Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğuladı. Xorvatiya Prezidentinin Azərbaycana və özünün Xorvatiyaya rəsmi səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və müdafiə sahələrində daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi. Dövlət başçısı Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.

Müdafiə naziri Ante Kotromanoviç Xorvatiya Prezidenti İvo Yosipoviçin salamlarını dövlət başçısına  çatdırdı. Xalqlarımızın oxşar tarixə malik olduğunu və ölkələrimizi sıx dostluq tellərinin bağladığını qeyd edən nazir ikitərəfli münasibətlərimizin müsbət istiqamətdə inkişaf etdiyini dedi.

Dövlət başçısı Prezident İvo Yosipoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 7 fevral.- S.1.