Allahını danan millətini, torpağını satmağa qadirdir

 

Necə ki bunu Əkrəm Əylisli etdi

 

 Azərbaycan xalqı vətəninə, torpağına xəyanət edənlərə, tarıxini, dilini, dinini, adət-ənənəsini satanlara, nəslinin-kökünün adına ləkə yaxanlara qarşı həmişə dözümsüz olubdur. "Qınından çıxıb qınını bəyənməyənlər", millətinə yuxarıdan aşağıya baxanlar xalqın nifrətini qazandıqları üçün həmişə lənətləniblər, satqın adlandırılıblar, insanların yaddaşında gərəksiz bir canlıya çevrilərək tez bir zamanda tarixin səhnəsindən silinib gediblər.

Əkrəm Əylisli də belə bir varlığa çevrildi və bu, gözlənilən idi. Çünki  o, xaraktercə sabit olmayan, axına qoşulub  gedən, heç kimi bəyənməyən, özünü hamıdan ağıllı, istedadlı bilib üstün tutan, fikirlərini, mövqeyini tez-tez dəyişən bir insandır.

Əkrəm Əylislini mən heç vaxt istedadlı yazıçı və sədaqətli vətəndas kimi qəbul etməmişəm. Ona görə ki, yaratdığı obrazların əksəriyyəti də onun özü kimi ziddiyyətlidir, dönükdür, cılızdır.

Yaddaqalan əsərləri, qəhrəmanları  yüksək istedada, güclü xarakterə malik olan sənətkarlar yarada bilərlər. Hüseyn Cavid, Səməd Vurğun, Cəfər Cabbarlı, Mir Cəlal, İsmayıl Şıxlı, İsa Hüseynov, Anar və başqa yazıçılarımız el-obasına, xalqına, torpağına bağlı olan əsl vətəndaşlar, həm də kişi xarakterli insanlar olduqları üçün onların yaratdıqları obrazlar da xarakterikdir, dəyərlidir. Bu sahədə Əkrəmin yeri görünmür və görünməyəcək.

Əkrəm Əylislini xarakterizə edən xüsusiyyətlər, onun əsərlərinə də hakimdir. Ona görə də qəhrəmanlarının çoxunun fikirləri, hərəkətləri müəmmalıdır, aydın və bəşəri deyil. Bu obrazlar milli dəyərləri səciyyələndirmək baxımından çox zəifdir, əksinə, bu dəyərləri alçaltmağa, aşağılamağa, məhv etməyə istiqamətləndiriliblər. Əsərlərindəki insanlar öz xeyirxah əməlləri, düşüncələri, fikirləri, sabaha inamları, torpağa, xalqa, vətənə sədaqətləri, tarixlərinə, dinlərinə hörmətləri ilə fərqlənməli olduqları halda, əksinə, avamlıqları, xəyalpərəst olmaları, öz dinlərini təhqir etmələri, adət-ənənələrinə xor baxmaları ilə daha çox yadda qalırlar.

Həmin surətlər bugünkü Əkrəm Əylislinin özüdür və onlar uzun illər yaşadıqları, qazandıqları mənfi xüsusiyyətləri, xasiyyətləri ümumiləşdirərək "Daş yuxular"da bir daha dünyaya gəliblər.

Əkrəm Əylisli xalqına, torpağına yuxarıdan aşağıya baxan, adət-ənənəsini bəyənməyən, çox vaxt azərbaycanlıları mədəniyyətsizlikdə təqsirləndirən bir yazıçı olmaqla bərabər, həm də Allahını danan, dininə hörmətsizlik edən insandır. Mən bu ifadələri işlətməklə onu təhqir etmək fikrində deyiləm və bunu özümə rəva bilmirəm. Əkrəmin özünün yazdığı ifadələr, dilə gətirdiyi sözlər onun Allaha necə bağlı olduğunu, hansı mühitdən qaynaqlandığını, müqəddəs bir varlığı necə qiymətləndirdiyini sübut edir. O, "Tənha narın nağılı" povestində yazır: "Atamın fıkrincə, Allah yer üzündə ən birinci oğraş idi" (Seçilmiş əsərləri səh.13).

