İranda fəaliyyət göstərən «Azərbay» şirkətinin yaranmasından beş il ötür

 

İranda fəaliyyət göstərən  "Azərbay" türkcə çap və yayım şirkətinin yaranmasından beş il ötür.

Şirkətin baş direktoru İsmayıl Yusifoğlunun məlumatına görə, ötən dövrdə Azərbaycan xalqının tarixinə, ədəbiyyatına, görkəmli şəxslərin həyat və fəaliyyətinə aid mindən artıq kitab nəşr edilmiş və yayılmışdır. Şirkətin nəşrləri arasında Azərbaycana qarşı erməni təcavüzünün tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitabların türkfars dillərində nəşr edilib yayılması mühüm istiqamətdir.

Bu sırada T.Məlikzadənin "Azərbaycan Birinci Dünya müharibəsində  yaxud  "Cilovluq" faciələri", C.Mirzənin "Yeni tarix", R.Talibin "1915-ci il (müsəlmanlarla ermənilər arasında gərginliyin və müsəlman soyqırımlarının 8 əsrlik tarixinə baxış)", M.S.Ordubadinin "Qanlı illər (1905-1906)" və digər sanballı əsərləri  göstərmək olar.

 Naşirin sözlərinə görə, şirkət gələcəkdə fəaliyyətini daha da genişləndirmək üçün maddi-texniki bazasını müasirləşdirməklə  bərabər Azərbaycan tarixini, mədəniyyətini və ədəbiyyatını mükəmməl bilən yerli mütəxəssisləri şirkətin işinə cəlb etmək niyyətindədir.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan.-2013.- 5 fevral.- S.7.