Akademik Mirəsədulla Mirqasımovun
130 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2013-cü ilin noyabr ayında Azərbaycan
Respublikası Elmlər Akademiyasının ilk prezidenti,
tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah,
tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik
Mirəsədulla Mirələsgər oğlu Mirqasımovun
anadan olmasının 130 illiyi tamam olur.
Mirəsədulla
Mirqasımov Azərbaycanda müasir tibb elminin və ali tibb təhsilinin
əsasını yaradanlardan biri olaraq özünün məktəbini
formalaşdırmış, respublika Elmlər
Akademiyasının prezidenti kimi elmin təşkili işinə
dəyərli töhfələr vermişdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq ölkəmizdə elmin inkişafında və
onun nailiyyətlərinin tanıdılmasında, eləcə
də yüksəkixtisaslı elmi-pedaqoji kadrların
hazırlanmasında mühüm xidmətləri olan akademik
Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi və Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə birlikdə akademik Mirəsədulla
Mirqasımovun 130 illik yubileyinə həsr olunmuş tədbirlər
planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 fevral
2013-cü il
Azərbaycan.-2013.- 7 fevral.- S.1.