Mən bu povesti gəncliyimdə oxumuş və Allahı təhqir edən yazıçı barədə uzun müddət düşünməli olmuşdum. Bu ifadələrin sovetlər dövrünün tələbindən, yazıçının o vaxtkı hakimiyyətə yarınmasından, allahsızlıq edib məşhurlaşmasından irəli gəldiyini götür-qoy etmişdim, bunun bir sovet yazıçısının atasının dilindən deyilməsini düşünsəm də, ancaq yenə Əkrəm Əylisliyə haqq qazandırmamışdım. Ona görə ki, psixoloji durumu qaydasında olmayan, ağılsız, dəli bir insan bu sözləri söyləyə bilər, ancaq özünü xalqının yazıçısı hesab edən bir müsəlmanın belə təhqiredici ifadələri qələmə alması mənim üçün qəbuledilməz idi.

Həmin vaxtdan Allahını danan bir yazıçını oxumağı özümə təhqir hesab etdim və bu gün də fikrimdən dönməmişəm.

Bu qənaətdəyəm ki, müqəddəs bir varlığı alçaldan yazıçı ən çirkin əməlləri işlətməyə, millətini, torpağını, dilini satmağa  qadirdir. Allahı  təhqir  etməklə  Əkrəm  Əylisli nəinki azərbaycanlıları, Türk dünyasını, bütün dünya müsəlmanlarını, Tanrıya iman aparan və səcdə edən hər bir insanı təhqir etdi. Bu, özünü müsəlman adlandıran bir Azərbaycan yazıçısına xas olan keyfıyyət deyil və ağlı olan kəs bu addımı atmaz.

Bəlkə Əkrəm Əylisli allahlıq iddiasındadır? Yoxsa Əkrəm Qurani-Kərimin bir nüsxəsini yandıran amerikalı keşişə qarşı müsəlman dünyasının necə ayağa qalxmasından, hansı fəlakətlərin törədilməsindən, müsəlmanların amerikalılara münasibətlərinin necə kəskinləşməsindən xəbərsizdir? Yox, bütün bunlardan yaxşı xəbərdardır və nə etmək istədiyini gözəl bilir. Niyyəti məxsus olduğu bir xalqı gözdən salmaqdır, azərbaycanlılara allahsızlıq damğası vurub dinsiz kimi bütün dünyada rüsvay etməkdir.

Əkrəm Əylislinin əksər əsərlərinin mövzusu kənd həyatından alınıb və çox təəssüflər olsun ki, bu məkanda yaşayan azərbaycanlıların əksəriyyəti guya avara, qarınqulu, əyyaş, dəli, key, xəyalpərəst kimi səciyyələndirilir, daha çox qəddarlıqları ilə fərqlənirlər. "Kür qırağının meşələri" povestində Qədir arvadını hədələyərək deyir: "Qız olsa zaxota atacağam, öldürəcəyəm, bələyində boğacağam" (səh.131).

Doğrudanmı Azərbaycan kişisi, ata belə qəddardır? Nəyə görə Qədir qız uşağı istəmir, onu zaxota atacağam deyir? Axı, öz övladını-körpəsini belə çirkaba atmaq, belə qəddarlıq biz azərbaycanlılara xas deyil. Əslində, biz ölməyə razı ola bilərik, ancaq çirkabdan, hətta donuzdan, itdən uzağıq. Odur ki, Qədir körpəsini zaxota atacağını deməz. Bunu Əkrəm dedizdirir.

Əkrəm Əylisli bu ştrixlərlə Azərbaycan ailəsini oxucuya vəhşi, mədəniyyətsiz, bala qatili kimi təqdim etməklə millətini alçaltmağa, qanmaz, düşüncəsiz kimi canlandırmaga çalışır. Canəli, Tovuz, Səfalı müəllim kimi surətlərin hərəkətləri buna bir daha əyani sübutdur.

Əkrəm Əylislinin əsərlərini təhlil etmək fikrində deyiləm və o artıq buna layiq deyil. Gətirdiyim iki nümunə yazıçının hansı məqsədlərə xidmət etdiyini, xalqını, dinini, Allahını necə sevdiyini səciyyələndirmək üçün kifayətdir. Buna görə  onun "Daş yuxular" romanını yazması o qədər də təəccüblü görünmür.

