Ümumrusiya Azərbaycan Konqresi
Mərkəzi Şurasının
iclası keçirilmişdir
Fevralın
5-də Moskvanın "Prezident" hotelində Ümumrusiya
Azərbaycan Konqresi (ÜAK) Mərkəzi Şurasının
növbədənkənar iclası keçirilmişdir.
İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya
nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva
iştirak etmişdir.
Tədbirdən
əvvəl ÜAK Rəyasət Heyətinin üzvləri -
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad
Bülbüloğlu, Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva, Azərbaycanın Sankt-Peterburqdakı baş
konsulu Qüdsi Osmanov, İTAR-TASS Agentliyi baş direktorunun
birinci müavini Mixail Qusman və Rusiyadakı Azərbaycan
diasporunun nümayəndələrinin iştirakı ilə
görüş keçirilmişdir. Görüşdə bir
sıra əhəmiyyətli məsələlər müzakirə
olunmuşdur.
Sonra
geniş tərkibdə keçirilən iclası
ÜAK-nın prezidenti, akademik Məmməd Əliyev
açaraq Azərbaycan diasporunun nümayəndələrini
salamlamışdır.
Azərbaycan
və Rusiyanın dövlət himnləri səslənmiş,
ÜAK-nın 2012-ci ildə fəaliyyətini əks etdirən
film nümayiş olunmuşdur.
Ümumrusiya
Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev konqresin Rəyasət
Heyətinin iclasında ÜAK-nın növbədənkənar
qurultayının keçirilməsi məsələsinin
müzakirə edildiyini söyləmişdir. O, konqresin 2011-ci
ildə keçirilən III qurultayında qəbul olunan
nizamnaməsinin Rusiya Federasiyası Ədliyyə Nazirliyində
qeydiyyatdan keçməməsi, konqresin qeyri-qanuni fəaliyyət
göstərməsi barədə fikirlərə
aydınlıq gətirmişdir. Tədbirdə Rusiya
Federasiyası Ədliyyə Nazirliyinin nümayəndəsi nazirliyin
Ümumrusiya Azərbaycan Konqresinin sorğusuna əsasən təqdim
etdiyi konqresin ictimai təşkilat olaraq yeni qurultay
çağırılanadək 2006-cı ildə keçirilən
qurultayın nizamnaməsinə əsasən fəaliyyət
göstərdiyini təsdiq edən sənədin mətnini
oxumuşdur.
ÜAK-nın
prezidenti Azərbaycan Respublikasının Sankt-Peterburqdakı
baş konsulu Qüdsi Osmanova konqresin aparatının
icraçı direktor vəzifəsinin təklif olunduğunu
diqqətə çatdırmışdır. Qüdsi Osmanov
bu təklifə münasibətini bildirərək demişdir
ki, Rusiyanın Azərbaycan
diasporu ilə işləmək böyük şərəfdir.
O vurğulamışdır ki, fəxri və baş konsul
işlədiyi müddətdə Rusiyanın 60-dan çox
regionuna səfərləri zamanı Azərbaycan diasporunun fəal
üzvləri ilə mütəmadi görüşlər
keçirmişdir və diaspor təşkilatlarının rəhbərləri
ilə dostluq münasibətləri vardır. Q.Osmanov
hazırda baş konsul vəzifəsində
çalışdığını və təkliflə
bağlı müvafiq qərarın məsləhətləşmələrdən
sonra veriləcəyini bildirmişdir.
Daha
sonra konqresin İcra Aparatının rəhbəri Nemət
Nağdəliyev hesabat məruzəsi ilə
çıxış etmişdir. O, 2011-ci ilin iyununda
keçirilmiş sonuncu qurultaydan sonra konqresin
gördüyü işlərdən danışmış və
qarşıya qoyulan bir sıra layihələrin həyata
keçirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, ötən
dövr ərzində ÜAK real qüvvəyə malik böyük
və nüfuzlu ictimai təşkilata çevrilmişdir.
Konqres Rusiyanın ictimai həyatında fəal iştirak edir,
dövlət qurumları və ictimai təşkilatlarla
yaxşı əlaqələr qurmuş, həmvətənlərimizin
milli özgürlüyünü, dilini, mədəniyyətini
və ənənələrini qoruyub saxlamasına kömək
etmişdir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin ÜAK-nın yaradılmasında və Rusiyada
yaşayan soydaşlarımız üçün ümumi evə
çevrilməsində rolunu xüsusi
vurğulamışdır.
Ümumrusiya
Azərbaycan Konqresinin regional bölmələrinin rəhbərləri
ötən dövr ərzində görülən işlərdən,
qarşıda duran vacib vəzifələrdən
danışmışlar. Qeyd olunmuşdur ki, regionlarda konqresin
işinin təkmilləşdirilməsi üçün bundan
sonra da müvafiq addımlar atılacaqdır.
Sonda
ÜAK-nın 2013-cü il üçün nəzərdə
tutulmuş tədbirlər planı müzakirə
olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının
90-cı ildönümü ilə əlaqədar kompleks tədbirlərin
təşkili prioritet məsələlər
sırasındadır. Ötən il ÜAK Heydər Əliyev
adına mükafat təsis etmişdir. Bu yüksək
mükafat Rusiyanın ölkələrimiz arasında dostluq
münasibətlərinin inkişafında xidmətləri olan
nüfuzlu şəxslərinə təqdim ediləcəkdir.
Çıxışlardan
sonra Məmməd Əliyev iclasa yekun vurmuş, təşkilatın
fəaliyyətini bütövlükdə müsbət qiymətləndirmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 6 fevral.- S.6.