Milli musiqimizin
beynəlmiləl məzmunu
XX əsr musiqi mədəniyyətimizin ən görkəmli nümayəndəsi Qara Qarayev zəngin yaradıcılığı və möhtəşəm sənət dünyası ilə bəşəriyyətin diqqət mərkəzində dayanmış şəxsiyyətlərdən biri olub. Böyük Üzeyir Hacıbəylidən dərs almış dünya şöhrətli bəstəkarın bütün əsərləri bəşəri xarakter daşıdığından onun ədəbi irsi yalnız bir xalqın deyil, dünya mədəniyyətinin incilərindən sayılır. Bu gün hər birimiz fəxarət hissi keçiririk ki, Qara Qarayev Azərbaycan mədəniyyətinə dünya şöhrəti gətirən musiqi xadimlərimizdən biridir.
Qara Qarayev haqqında dünyanın tanınmış musiqiçilərinin, sənətçi və bəstəkarlarının söylədikləri dəyərli fikirləri bir yerə toplasaq, böyük bir dastan bağlanar. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirov öz həmkarı haqqında belə yazırdı: "Qarayev sənəti əzəmətli Azərbaycan musiqi məbədinin ən etibarlı dayaqlarından biridir və bu musiqinin dünya şöhrəti qazanmasında onun rolu böyükdür. İstedad, üstəgəl əmək - bizim ictimai həyatımızda, mədəniyyətimizdə Q.Qarayev sənətinin mahiyyəti və pafosu bax bundadır". Maestro Niyazi isə Qara Qarayev musiqisini "ürəkdən od qoparan sirli bir dünya" adlandırmışdır.
Qara Qarayev Azərbaycanın qədim musiqisi ilə Qərbi Avropa və rus klassik musiqisinin ən yaxşı nümunələrini birləşdirərək yaradıcılıq üfüqünü çox cəsarətlə genişləndirdi. Onun novatorluğunu bütün dünya qəbul edirdi. Qara Qarayevin musiqisi bəşəri ideyalarla elə zəngindir ki, tükənmək bilməyən bədii fantaziyası ecazkar bir aləm yaradıb. Q.Qarayevin bədii təfəkküründən süzülən hər bir musiqi əsəri təsirli, düşündürücü fikir və ideyalarla zəngindir. Onun həyat və yaradıcılığının bəzi məqamlarına diqqət yetirək: 5 fevral 1918-ci ildə Bakıda məşhur həkim Əbülfəs Qarayevin ailəsində anadan olmuş Qara ilk ali təhsilini Azərbaycan Dövlət Konservatoriyasında alıb. Qara Qarayevə xoşbəxtlik hələ tələbəlik illərində nəsib olub. O, xalq musiqisinin əsaslarını dahi Üzeyir Hacıbəyovdan, kompozisiya qurmağın sirlərini isə professor L.M.Rudolfdan öyrənib. Onun haqqında tədqiqat aparanlar yazırlar ki, Qara Qarayev hələ 5 yaşında ikən pianoda xoşuna gələn mahnıları ifa edə bilirmiş. Qocaman aktyor Hacıməmməd Qafqazlı xatirələrində yazırdı: "Mən tez-tez Əbülfəs Qarayevgilə qonaq gedərdim. Biz doktorla oturub söhbət edərək çay içəndə balaca, qıvrımsaç oğlan olan Qara royal arxasında oturub onun dillərini asta-asta dilləndirərdi".
Qara Qarayevin qeyri-adi istedada malik olduğunu ilk dəfə məhz Üzeyir Hacıbəyli duymuşdur. Hətta onun haqqında ürəkdən gələn fikirlər də söyləmişdir. Bir replikası isə uzun illər gənc bəstəkarın yaradıcılıq yoluna işıq salmışdır: "Qara çox istedadlıdır və filosofluq etməyi xoşlayır". Hələ tələbə ikən həmkarlarından seçilən Qara Qarayevin bəstələri müəllifinə şöhrət gətirirdi. Sonralar Moskva Dövlət Konservatoriyasında oxuyanda 20 yaşlı gəncin xeyli musiqi əsəri var idi. Onu bir bəstəkar kimi tanıyırdılar. Moskvanın qaynar və cəlbedici həyatı, dünyanın tanıdığı rus musiqiçiləri ilə ünsiyyət Qara Qarayevin peşəkar bir bəstəkar kimi yetişməyində böyük rol oynadı.