Axı yazıçını yaxından tanıyan, onun hərəkətlərini, yaradıcılığını, mövqeyini izləyən hər bir insan Əkrəm Əylislinin kim olduğunu, kimlərə xidmət etdiyini, hansı məqsədlər uğrunda mübarizə apardığını yaxşı bilməli idi.

Bu xalq yazıçısının bir şəhid ailəsinin qapısını açdığını, bir imkansızı sevindirdiyini, dara düşən bir inşana əl uzatdığını, dövlətin mövqeyındən çıxış etdiyini görən varmı? O, azərbaycanlıların ağrı-acılarına, faciələrinə biganə olub, şəxsi mənafeyi barədə daha çox düşünüb, həmişə ara qarışdırmağı üstün tutub, ən yaxın həmkarlarını, yazıçı dostlarını yersiz olaraq tənqid və təhqir etməkdən, onlar barəsində danos verməkdən çəkinməyib.

Milli Məclisin deputatı olduğu beş il ərzində ölkədə baş verən hadisələrə, Xocalı soyqırımına, 20 Yanvar faciəsinə, siyasi-iqtisadi dəyişikliklərə lazimi münasibət bildirməməsi, taleyüklü məsələlərin müzakirələrində çox vaxt zalı tərk etməsi, seçicilərini saymaması, deputat səlahiyyətlərinin sona yetməsinə az qalmış parlamentin ünvanına təhqiramiz ifadələr işlətməsi Əkrəm Əylislinin necə yazıçı və vətəndaş olduğunu aydın göstərir.

Bir vaxtlar Əylisi dünyanın ən cənnət guşəsi adlandıran, ancaq bu gün onu ermənilərin qədim yaşayış məskəni, kəndi kimi qələmə verən, azərbaycanlıların qətlində, öldürülməsində, yandırılmasında bilavasitə iştirak edən Aniko kimi erməni qadınlarını nəcib ana kimi tərifləyib qarşılarında baş əyən, "türklər, azərbaycanlılar tərəfindən öldürülən hər erməniyə bir şam yandırılsa işığı aya çatar" deyən, azərbaycanlılari, türkləri ermənilərin ayağına verib qəddar adlandıran, ermənini məzlum, fagır, daha qədim tarixə, mədəniyyətə malik, nəcib, xeyirxah, canıyanan bir xalq kimi tərənnüm edən, son illərin təcavüzkarlıq hadisələrində sui-qəsdlərdə, soyqırımlarda daha çox azərbaycanlıları günahlandıran, Xocalı, Qaradağlı soyqırımlarını, diri-diri basdırılanlarımızı, yandırılanlarımızı, gözləri çıxarılanlarımızı, min bir müsibətlərə düçar olanlarımızı dilə gətirməyən, ancaq ermənilərin taleyinə yas tutub onların halına acıyan, hüquqlarının müdafiəsinə qalxan, hər bir cümləsi ilə türklərin, azərbaycanlıların heysiyyətinə toxunan, mənəviyyatını alçaldan Əkrəm Əylisliyə bir ad vermək olar - satqın!

"Daş yuxular" romanı sırf siyasi mahiyyət daşıyan bir "əsər"dir. Azərbaycan reallıqlarını əks etdirməyən bu "əsər" erməni ideologiyasına köklənib və ermənilərin mənafeyinə xidmət edir. Tarixi faktların təhrif olunması bir yana, ermənilər tərəfindən törədilən hadisələrin, faciələrin azərbaycanlıların adına yazılması xalqımıza olan düşmən münasibətin ifadəsidir. Əkrəm Əylisli öz əsəri ilə bu düşmənçiliyi qatil ermənilərdən daha çox büruzə vermişdir.

Qarabağda, İrəvanda, Bakıda, Şamaxıda, Qubada törədilən erməni vəhşilikləri, Xocalı, Qaradağlı soyqırımları, ermənilər tərəfindən əsrlər boyu türklərə, azərbaycanlılara edilən zülmləri Əkrəm Əylisli eşitsə də, gözləri ilə görsə də, şahidi olsa da, bunlar haqqında yazmır, hansısa özü kimi allahsızın dilindən eşitdiklərini qələmə alıb Əylisdə guya ermənilərin kütləvi soyqırıma məruz qaldığını xatırladır, ermənilərə qarşı ədalətsizliklərin olduğunu bildirir, onların halına acıyır, sanki göz yaşı tökür, nahaq qanların yerdə qalmasından təəssüf hissi keçirir.

