Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası IV qurultayı nümayəndələrinin Azərbaycanda fəaliyyət
göstərən qeyri-hökumət təşkilatlarına
müraciəti
Bu
gün Azərbaycan öz tarixinin taleyüklü mühüm
dövrünü yaşayır. Müstəqilliyimizin son 10
ili ərzində Prezident İlham Əliyevin rəhbərliyi
ilə respublikamızın iqtisadi, siyasi, sosial inkişafı,
vətəndaş cəmiyyəti quruculuğu sahəsində
qazandığı nailiyyətlər ölkəmizin tərəqqi
yolunda davamlı irəliləməsi və dünya birliyində
öz yerini daha da möhkəmləndirməsi üçün
geniş imkanlar açıb.
Azərbaycan
iqtisadi yüksəliş tempinə görə bir çox
qabaqcıl ölkələri belə geridə qoyur.
İnsanların sosial rifahı gündən-günə
yaxşılaşır. Əmək haqları, müavinətlər
və təqaüdlər mütəmadi olaraq
artırılır. Təsadüfi deyil ki, son 10 ildə Azərbaycanda
əhalinin yoxsulluq həddi 49 faizdən 6 faizə
düşüb.
Dövlətimiz
beynəlxalq arenada da çox çevik və səmərəli
xarici siyasət yürüdür. Respublikamızın
dostları və tərəfdaşlarının sırası
ardıcıl surətdə genişlənir. Biz bunu Azərbaycanın
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi prosesində də
müşahidə etdik. 193 ölkədən 155-i dövlətimizin
namizədliyini dəstəklədi. Biz fəxr edirik ki,
hazırda ölkəmiz qloballaşan dünyanı
düşündürən bir sıra vacib siyasi, iqtisadi və
humanitar məsələlərin müzakirə məkanına
çevrilib.
Beynəlxalq
aləmdə ölkəmizin nüfuzuna şahidlik edən
çoxsaylı başqa faktları da qeyd edə bilərik.
Bakıda keçirilmiş "Eurovision-2012" musiqi
müsabiqəsinin yüksək, orijinal təşkili bu sahədə
uzun illərin təcrübəsinə malik Avropanı da,
yaxşı mənada heyrətləndirmişdi. 2015-ci ildə
birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi
barədə qərarın qəbul edilməsi Azərbaycanın
istər qitə, istərsə də dünya miqyasında
qazandığı etimadın və oynadığı rolun
daha bir parlaq göstəricisidir.
Bu
günlərdə İsveçrədə keçirilən
43-cü Davos Ümumdünya İqtisadi Forumunu hamımız
yaxşı xatırlayırıq. Forum rəhbərlərinin
bu nüfuzlu iqtisadi tədbirin növbəti iclasının
Bakıda keçirilməsi barədə qərarı da cəmiyyətimizdə
yüksək nikbinlik doğurdu və ölkəmizin hər
bir vətəndaşının ürəyini iftixarla doldurdu.
Aprel ayında paytaxtımızda baş tutacaq bu irimiqyaslı
mötəbər forumun təşkili haqqında qərar və
ötən illərdə ölkəmizdə çoxsaylı
başqa beynəlxalq tədbirlərin uğurla keçirilməsi
ümummilli liderimiz Heydər Əliyevin siyasi varisi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin
əməyinin, xalqımızın maraqlarına söykənən
məqsədyönlü siyasi xəttinin məntiqi nəticəsi
kimi qiymətləndirilməlidir.
Prezident
İlham Əliyev hər bir görüşündə Azərbaycan
həqiqətlərini tutarlı faktlarla yaxın və uzaq
dövlətlərin başçılarının, beynəlxalq
təşkilatların rəhbərlərinin diqqətinə
çatdırır. Cənab Prezidentin sözlərinin
arxasında əməli iş durur. Bunu dünya ictimaiyyəti
də görür və təqdir edir.
Bugünkü
narahat dünyada bir sıra ölkələrdən fərqli
olaraq respublikamızda ictimai-siyasi və iqtisadi sabitlik hökm
sürür, korrupsiyaya və digər neqativ hallara
qarşı kəskin mübarizə aparılır, vətəndaş
hüquq və azadlıqları yüksək səviyyədə
təmin olunur.
Azərbaycan
hazırda elə inkişaf mərhələsinə qədəm
qoymuşdur ki, ölkədə siyasi mübarizə yalnız
sivil, demokratik forma və metodlarla aparıla bilər. Bunun isə
xalqımızın mənafelərinə uyğun olan ən məqbul
yolu dialoqdan, real şüarların və daha cəlbedici
sosial-iqtisadi proqramların irəli sürülməsindən
ibarətdir. Dövlətin uzunmüddətli inkişaf məqsədlərinə
etinasızlıq göstərən məsuliyyətsiz, ifrat
radikalizm və "inqilabi" ritorika yeniləşən
ictimai-siyasi prioritetlərə yad olmaqla, cəmiyyətimizin
geniş təbəqələrinin mənafeyi və ölkəmizin
perspektiv inkişaf hədəfləri ilə uzlaşmır.
Azərbaycanda
vətəndaş cəmiyyəti quruculuğu son illərdə
özünün yeni, daha mükəmməl mərhələsinə
qədəm qoymuşdur. Cəmiyyətdə gedən proseslərdə
ictimai qurumların, qeyri-hökumət təşkilatlarının
iştirakı və ona təsir imkanları xeyli
artmışdır. Ölkəmizdə demokratiyanın
genişlənməsi, ictimai təşkilatların fəallığının
yüksəlməsi dövlətimizin də maraqlarına
uyğundur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin
təşəbbüsü və sərəncamı ilə
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası yaradılıb. Bu şuranın vasitəsilə
hər il qeyri-hökumət təşkilatlarına
böyük maliyyə vəsaiti ayrılır və
çoxsaylı layihələrin həyata keçirilməsinə
dəstək verilir.
Biz,
AHİK-in IV qurultayının nümayəndələri
ölkəmizin son illərdə ictimai-siyasi və
sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri
yüksək qiymətləndirərək və cəmiyyətimizin
mənafelərini aydın ifadə edən inkişaf perspektivlərini
nəzərə alaraq cənab İlham Əliyevin 2013-cü
il prezident seçkilərində namizədliyini irəli sürmək
barədə qərar qəbul etdik. Azərbaycanda demokratik cəmiyyətin
ayrılmaz tərkib hissəsi olaraq respublikamızın ictimai
və mədəni həyatına öz töhfəsini verən
bütün qeyri-hökumət təşkilatlarını
ölkəmizin sosial-iqtisadi tərəqqisi və vətəndaş
cəmiyyətinin daha da möhkəmlənməsi naminə bu
təşəbbüsümüzü dəstəkləməyə
çağırırıq.
AHİK-in IV qurultayının
nümayəndələri
5 fevral 2013-cü il
Azərbaycan.-2013.- 7 fevral.- S.3.