«Elektron hökumət»
portalı haqqında Əsasnamə»nin təsdiq edilməsi və elektron xidmətlərin
genişləndirilməsi ilə bağlı tədbirlər
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət
orqanlarının elektron xidmətlərindən "bir pəncərə"
prinsipi əsasında istifadənin təşkili
üçün "elektron hökumət"
portalının təkmilləşdirilməsi, elektron xidmətlərin
təşkili sahəsində görülən işlərin
səmərəliliyinin artırılması, dövlət
orqanlarının elektron xidmətlərindən geniş
istifadə edilməsi məqsədi ilə, "Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il
23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq qərara
alıram:
1.
"Elektron hökumət" portalı haqqında Əsasnamə"
təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
2.1.
iki ay müddətində Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin razılaşdırılmış təkliflərini
nəzərə alaraq "2013-2015-ci illərdə dövlət
orqanlarında elektron xidmətlərin genişləndirilməsi
və "elektron hökumət"in inkişafına dair
Dövlət Proqramı"nın layihəsini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.2.
iki ay müddətində dövlət informasiya sistemlərinin
və ehtiyatlarının yaradılmasının və idarə
edilməsinin tənzimlənməsi barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.3.
iki ay müddətində "Elektron hökumət"
portalına qoşulmalı olan informasiya sistemlərinin və
ehtiyatlarının siyahısını və informasiya sistemlərinin
və ehtiyatlarının, elektron xidmətlərin portala
qoşulması üçün texniki tələbləri Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq
etsin;
2.4.
iki ay müddətində Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.5.
iki ay müddətində Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.6.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.7.
bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
4. Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi:
4.1.
"Elektron hökumət" portalının fəaliyyətinin
təşkili və ondan səmərəli istifadənin təmin
edilməsi üçün zəruri tədbirlər
görsün;
4.2.
dövlət orqanlarının elektron xidmətlərinin
"Elektron hökumət" portalına
qoşulmasını təmin etsin.
5. Mərkəzi
icra hakimiyyəti orqanları:
5.1.
elektron xidmətlərin təşkilini sürətləndirsinlər
və onların "Elektron hökumət" portalına
qoşulması üçün zəruri tədbirlər
görsünlər;
5.2.
informasiya sistemləri və ehtiyatları arasında informasiya
mübadiləsinin səmərəli təşkili məqsədi
ilə sərəncamlarında olan informasiya sistemlərində
və ehtiyatlarında fərdi identifikasiya nömrəsinin tətbiqini
təmin etsinlər.
6. Azərbaycan
Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyi:
6.1.
dövlət orqanlarının "Elektron hökumət"
portalına qoşulması üçün onları zəruri
telekommunikasiya kanalları ilə təmin etsin;
6.2.
"Elektron hökumət" portalının təhlükəsizliyinin
təmin edilməsi üçün müvafiq tədbirlər
görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 fevral
2013-cü il
Azərbaycan.-2013.- 7 fevral.- S.2.