Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusu əsasında "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.

Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.

Mənzil fondunun özəlləşdirilməsi zamanı mülkiyyətçi və onun ailə üzvləri arasında yaranmış qarşılıqlı hüquq və vəzifələrin, o cümlədən özəlləşdirilmiş mənzil üzrə əqdlərin bağlanması zamanı mülkiyyətçinin və onunla birlikdə yaşayan ailə üzvlərinin hüquqi vəziyyətinin bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

Azərbaycan.-2013.- 7 fevral.- S.2.