdə
təhsil, səhiyyə, mədəniyyət və digər
sosial layihələrin reallaşmasında rolu və
qayğısı böyükdür.
Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2013-cü ildə qarşıda düran vəzifələrə
həsr olunmuş iclasında ölkə
başçısı demişdir: "Bakı və onun qəsəbələrinin
inkişafı proqramı bu il başa çatmalıdır. Bu
da çox ciddi, böyük, qısamüddətli, eyni
zamanda, çox təsirli proqramdır və bu il biz bu
proqramı başa çatdıracağıq". Və indiyəcən
həyata keçirilən tədbirlər, işlərin
sürəti bu qənaətin reallığını əks
etdirir.
Rəhman SALMANLI
Azərbaycan.-2013.- 5 fevral.- S.6.