Əli HƏSƏNOV: «Belə insanlara Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik»

 

"Minlərlə azərbaycanlını qətlə yetirən, Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımını törədən erməni gəncini bəşəri hisslərin müdafiəçisi kimi, öz millətinin nümayəndəsini isə cılız xislətli, qatil bir şəxs kimi təqdim etmək hansı əqidəyə sığar?"

APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında çıxışı zamanı Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Ə.Əylislinin əməlinə hər hansı şəkildə haqq qazandırmaq olmaz: "Belə insanlara Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik. Milli məsuliyyəti olmayan şəxsin bəşəri hisslərdən danışmağa haqqı yoxdur. Biz tolerant xalqıq. Əlbəttə, onu daş-qalaq etməməliyik. Çünki belələrini çox görmüşük. Orxan Pamuk bir cümləyə - "türklər "erməni soyqırımı"nı tanımalıdır" fikrinə görə öz millətinin qınağına çevrildi və tərki-vətən olundu. Səndən xalqın və millətin imtina edirsə, o mükafatı almağa dəyərmi? Bir insanın milli hissindən yüksək heç nə ola bilməz. Azərbaycana internet vasitəsilə meydan oxumaq istəyən neçə-neçə dırnaqarası jurnalistlər, yazıçılar, siyasətçilər, sizcə, Əkrəm Əylisliyə niyə belə münasibət sərgiləyirlər? Düşünürlər ki, bəlkə gələcəkdə hakimiyyətə gəlmək üçün bu fikirlərinə görə onlara kimsə kömək edəcək? Ayıb olsun belələrinə".

Ə.Həsənov bildirib ki, qurultayda çıxış edən türkiyəli dostlarından biri Dağlıq Qarabağ məsələsi və Xocalı faciəsində törədilən qətliam haqqında təsirli və cəsarətli fikirlər söyləyib. Hətta onlardan biri ön cəbhədə Azərbaycan əsgəri ilə döyüşməyə hazır olduğunu açıqlayıb: "Ancaq bu gün xalq yazıçısı adını daşıyan bir adam bəşəri hisslərin önündə getmək əvəzinə, Azərbaycan xalqına şər atır. Minlərlə şəhidin ruhunu tapdalayır".

Ə.Həsənov qeyd edib ki, bir insanın milli hissi yoxdursa, onda bəşəri hiss ola bilməz: "Bir şəxsdə vətəndaş məsuliyyəti kasaddırsa, onda bəşəri məsuliyyətin olması mümkün deyil. Başqa bir xalqa yarınmaq, özünü bəşəri hisslərin daşıyıcısı kimi göstərmək məqsədilə öz xalqına böhtan atmaq nə deməkdir? Bu gün həmin mənfur dövlətin mərkəzi şəhəri olan İrəvanda nə qədər türk, müsəlman yaşayıb. İrəvanın 90%-i azərbaycanlılar olub. Əsrin əvvəllərində bir fransız rəssamın çəkdiyi tabloya baxarkən orada çoxlu sayda məscidlərin olduğunu görmək olur. Bunların hamısı Azərbaycan məscidləri idi. Bu qədər məscidi olan bir şəhər nə zamandan orta əsr erməni torpağı ola bilərdi?"

 

 

Azərbaycan.-2013.- 6 fevral.- S.4.