Qara Qarayev Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olanda cəmi 19 yaşı vardı. Bu yaşda o, fortepiano və simfonik orkestr üçün müxtəlif janrlı əsərlər yazmış, bir sıra sənədli filmlərə musiqi bəstələmişdi. 1938-ci ildə Qara Qarayev musiqisinin sədaları Moskvanın müxtəlif konsert salonlarından, incəsənət ongünlüklərindən, Qızıl meydandakı bayram nümayişlərindən gəlirdi. İkinci Dünya müharibəsi illərində Qara Qarayev məhrumiyyət və çətinliklərə sinə gərərək vətənpərvərlik və ruhlandırıcı əsərlər üzərində işləməyə başladı. Tələbə yoldaşı Cövdət Hacıyevlə birlikdə yazdığı "Vətən" operası Azərbaycan musiqisinin inkişafında yeni bir mərhələ açdı. Bu operadakı simfonik musiqinin əzəməti, qəhrəmanların ariyalarındakı gözəllik, ifadəlik gənc bəstəkarın gələcəkdə böyük uğurlar qazanacağından xəbər verirdi. O bu operaya görə Dövlət mükafatına layiq görüldü.
Müharibə illərində Qara Qarayev Cövdət Hacıyevlə birlikdə "Ayna" adlı opera üzərində işləyib, amma hansı səbəbdənsə tamamlanmamış qalıb. Bir neçə simfonik və kamera əsərləri də o dövrdə yazılmışdır.
Azərbaycanın ilk simfoniyalarından olan "Birinci simfoniya"nın da müəllifi məhz Qara Qarayevdir. Azərbaycan bəstəkarının ilk böyük müvəffəqiyyəti "Leyli və Məcnun" simfonik poeması oldu. Bu möhtəşəm əsər bəstəkarın ünvanına ikinci Dövlət mükafatını gətirdi. 1947-ci ildə bu simfonik poemanı ilk dəfə idarə edən maestro Niyazi olmuşdur. O öz xatirələrində yazırdı: "Mən bir neçə dəfə xarici ölkədə bu poemanı idarə etmişəm. Qara Qarayevin qüdrətli, müdrik istedadı dünyanın müxtəlif ölkələrindən gəlmiş dinləyicilər qarşısında insanlığın qeyri-adi dərinliyini açaraq bütün zalı bir hiss ilə yaşamağa çağırırdı". Bu da təbii idi. Tədqiqatçıların təbirincə desək, "Leyli və Məcnun" poeması yüksək bəşəri obrazlar və duyğuların məbədidir.
Qara Qarayevin musiqisinə dünya maraq kəsilmişdi. 1949-cu ildə yazdığı "Yeddi gözəl" simfonik orkestr üçün süita, "Gürcüstan təranələri", "Mən sizi sevirdim", səs və fortepiano üçün musiqiləri bəstəkarın yorulmaz yaradıcılıq fəaliyyətindən xəbər verirdi. 1951-ci ildə Çexoslovakiyada keçirilən "Praqa baharı" festivalında "Yeddi gözəl" simfonik orkestr üçün süita, eləcə də "Leyli və Məcnun" simfonik poeması Niyazinin dirijorluğu ilə ifa olundu. 34 yaşlı Azərbaycan bəstəkarının musiqisi Yer kürəsinin hər guşəsində səsləndirilir və sevilirdi.
1952-ci ildə Qara Qarayev yaradıcılığının yeni zirvəsi yarandı. Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında yazdığı eyni adlı baletin ilk tamaşası Bakıda Opera və Balet Teatrının səhnəsində oldu. Əsər cazibədar melodiyaları ilə diqqət çəkirdi. Baletdəki Şərq musiqisinin koloriti, rəngarəngliyi müəllifə parlaq nailiyyət və sürəkli alqışlar gətirdi. Balet o dövrdə, demək olar ki, keçmiş SSRİ-nin və dünyanın bir çox teatr səhnəsində tamaşaya qoyuldu. Qarşıdan isə "İldırımlı yollarla" baletinin nəfəsi duyulurdu. Bu baletə qədər Qara Qarayevin həyatında və yaradıcılığında zirvələrə qanadlanan müxtəlif yeniliklər baş verirdi. Onun yorulmadan bəstələdiyi süitalar, simfonik orkestr üçün xoreoqrafik lövhələr, kinofilmlər, eləcə də tamaşalar üçün işlədiyi musiqilər və mahnılar ayrı-ayrılıqda bir sənət zirvəsi idi.
