Bosniya və Herseqovina
Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
Fevralın 5-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Oqtay Əsədov bildirdi ki, Avropaya inteqrasiya edən Azərbaycan dünyanın inkişaf etmiş, sülhsevər ölkələri, o cümlədən də Bosniya və Herseqovina ilə əlaqələrin inkişafında maraqlıdır. Ölkələrimiz arasındakı münasibətlərin inkişafında dövlət başçılarının rolunu yüksək qiymətləndirən Milli Məclisin Sədri Oqtay Əsədov əminliklə dedi ki, bu səfər təkcə qanunverici orqanlar arasında deyil, həyatın bütün sahələrində əlaqələrimizin genişlənməsinə təkan verəcək. İndiyədək Azərbaycanla Bosniya və Herseqovina arasında 4 sənəd imzalanıb və daha 8 sənəd üzərində iş gedir. Düşünürük ki, bu sənədlər əməkdaşlığımızın daha da genişlənməsi üçün möhkəm hüquqi baza yaradacaq.
Milli Məclisin Sədri Azərbaycanın sürətli iqtisadi inkişafı barədə də ətraflı məlumat verdi. Bildirdi ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan indi regionda həyata keçirilən layihələrin həm təşəbbüskarı, həm də birbaşa iştirakçısıdır.
Görüşdə qeyd olundu ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin qədim tarixi var. Bu il Bakı ilə Sarayevonun qardaşlaşmasının 40 ili tamam olur. Bu günə qədər hər iki ölkədə bir sıra humanitar tədbirlər, mədəniyyət günləri keçirilib. Bu cür tədbirlər xalqlararası münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.
Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, sevindirici haldır ki, hər iki ölkənin qanunverici orqanında dostluq qrupları var. Biz bu qrupların fəaliyyətini gücləndirməklə əlaqələrimizin bütün sahələrdə inkişafına nail ola bilərik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən Oqtay Əsədov problemin həlli ilə bağlı nümayiş etdirdiyi ədalətli mövqeyə, eləcə də Avropa Şurası Parlament Assambleyasının bu günlərdə keçirilmiş qış sessiyasında Azərbaycana verdiyi dəstəyə görə Bosniya və Herseqovina hökumətinə və parlamentinə təşəkkürünü bildirdi.
Bojo Lyubiç dedi ki, Azərbaycan ilə Bosniya və Herseqovina oxşar taleləri yaşadıqları üçün bir-birlərini yaxşı başa düşürlər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox sürətli inkişaf yolu keçib. Yerləşdiyi regionun ən güclü dövlətidir və həqiqətən də, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malikdir. İndi Azərbaycan özü xarici ölkələrin iqtisadiyyatına sərmayə qoyur. Bizim ölkəmizdə də çox əlverişli investisiya mühiti var. Hesab edirik ki, kənd təsərrüfatı, təhsil, səhiyyə və sənaye sahələrində çox yaxşı əməkdaşlıq edə bilərik.
Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq dedi: "Bosniya və Herseqovina da müharibədən əziyyət çəkən ölkədir. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Ermənistan və Azərbaycanın deyil, regionun və bütövlükdə Avropanın inkişafına təkan verəcəkdir. Biz bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq və bu mövqeyimiz dəyişməyəcək".
Bojo Lyubiç onu da bildirdi ki, Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamə layihəsi hazırlayıb. Sənəddə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. Sənəddə həmçinin deyilir ki, Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir. Qətnamə layihəsi yaxın vaxtlarda Bosniya və Herseqovinanın Parlament Məclisində də müzakirəyə çıxarılacaq.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, təcrübə mübadiləsi, iqtisadi və biznes forumların keçirilməsi barədə fikir mübadiləsi aparıldı.
Görüşdə
Milli Məclis Sədrinin müavinləri və digər rəsmi
şəxslər iştirak edirdilər.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 6 fevral.- S.3.