Azərbaycanda nəşr edilən kitablar beynəlxalq sərgidə nümayiş olunacaqdır

 

Azərbaycan fevralın 6-dan 10-dək Belarusun paytaxtı Minskdə keçiriləcək beynəlxalq kitab sərgisində təmsil olunacaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu məqsədlə artıq sərginin keçiriləcəyi ərazidə 12 kvadratmetrlik sahə icarəyə götürülmüşdür. Burada son illər ölkəmizdə çapdan çıxan, dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş Azərbaycan və rus dillərində nəfis tərtibatlı kitablar nümayiş etdiriləcəkdir. Həmçinin ziyarətçilərə ölkəmiz haqqında dolğun məlumatların əks olunduğu jurnallar, müxtəlif dillərdə turistik xarakterli bukletlər, kitabçalar, xəritələr, CD-lər paylanılacaqdır.

Eyni zamanda sərginin ziyarətçilərinə ölkəmizdə gedən inkişaf prosesi, quruculuq işləri, mədəniyyətimizin qədim tarixi və bugünü, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat veriləcəkdir.

Minsk sərgisinə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, "Letterpress" nəşriyyatının və Miniatür Kitab Muzeyinin nümayəndələri də qatılacaq, son illər nəşr etdikləri ən nəfis kitabları Belarus oxucularının diqqətinə çatdıracaqlar.

 

 

Azərbaycan.-2013.- 5 fevral.- S.7.