1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi vəzifəsində çalışan Qara Qarayev Azərbaycanın xalq artisti adına layiq görülmüş, bir sıra kinofestivalların laureatı olmuş, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə bəstəkarlıq sənətinin sirlərini öyrətmişdir. Qara Qarayev həm də fəal ictimai xadim idi. O, dəfələrlə qurultay nümayəndəsi, deputat seçilmişdir. Zəngin biliyə və pedaqoji fəaliyyətə malik bəstəkar Azərbaycan EA-nın həqiqi üzvü idi.
1960-cı ildə isə Qara Qarayev öz yaradıcılığının növbəti zirvəsinə imza atdı. Bu, yeddi ildən sonra keçmiş SSRİ-nin ən yüksək mükafatına layiq görülmüş "İldırımlı yollarla" baleti idi. Bununla Azərbaycan mədəniyyət tarixinin yeni, parlaq bir səhifəsi yazıldı. Bu əsərə görə Qara Qarayev Lenin mükafatı laureatı adına layiq görüldü. Baletin taleyi çox uğurlu oldu. Demək olar ki, dünyanın çox möhtəşəm və məşhur teatrları onu öz səhnələrində məmnuniyyətlə tamaşaya qoyurdular. Bu, təkcə Qara Qarayev musiqisinin uğuru deyildi. "İldırımlı yollarla" baleti dünya musiqisinin incilərindən sayıldı.
Məşhur rus sənətkarı Aleksandra Paxmutova yazırdı: "Qara Qarayev istedadlı və ustad bəstəkardır. Ancaq bir sənətkar kimi onun gücü, hər şeydən əvvəl, çox nadir təsadüf olunan dərin fəlsəfi idrakla qızğın, parlaq, həyatsevər temperamentin əlaqələndirilməsindədir. Onun əsərləri ilə görüş mənə ona görə maraqlıdır ki, bu sənətkar heç vaxt özü-özünü təkrar etmir, ona görə ki, bəstəkarın yaradıcılığında həmişə yeni, parlaq və gözlənilməz hadisələrlə rastlaşırsan".
Tamaşaçı və dinləyici marağının geniş dairəsində olan Qara Qarayev musiqi sənətində şair, dramaturq, rəssam kimi çıxış edərək gözəlliyi ilə seçilən qeyri-adi əsərlərə imza atırdı. Bunun da nəticəsində onun musiqi sənəti yeni pillələrə ucalır, Qara Qarayev yaradıcılığına dünya musiqisevərlərinin məhəbbət və marağını gətirirdi. Bu səbəbdən də Azərbaycan bəstəkarının əsərləri milli çərçivədən çıxaraq beynəlmiləl əhəmiyyət kəsb edirdi.
Moskvadakı Böyük Teatrın yaradıcı qrupu uzun illər xarici ölkələrə qastrol səfərinə məhz Qara Qarayevin "İldırımlı yollarla" baleti ilə gedirdi. 1964-cü ildə Polşada keçirilən "Varşava payızı" adlı müasir musiqi festivalında məhz "İldırımlı yollarla" baleti nümayiş etdirilmişdi. Zəmanəmizin böyük yazıçısı Çingiz Aytmatov yazırdı: "Zaman keçir, ancaq "İldırımlı yollarla" baleti öz aktuallığını itirmir. İndi də onda əzəmətli qara qitənin ürək döyüntüsü canlı surətdə hiss olunur, Afrikanın bir çox dövlətlərindəki hadisələrin əks-sədası eşidilir. Böyük sənətkar Qara Qarayevin ən qiymətli cəhətlərindən biri də həyatı eşitmək bacarığı, bizi əhatə edən varlığı həssaslıqla əks etdirməsi, insanları xeyirxah əməllərə qoşmasıdır".
