Azərbaycanın Rusiyadakı səfirinə Rusiya Elmi-Sənaye Neft və Qaz Akademiyasının akademiki diplomu təqdim edilmişdir

 

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğluna Rusiya Elmi-Sənaye Neft və Qaz Akademiyasının akademiki diplomu təqdim edilmişdir.

Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən təqdimat mərasimində Elmi-Sənaye Neft və Qaz Akademiyasının prezidenti Arkadi Zaxarov Azərbaycan neft sənayesinin keçdiyi böyük inkişaf yolundan danışmış, ölkəmizin neft və qaz sənayesi sahəsində mükəmməl kadrların yetişdirilməsində rolunu vurğulamışdır. A.Zaxarov demişdir ki, Azərbaycanın neft mütəxəssisləri Rusiyanın energetika sənayesinin inkişafına əsaslı töhfələr vermişlər.

Akademiyanın rəhbəri bu yaxınlarda nəşr edilmiş "Rusiya neft və qaz ensiklopedik albomu: tarix şəxsiyyətlərin və əməllərin izi ilə" nəşrini səfirə təqdim etmiş, kitabın hazırlanmasında və zənginləşdirilməsində dəstəyə görə Azərbaycanının Rusiyadakı səfirliyinə təşəkkürünü bildirmişdir. Qeyd olunmuşdur ki, ensiklopediyaya neft sənayesi sahəsində böyük xidmətləri olan 219 azərbaycanlının adı daxil edilmişdir. A.Zaxarov demişdir ki, ensiklopediyanın ikinci və üçüncü cildləri də nəşrə hazırlanır. Polad Bülbüloğlu növbəti nəşrlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin neft strategiyasından ətraflı söhbət açmağı təklif etmişdir. Səfir vurğulamışdır ki, o dövrdə belə bir strategiyanı həyata keçirmək böyük cəsarət tələb edirdi. Bu strategiya Azərbaycanın gələcək inkişafının təməlini qoymuşdur.

Sonda A.Zaxarov Rusiya Elmi-Sənaye Neft və Qaz Akademiyasının həqiqi üzvü - akademiki diplomunu səfir Polad Bülbüloğluna təqdim etmişdir.

 

 

Azərbaycan.-2013.- 6 fevral.- S.6.