Nankorluğun nümunəsi

 

Əkrəm Əylislinin "Drujba narodov" jurnalında dərc edilən "Daş yuxular" adlı əsəri bütün Azərbaycan ictimaiyyəti tərəfindən dərin hiddət və təəssüflə qarşılanıb.

Ziyalılar, siyasətçilər, yaradıcı insanlar, ictimai və siyasi təşkilatlar bu barədə açıqlamalarında Ə.Əylislinin  xalqımıza, Azərbaycanın milli maraqlarına mənəvi zərbə vurduğunu, onun əsərinin antiazərbaycançı dairələrin sifarişi ilə yazıldığını  bildirirlər.

Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin İdarə Heyəti də bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

Ə.Əylislinin bu günlərdə "Drujba narodov" ("Xalqlar dostluğu") jurnalında dərc olunmuş "Daş yuxular" romanı bütün vətənpərvər soydaşlarımız kimi, bizdə də təəssüf və hiddət doğurdu. Xalq yazıçısı fəxri adı, ali ordenlər almış bir Azərbaycan yazıçısının öz xalqına, millətinə qarşı hikkəli şəkildə böhtanlarla dolu belə bir roman yazması və tərcümə etdirərək başqa bir ölkənin jurnalında nəşr etdirməsi nankorluqdan, çörəyini yeyib, suyunu içdiyi, onu boya-başa çatdıran bir xalqa olan xəyanətindən başqa bir şey deyil. Torpaqlarımızın müdafiəsinə qalxmış Qarabağ şəhidlərinin axıdılan qanı qurumamış, ermənilərin Xocalıda törətdikləri dəhşətli vəhşiliklərin vurduğu yaralar qaysaqlanmamış Azərbaycan millətinə qarşı şantaj dolu belə bir  "roman"ın yazılması, əslində, müəllifin kim olmasından xəbər verir.

Ədəbiyyat həyatın güzgüsüdür. Fantastika və macəra janrlarından başqa hər bir ədəbi-bədii əsər həyat həqiqətlərinə söykənməlidir. Təəssüf ki, bu roman həyat gerçəklikləri ilə heç bir bağlılığı olmayan, qərəzli uydurmalardan başqa bir şey deyildir.

 

 

Azərbaycan.-2013.- 6 fevral.- S.4.