Unudulmaz bəstəkarın özünün də musiqi ilə bağlı maraqlı fikirləri var: "İncəsənətin heç bir növü musiqi kimi əzəmətli, ilhamlı, fikir və hissləri yüksəldən qüvvəyə malik deyil. O, bir tərəfdən insanları birliyə, qəhrəmanlığa, mübarizəyə çağırır, digər tərəfdən isə hər bir fərdin daxili aləmindən, ən incə hisslərindən xəbər verir".
Həyatı boyu əsasən simfonik janrda yazan bəstəkarımız, eyni zamanda, kamera musiqisini də unutmurdu. Yaradıcılığının bütün dövrlərində o, bu janra müraciət etmişdir. Musiqi dəyərinə görə mükəmməl və gözəl kamera əsərləri bu gün də musiqiçilər tərəfindən həvəslə ifa edilməkdədir. 1970-ci illərdə Qara Qarayevin təşəbbüsü ilə konservatoriyanın opera studiyasında tələbə və məzunlardan ibarət kamera orkestri yaradılmışdı. Təəssüf ki, bu kollektivin uğurlu fəaliyyətini görmək böyük bəstəkara qismət olmadı. Amma onun arzuları cücərdi. Kamera orkestri həmişə Qara Qarayev ideyalarına bağlılığını nümayiş etdirir və böyük bəstəkarın istədiyi kimi fəaliyyət göstərir.
Dünya musiqiçilərinin tanıdığı, sevdiyi və ehtiram göstərdiyi Qara Qarayev 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Azərbaycanlı bəstəkarın belə bir möhtəşəm ad alması, təbii ki, o dövrdə elə də asan deyildi. Bu məsələdə ümummilli lider Heydər Əliyevin mühüm xidməti və cəsarətli təqdimatı olmuşdur. Məhz onun fədakarlığı nəticəsində Azərbaycanın bir neçə görkəmli yazıçı, şair, bəstəkar və müğənnisi hər cür qadağa səddini aşaraq Sosialist Əməyi Qəhrəmanı kimi şərəfli ada layiq görülmüşdür.
Bir fərəh doğuran faktı da təkrar xatırlatmaq istəyirik ki, Qara Qarayevə ilk xeyir-duanı Üzeyir Hacıbəyli vermişdi. 1937-ci ildə repressiyaların tüğyan etdiyi bir vaxtda öz müəlliminin yolunu ləyaqətlə davam etdirərək dünyanın tanıdığı nüfuzlu bəstəkara çevrilmək, həqiqətən, qəhrəmanlıq idi.
"Böyük müəllimi Üzeyir Hacıbəyli kimi, Qara Qarayev də özündə məşhur bəstəkar, görkəmli ictimai xadim, gözəl pedaqoq, publisist və alim keyfiyyətlərini birləşdirirdi. Əsrarəngiz şedevrlərin müəllifi olan Qara Qarayev ömrünün 45 ilini musiqi sənətinə xidmətə həsr etmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin sürətli inkişafı Qara Qarayevin adı ilə bağlıdır. Qara Qarayevin baletləri dünyanın bir çox teatrının səhnəsini bəzəyir, simfonik əsərləri insanlara mütərəqqi ideyalar və əsl estetik zövq verməklə meridianlarda səslənir". Bu ürəkdən gələn sözlərin müəllifi Qara Qarayevin sevimli və istedadlı tələbələrindən biri olmuş, hazırda Azərbaycan bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri Firəngiz Əlizadədir. Öz ustadının yolunu ləyaqətlə davam etdirən Firəngiz xanımı indi Avropada çox yaxşı tanıyır və qiymətləndirirlər. Firəngiz Əlizadənin iri musiqi əsərləri əksər ölkələrin teatrlarında müəllifin öz iştirakı ilə ifa olunur. Ona müxtəlif mövzularda əsər yazmaq da xahiş edilir. Qara Qarayev ömrü öz tələbələrinin yaradıcılığında beləcə davamlıdır. Həqiqətən heç nə unudulmur, heç kim yaddan çıxmır. Əsl sənətin, əsl sənətkarın ömrü əbədidir.
