Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və
Herseqovinanın Parlament Məclisi Nümayəndələr
Palatası sədrinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Azərbaycan ilə Bosniya və Herseqovina arasında əlaqələrin siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirilməsinin əhəmiyyətini qeyd etdi. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və bir-birinə qarşılıqlı dəstək vermələrinin əhəmiyyətini qeyd etdi. Dövlət başçısı Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiçin Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Bosniya
və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr
Palatasının sədri Bojo Lyubiç ölkələrimiz
arasında dostluq əlaqələrinin böyük tarixə
malik olduğunu vurğuladı. O, səfər zamanı Azərbaycanda
gedən sürətli inkişaf proseslərinin şahidi
olduğunu dedi. Azərbaycanın regionun ən böyük
investorlarından biri olduğunu qeyd edən Bojo Lyubiç
ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə
olduğunu vurğulayaraq, bu əlaqələrin iqtisadi və
humanitar sahələrin inkişaf etdirilməsi işinə təkan
verəcəyinə əminliyini bildirdi.
AzərTAc
Azərbaycan.-2013.- 6 fevral.- S.1.