Xarici işlər nazirlərinin Romada «BMT Təhlükəsizlik Şurası islahatına yeni yanaşmalar» mövzusunda konfransı keçirilmişdir

 

Romada İtaliyanın və İspaniyanın birgə sədrliyi ilə "BMT Təhlükəsizlik Şurası islahatına yeni yanaşmalar" mövzusunda xarici işlər nazirlərinin konfransı keçirilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dünyanın 70 ölkəsindən nümayəndələrin iştirakı ilə keçirilmiş konfransda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil etmişdir.

İtaliya hökumətinin təşəbbüsü ilə artıq üçüncü dəfə keçirilən konfransın məqsədi BMT-nin Təhlükəsizlik Şurasının islahatı mövzusunda dünyanın müxtəlif bölgələrindən olan təşkilata üzv dövlətlər arasında siyasi dialoqu yaratmaqdır. Təşkilatın mövcud strukturu artıq müasir dövrün reallığını əks etdirmir. Bununla yanaşı, yeni üzvlərin sayı, onların coğrafi bölgüsü və "veto" hüququ barədə kifayət qədər ziddiyyətli fikirlər vardır.

Konfransda İtaliyanın xarici işlər naziri Culio Tertsi və İspaniyanın xarici əlaqələr üzrə dövlət katibi Gonzalo de Benito Secades çıxış etmişlər.

Nazir E.Məmmədyarov konfransda çıxış edərək bildirmişdir ki, BMT-nin Nizamnaməsinə əsasən, qurumun Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün məsuliyyət daşıyan başlıca orqandır və bu istiqamətdə mühüm töhfələr vermişdir. Vurğulanmışdır ki, müasir dövrün çoxtərəfli çağırışlarına və təhlükələrinə cavab vermək üçün BMT-nin bütöv sisteminin, xüsusilə Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı vardır. Təhlükəsizlik Şurasının səmərəliliyinin artırılması üçün onun qəbul etdiyi qərarlara, xüsusilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına yönəlmiş qətnamələrə BMT-nin üzvü olan dövlətlər tərəfindən qeyd-şərtsiz əməl olunması vacibdir.

Konfrans çərçivəsində E.Məmmədyarov albaniyalı həmkarı Edmond Panariti ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında münasibətlər və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

E.Panariti azərbaycanlı həmkarını Albaniyaya səfərə dəvət etmişdir.

Konfransdan sonra E.Məmmədyarov Romanın Villa Borqeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət etmiş və önünə əklil qoymuşdur.

 

 

Azərbaycan.-2013.- 7 fevral.- S.3.