Ömrünün bir qərinədən çoxunu müəllimlik fəaliyyətinə bağlayan Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə rəhbərlik edirdi. Onun əməyi nəticəsində bir neçə bəstəkar nəsli yetişmişdir. Tədqiqatlar göstərir ki, cəmi 64 il yaşamış Qara Qarayev 48 bəstəkarın yetişməsində gərgin əmək sərf etmişdir. Bu gün dünyanın çox yerində Qara Qarayevin məzunlarına rast gəlmək olur. Bu bəstəkarlar arasında həm Azərbaycanın, həm də dünyanın fəxr etdiyi insanlar var. Xalq artistləri Rauf Hacıyev, Vasif Adıgözəlov, Arif Məlikov, Hacı Xanməmmədov, Xəyyam Mirzəzadə, Polad Bülbüloğlu, Firəngiz Əlizadə, əməkdar incəsənət xadimi Elza İbrahimova, o cümlədən başqa ölkələrdən olan V.Şakinski (Rusiya), Allahyarov (Türkmənistan) və onlarca başqaları Qara Qarayevdən dərs almışlar. 1974-cü ildə Qara Qarayev mətbuata verdiyi müsahibələrinin birində deyirdi: "25 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam və bu işi çox sevirəm. Bu, çox çətin, böyük fədakarlıq və müəyyən mənada özünü qurban verməyi tələb edən sahədir. Çünki hərdən bir layiqli tələbəyə özün üçün qoruyub saxladığından da verməli olursan. Sinifdə xəsis olmaq olmaz. Əliaçıqlıq sonradan tələbənin uğurundan aldığı zövqlə mütləq özünə qayıdacaq. Gənclərlə işləmək mürəkkəb, məsuliyyətli və hətta, mən deyərdim, risk tələb edən işdir. O, müəyyən dərəcədə həkimlik sənəti ilə eyniyyət təşkil edir. Əgər onlar insanların fiziki sağlamlığına cavabdehdirlərsə, biz gələcək sənətkarın mənəvi sağlamlığına cavabdehik".
Qara Qarayev böyük həvəslə həm Azərbaycan, həm də Moskvada istehsal olunan kinofilmlər və teatrlarda hazırlanan tamaşalar üçün musiqilər yazırdı. Əgər onların adlarını çəkməli olsaq, uzun br siyahı əmələ gələr. Bir fərəhli fakt var ki, o musiqilərdəki Qara Qarayev üslubu aydın duyulur. Eşidən kimi müəlifin kim olduğunu bilirsən.
Qara Qarayev təkcə musiqi əsərləri yazmırdı. Həm də musiqi ilə bağlı nəzəriyyələrin də müəllifi idi. Onun fikirləri bu gün də mədəniyyət işçiləri üçün son dərəcə əhəmiyyətli və qiymətlidir. O, hər bir gənci, xüsusilə də yaradıcılıqla məşğul olan insanı tarixini müəkəmməl bilməyə çağırırdı. Qara Qarayev yazırdı: "Sənətkarları gəmilərə bənzətmək olar: bəziləri geniş, sahilsiz, fırtınalı və həmişə yeniliklərlə dolu olan dənizə çıxır. Başqaları isə qasırğa və təhlükədən uzaq, sakit limanda lövbər salıb dayanır".
Bu
gün özü aramızda olmasa da, musiqilərini müntəzəm
dinlədiyimiz, əsərlərindəki möhtəşəmliyə
dönə-dönə heyrət etdiyimiz dahi bəstəkar
Qara Qarayev həqiqətən fırtınalı və yeniliklərlə
dolu olan dənizə çıxdı. "Azərbaycan təranələri"ni
Avropa musiqisinin qanadlarında dünyaya yaydı. Milli musiqimizə
beynəlmiləl məzmun gətirdi. Qəlbi ana
torpağına bağlandı, arzuları isə asimana
açıldı. Bakıda göz açmış Qara
Qarayev indi bəşər mədəniyyətinin 95
yaşlı nümayəndələrindən biridir. Bir tarixə
sığmayan zirvələri 64 illik ömründə əbədiləşdirən
Qara Qarayev sahilsiz ümmanlarda üzən musiqi adlı gəminin
əbədi kapitanına çevrildi. Sənət zirvələri
isə silsilə dağlar kimi bir-birinə söykənərək
əzəmətlə gələcəyə boylanır.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 5 fevral.- S.7.