Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dördüncü
qurultayına
Hörmətli
qurultay iştirakçıları!
Sizi
ürəkdən salamlayır və dördüncü
qurultayınızın işə başlaması münasibətilə
səmimi-qəlbdən təbrik edirəm.
Bir əsrdən
çox tarixə malik olan Azərbaycan Həmkarlar
İttifaqları müstəqillik illərində daha da inkişaf etmiş, ölkənin
ictimai həyatında öz layiqli yerini tutmuşdur. Vətəndaşların
sosial problemlərinin həlli və əmək
hüquqlarının müdafiəsi sahəsində həmkarlar
ittifaqlarının rolunu yüksək qiymətləndirən
ümummilli lider Heydər Əliyev Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının fəaliyyətinə
həmişə böyük diqqət yetirmişdir. Ulu
öndərin qayğısı sayəsində həmkarlar təşkilatları
öz işini müasir ictimai və sosial-iqtisadi şəraitə
uyğun yenidən qurmuş, uzun illər ərzində
formalaşmış potensialını qoruyub saxlamağa və
inkişaf etdirməyə müvəffəq olmuşdur. Bu gün də ölkəmizdə
həmkarlar ittifaqlarının qanunvericilik bazası təkmilləşdirilir,
fəaliyyəti üçün daha əlverişli şərait
yaradılır.
Modernləşmə
kursunu həyata keçirən Azərbaycan Respublikasında
iqtisadi və sosial tərəqqiyə yönəlmiş
dövlət siyasəti öz bəhrəsini verməkdədir.
Təsadüfi deyil ki, dərin maliyyə böhranı bir
sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə
uğramasına və sosial gərginliyin artmasına gətirib
çıxardığı halda, respublikamız qlobal
böhranın təsirindən qorunmuş, sosial-iqtisadi
inkişaf, vətəndaşlarımızın rifah
halının yüksəldilməsi tədbirləri
ardıcıl davam etdirilmişdir. Aparılan islahatlar, müxtəlif
sahələri əhatə edən dövlət proqramları
və genişmiqyaslı infrastruktur layihələrinin
uğurla icra olunması ölkədə yoxsulluq və
işsizlik kimi ictimai problemlərin səviyyəsini minimuma
endirmiş, Azərbaycanı
dünyada güclü və demokratik dövlət, nüfuzlu və
etibarlı tərəfdaş kimi tanıtmışdır.
Cəmiyyətin
tərəqqisi və dinamik proseslər qarşıya daim yeni
vəzifələr qoyur. Hazırda respublikamızda ümumi
daxili məhsulun əksər hissəsi özəl bölmədə
formalaşır. Ölkədə daxili və xarici
investisiyalar hesabına yaradılmış minlərlə
sahibkarlıq subyekti, yerli və transmilli şirkətlər fəaliyyət
göstərir, yeni-yeni iş yerləri açılır.
Hesab edirik ki, mülkiyyət formasından asılı
olmayaraq, bütün müəssisələrdə
çalışan Azərbaycan vətəndaşlarının
sosial mənafelərinin və əmək
hüquqlarının qorunması üçün həmkarlar
ittifaqları daha əzmkar olmalı və qətiyyətli tədbirlər
görməlidir. Hökumət bu sahədə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası ilə sosial tərəfdaşlığı
gücləndirməli və onunla imzaladığı Baş
Kollektiv Sazişin müddəalarının yerinə yetirilməsinə
diqqəti artırmalıdır.
Bu
gün vətəndaş cəmiyyətinin fəal təsisatlarından
biri kimi çıxış edən Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası ölkənin ən kütləvi
ictimai təşkilatıdır. Qurum üzvlərinin əhəmiyyətli
hissəsini gələcəyimizin təminatçıları
olan gənclər təşkil edir. Bu amili nəzərə
alaraq, həmkarlar ittifaqları işləyən və təhsil
alan gənclərin hüquq və mənafelərinin daha
dolğun müdafiəsinə çalışmalı,
onların təşəbbüslərinin dəstəklənməsi,
peşə hazırlığının
artırılması, məşğulluğunun təmin edilməsi
və digər bu kimi mühüm məsələlərin həllinə
kömək göstərməlidir.
Hörmətli
qurultay nümayəndələri!
Müasir
dövrün inkişaf meyilləri həmkarlar
ittifaqlarının məsuliyyətini daha da artırır,
zamanın çağırışlarına hazır
olmağı tələb edir. Əminəm ki, qurultayın qərarları
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının fəaliyyətinin daha səmərəli
təşkilinə, nüfuzunun artmasına, cəmiyyətdə
sosial harmoniya və tərəfdaşlıq mühitinin
güclənməsinə ciddi təkan verəcəkdir.
Sizi
bir daha təbrik edir, qurultayın işinə uğurlar arzulayıram!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 fevral
2013-cü il
Azərbaycan.-2013.- 6 fevral.- S.1.