Çox qəribədir ki, o, əylislili ermənilərin halına yandığı halda, həmkəndlilərini vəhşi, zalım, key, ağılsız, lağ-lağı kimi təsvir edir, "axsaq", "keçəl", "mırıq" adlandıraraq dolayır, aşağılayır, kəndin, kənd sakinlərinin adına şərəfsizlik gətirir.

Nə üçün Əkrəm Əylisli erməni daşnaklarının türklərin, azərbaycanlıların başına açdığı oyunları, qətilləri, ermənilərin iri dəmir borulara doldurub qaynaq edərək öldürdükləri körpələri süngü ilə doğranılan hamilə qadınları, diri-diri gözləri, dişləri çıxarılan, başları kəsilən insanları, Andranikin vəhşiliklərini xatırlamır, əksinə, Ermənistandan qovulan qaçqınlara rişxəndlə gülüb onları "Ermənistandan gələn it uşaqları" adlandırır, qatı ermənipərəst mövqə tutaraq ermənilərə törətdikləri vəhşiliklərə görə haqq qazandırır.

Axı yazıçı erməni faşistlərinin vəhşiliklərindən yaxşı xəbərdardır. Qaçqınların yurd-yuvalarından öz xoşlarına deyil, öldürülərək, asılaraq, incidilərək çıxarıldığını, onların illərlə çadır şəhərciklərində min bir əzab-əziyyətə qatlaşdıqlarını yaxşı bilir. Onda hansı haqla Əkrəm Əylisli qaçqınları qınayır, onları təhqir edir, başı bəlalar çəkən bu insanların heysiyyətinə toxunur, onları lağa qoyur?

Azərbaycan xalqının adına qara yaxmaq, milli maraqlarımıza, haqlı mövqeyimizə zərbə vurmaq haqqını Əkrəm Əylisliyə kim verib? Adını azərbaycanlı, yazıçı qoyan bir insana belə nankor mövqedə durmaq yaraşarmı?

Əkrəm Əylisli gənc olsaydı, dünyanın yaxşısını-yamanını, son yetmiş ildə baş verən hadisələri öz gözləri ilə görməsəydi, müəyyən qaydada onun səhvlərinin təcrübəsizlikdən, başa düşməməzlikdən irəli gəldiyini söyləmək olardı. Ancaq ahıl yaşında olan bir yazıçının, özü də hadisələrin içində olan bir insanın öz xalqının şərəfini, ləyaqətini belə alçaltması, tarixi faktları saxtalaşdıraraq olmamış hadisələrə yalan don geydirib onu azərbaycanlıların, türklərin adına yazması qəbuledilməzdir və ən böyük xəyanətdir.

Damarlarında azərbaycanlı qanı axan heç bir kəs bu yolu tutmaz, öz xalqını bu qədər aşağılayıb, düşmənə isə haqq qazandırmaz. Əlbəttə, bu xəyanət bir-iki ilin nifrətinin, qəzəbinin bəhrəsi deyil. Görünür ki, Əkrəm Əylisli Azərbaycan xalqına qəzəbini, kinini, nifrətini, ermənilərə olan sonsuz məhəbbətini uzun illər qəlbində yaşatmış, böyütmüş, dünyadan qəfil köçəcəyindən qorxaraq onu ahıl yaşında qələmə alıb çap etdirmək qərarına gəlmişdir.

İstedadından, xidmətlərindən artıq qiymətləndirilən, dövlət tərəfindən daim dəstək alan, ən yüksək ada və təltiflərə layiq görülən Əkrəm Əylislini belə yaramaz əməllərə sövq edən nədir sualını kim mənə versə belə cavablandırardım: Allaha oğraş deyəndən  və satqından hər bir əməli gözləmək olar!

Allahsızın və satqının vətəni, dini, xalqı, torpağı olmur. Belə insanları bağışlamaq olmaz. Azərbaycan xalqı, Türk dünyası da Əkrəm Əylislini bağışlayan deyil. Bəs Allah necə, onu təhqir edən bir canlını bağışlayacaqmı?

Bu, Allahın öz işidir.

 

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2013.- 6 fevral.- S.4.