Azərbaycan incəsənət ustalarının konserti fransızlarda böyük maraq doğurmuşdur

 

Fevralın 2-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi əsasında Fransada keçirilən Azərbaycan günləri çərçivəsində Müluz şəhərinin "Sin" teatrında Azərbaycan İnstrumental Musiqi Ansamblının konserti təşkil olunmuşdur.

Konsertdən əvvəl çıxış edən Müluz şəhərinin meri Jan Rottner Cənubi Qafqazın inkişaf etmiş ölkəsi olan Azərbaycanı müluzluların tanımalarının əhəmiyyətini qeyd etmiş, iki xalq arasında əməkdaşlığın inkişafında və onların yaxınlaşmasında belə mədəni tədbirlərin xüsusi rolunu diqqətə çatdırmış, Azərbaycan muğamının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini xatırlatmışdır. O demişdir ki, bu gün Azərbaycan muğamları sizin zövqünüzü oxşayacaqdır.

Müluz və ətraf qəsəbələrin prezidenti senator Jan-Mari Bokel sərgi və konsertin təşkilinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkür etmiş, ölkəmiz ilə Fransa arasındakı əlaqələrin inkişafından məmnunluq hissi duyduğunu bildirmiş, səmimi və gözəl insanların yaşadığı Azərbaycanın  dinamik inkişaf etdiyini, yeraltı və yerüstü sərvətlərlə zəngin olduğunu diqqətə çatdırmışdır.

Senator ölkəmizin Avropa Şurasının tamhüquqlu üzvü olduğunubu təşkilatda Azərbaycanı təmsil edən həmkarlarının xüsusi fəallıq göstərdiyini xatırlatmışdır.

J.M.Bokel tarixi ənənələrlə zəngin olan Azərbaycanda son vaxtlar inkişaf istiqamətində mühüm dəyişikliklərin həyata keçirildiyini, dünya mədəniyyətinə öz töhfəsini verdiyini bildirmişdir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi əsasında Azərbaycan günlərinin artıq Fransanın bir neçə şəhərində keçirildiyini xüsusi vurğulamış, müluzluların qonaqpərvərliyinin onda xoş təəssürat yaratdığını, qədim İpək yolu üzərində yerləşən ölkəmizin Şərq ilə Qərb arasında körpü rolu oynadığını bəyan etmişdir.

Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin mehriban və əmin-amanlıq şəraitində yaşadığını vurğulayan səfir onların mədəniyyətinə, dilinə və dininə dövlətimiz tərəfindən göstərilən diqqətin başqa ölkələr üçün əsl nümunə olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycanın qədim tarixə malik olan zəngin mədəniyyəti vardır. Şərq dünyasında ilk opera məhz Azərbaycanda yaranmışdır.

Səfir demişdir ki, bugünkü konsertdə səslənəcək muğam musiqisi Azərbaycan xalqının milli yaradıcılıq ənənələrinə sadiqliyindən xəbər verir.

Konsertdə Azərbaycan incəsənət ustalarının ifasında xalq musiqisi və bəstəkarların əsərləri səslənmişdir.

Müluz şəhərinin bir neçə sakini konsertlə bağlı AzərTAc-a müsahibə vermişdir.

Xanım Nataşa Kranz demişdir: "Etiraf edim ki, mənim Azərbaycan barəsində heç bir məlumatım yox idi. Məhz bu konsert sayəsində ölkənizi kəşf etdim, onun zəngin mədəniyyətinə, musiqisinə heyran oldum. Canlı və maraqlı musiqi nömrələri, müğənnilərin milli geyimdə çıxışları bizim üçün əsl hədiyyə idi. Mən hələ də Azərbaycanın milli musiqisinin təsiri altındayam".

Elen Burdel konsertdən aldığı təəssüratı belə ifadə etmişdir: "Çox az tanıdığım Azərbaycanın yalnız Qafqazda yerləşdiyini və müsəlman ölkəsi olduğunu bilirdim. Konsertə heyranlıqla qulaq asdım. Çünki mən müxtəlif xalqların ənənəvi musiqilərini, xüsusilə Şərq musiqisini dinləməyi sevirəm. Balkan xalqlarının musiqisinə az-çox bələdliyim vardır. Özüm də fransız xalq musiqisini ifa etməyi xoşlayıram. Müğənnilərin ifası çox xoşuma gəldi. Mənim heç vaxt görmədiyim musiqi alətləri daha çox marağıma səbəb oldu. Bəzi  alətlərdə səslənən ritmlərə valeh oldum. Milli paltarda çıxış edən gəncin ifaçılıq tərzi, səsi və musiqi keyfiyyəti biz fransızlar üçün bir yenilik idi. Konsert Azərbaycanın mədəni dəyərlərinin zənginliyi barədə bizdə böyük təəssürat oyatdı və mən istərdim ki, belə konsertlər tez-tez təkrar olunsun. Axı bu konsertlər ölkəni tanımaqda böyük rol oynayır". 

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Müluz

 

Azərbaycan.-2013.- 5 fevral.- S.7.